BAKI, 8 yanvar — Sputnik. Bu il Qarabağın minalardan təmizlənməsi üçün görüləcək işlər açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov açıqlamasında bildirib, qeyd edib ki, ötən il 239 nəfər yeni müdavim təlim və akkreditasiyadan keçərək, əməliyyatlara cəlb olunub:
"Bu il üzrə də sahə işçi heyətinin sayının artırılması nəzərdə tutulub və inanırıq ki, daha böyük miqyasda ərazilərin təmizlənmisinin öhdəsindən gələcəyik. Maddi-texniki bazanın genişləndirilməsi istiqamətində xüsusi təyinatlı minatəmizləmə maşınları, maqnetik-lokator və detektorlar, minaaxtaranın alət çantası, həmçinin qoruyucu geyim dəstlərinin sayı artırılıb".
Onun sözlərinə görə, ötən il imzalanan müqavilələrə əsasən bu il də Azərbaycana əlavə texnika və avadanlıqların gətirilməsi planlaşdırılır:
"Marşal İrsi İnstitutu (MLİ) ilə memorandum imzalandı, 2023-cü ilədək ANAMA-ya 30 baş minaaxtaran itin təhvil verilməsi nəzərdə tutulub. Bunlardan 20 baş minaaxtaran it artıq Agentliyə göndərilib. Xüsusi təlim keçən itlərin 12-si ANAMA-nın maliyyəsi, 18-i isə fərdi donorların ianəsi hesabına alınıb. Növbəti illərdə mövcud olan əməkdaşlığın davam etdirilməsi və yeni itlərin gətirilməsi gözlənilir".
Həmçinin oxuyun:
Ağıllı kənd və Azərbaycan: Bu bölgədə əkin sahələri xəritələşdirildi