BAKI, 9 yanvar - Sputnik. KTMT Kollektiv Təhlükəsizlik Şurasının yanvarın 10-na təyin edilmiş fövqəladə sessiyasının yekunlarına əsasən hər hansı sənədin qəbulu hazırda planlaşdırılmır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib.
“Hələ yox” deyən agentliyin həmsöhbəti müvafiq sualı cavablandırıb.
Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, beş dövlətin rəhbərliyinin iştirakı ilə KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciəti əsasında çağırılıb.
Gündəlikdə bir məsələ var - “Qazaxıstan Respublikasında vəziyyət və onun normallaşdırılması tədbirləri haqqında”.
İclas videokonfrans vasitəsilə Ermənistanın sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, yanvarın 5-də gecə saatlarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib.
Bu barədə Şuranın sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində məlumat verib.
"Qazaxıstan Respublikasının Prezidenti Tokayevin müraciəti ilə əlaqədar, Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb", - Paşinyan yazıb.
KTMT kontingentinin tərkibinə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin birləşmələri daxildir.
Rusiya Hava Kosmik Qüvvələrinə məxsus Hərbi-Nəqliyyat Aviasiyasının təyyarələri vasitəsilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin Rusiyadan olan heyəti Qazaxıstana göndərilib.
Qazaxıstanda KTMT sülhməramlıları dövlət və hərbi obyektləri mühafizə edəcək, yerli hüquq-mühafizə orqanlarına vəziyyətin sabitləşdirilməsində kömək edəcəklər.
Həmçinin oxuyun: