BAKI, 5 yanvar - Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Tokayev bildirib ki, bu gündən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək*.
O qeyd edib ki, Qazaxıstan paytaxtında, xalqın yanında qalacaq.
Tokayev etiraz aksiyaları fonunda yaxın müddətdə yeni təkliflər paketi ilə çıxış edəcəyini bildirib.
Qazaxıstan Prezidentinin sözlərinə görə, qarşıdurmalar nəticəsində Qazaxıstanda hüquq-mühafizə orqanlarının əməkdaşları öldürülüb.
Tokayev bəyan edib ki, bu gündən etibarən hökumət etirazlar zamanı qanun pozanlara qarşı maksimal dərəcədə sərt davranacaq.
Qazaxıstan Prezidenti qeyd edib ki, xuliqanlıq edən elementlərin yüksək səviyyədə mütəşəkkilliyi diqqət çəkir.
O, həmçinin vurğulayıb ki, "maliyyə cəhətdən motivasiya olunmuş" sui-qəsdçilər planı xırda detallarına qədər işləyib hazırlayıblar.
Tokayev xalqın onu dəstəkləyəcəyinə əmin olduğunu bildirib.
Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.
Fərmana əsasən, Nur-Sultan şəhərində fövqəladə vəziyyət yanvarın 5-dən 19-na kimi qüvvədə olacaq.
Xatırladaq ki, Kasım-Jomart Tokayev daha əvvəl Almatı şəhəri və Manqistau vilayətində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi ilə bağlı fərman imzalayıb.
Həmçinin bildirək ki, Qazaxıstan saytlarına xarici ölkələrdən giriş məhdudlaşdırılıb. Məlumat verilir ki, internet kəsilib.
* Qırğızıstanın Təhlükəsizlik Şurasına induiyədək ölkənin ilk prezidenti olmuş Nursultan Nazarbayev rəhbərlik edirdi. Tokayevin bugünkü müraciəti ilə Nazarbayev 1995-ci ildən icra etdiyi bu vəzifəsindən məhrum olunmuş sayılır.
Eləcə də oxuyun:
* Qazaxıstanda qaz narazılığı: etiraz meydanından fotolar