CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səkkiz nəfər dönərdən niyə zəhərləndi? - Analizlərin cavabı

Dönərdən zəhərlənmə ilə bağlı araşdırmanın nəticəsi açıqlandı.
Sputnik
BAKI, 30 dekabr — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sputnik Azərbaycan-a "Dönər market"də baş vermiş zəhərlənmənin səbəblərini açıqlayıb.
Məlumatda bildirilir:
"2021-ci il 12 dekabr tarixində Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli, 104 ünvanında yerləşən, fiziki şəxs Allahverdiyev Davud Kərim oğluna məxsus "Dönər market" ictimai iaşə müəssisəsində baş vermiş zəhərlənmə hadisəsi ilə bağlı aparılan yoxlamanın nəticələri tamamlanıb.
Bildirilir ki, baş vermiş hadisə ilə bağlı məlumat daxil olan kimi, dərhal Agentliyin mütəxəssisləri tərəfindən hadisənin başvermə səbəblərinin araşdırılması məqsədi ilə zərərçəkənlərdən və qeyd olunan ictimai iaşə müəssisəsindən zəruri məlumatlar toplanıb və nümunələr götürülərək AQTİ-nin müvafiq laboratoriyasına təqdim edilib.
Laborator müayinələr nəticəsində nümunələrdə bağırsaq çöpləri, proteus və klostridilər aşkar edilib. Yəni, məhsullar emal prosesində ikincili çirklənməyə məruz qalıb. İşçi heyət tərəfindən gigiyenik norma və qaydalara, dezinfeksiya rejiminə, həmçinin şəxsi gigiyena qaydalarına əməl olunmaması nəticəsində həm qida məhsullarında, həm də avadanlıqlarda bağırsaq mənşəli mikroflora olan bağırsaq çöpləri və proteus ilə çirklənmə baş vermişdir.
Bu fakt bir daha qida məhsullarının emalı zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmasının əhəmiyyətini göstərir. Qeyd olunan mikrofloranın qida məhsulları ilə orqanizmə daxil olması ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrı, halsızlıq, ishal və s. təzahürlərlə özünü göstərə bilər. Həmçinin aparılan araşdırmalar zamanı "Dönər market" ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərməsi aşkar olunub. Yoxlama zamanı müəssisədə çalışan işçilərin dövri tibbi müayinədən keçmədən fəaliyyət göstərməsi, zərərvericilərə qarşı mübarizə tədbirlərinin (dezinfeksiya, dezinseksiya və deratizasiya) aparılmaması müəyyən edilib. Hadisəyə hüquqi qiymətin verilməsi üçün aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar hüquq-mühafizə orqanlarına təqdim olunub".
Qeyd edək ki, dekabrın ikinci ongünlüyündə Bakıda 8 nəfər dönərdən zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi. Zərərçəkmişlər "Dönər Market"dən toyuq dönəri alaraq yedikdən sonra səhhətləri pisləşmişdi. Zəhərlənənlər Bayramov Cavid, Xəlilov Murad, Fəttahova Tünzalə, Əliyev Həmid, Soltanov Səid, Mirzəyev Rafiq, Ömərov Qüdrət, Soltanov Maqsud bir günlük müalicədən sonra vəziyyətləri yaxşı olduğu üçün evə buraxılıblar.
Hadisənin baş verdiyi "Dönər Market"in administratoru Orxan Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, bu günədək dönərxanadan dönər alan heç bir alıcı dönərin keyfiyyətindən şikayətlənməyib. O.Ağayev bildirib ki, dönərin hazırlanmasında istifadə olunan ətin sertifikatı var: "Əti gətirən şirkət də, biz də məhsula cavabdehik. Dönərin hazırlandığı ətin bütün sertifikatları var. Bu hal birinci dəfədir ki, baş verir. Hələ ki, 8 nəfərin məhz bizdən aldıqları dönərdən zəhərləndikləri rəsmi təsdiqlənməyib. Biz də ekspertizanın rəyini gözləyirik".
Amma o, dönər üçün əti hansı şirkətdən aldıqlarını jurnalistlərə açıqlamayıb.
Onu da qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib ki, bir neçə şəxsin dönərdən zəhərlənməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 200-cu (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb. İstintaq hərəkətləri davam etdirilir.
Eləcə də oxuyun:
* Bakıda dönərdən kütləvi zəhərlənmə - Bəzilərini artıq evə yazıblar
* Dönərdən zəhərlənmənin səbəbi Hindistandan gətirilən ət də ola bilər - Ekspert
* Zəhərlənmədən sonra tələbələr daha çox dönər yeyirlər: Səbəb
* Toyuq dönərindən kütləvi zəhərlənmə baş verib: Bu dəfə Şəkidə