Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Dönərdən zəhərlənmənin səbəbi Hindistandan gətirilən ət də ola bilər - Ekspert

© Sputnik / Zulfiyya GuluyevaBakıda dönərxanalar
Bakıda dönərxanalar - Sputnik Azərbaycan, 1920, 14.12.2021
Abunə olmaq
Qida texnoloqu: İctimai Şura sadəcə dildədir, əməldə biz bunu görə bilmirik. Nəinki dönərxanalar, supermarketlərdə də vəziyyət ürəkaçan deyil. Qidaların piştaxtalara qoyulması ilə bağlı bütün qaydalar pozulur.
BAKI, 14 dekabr — Sputnik. İki gün öncə Bakıda "Dönər Market"in 8 istehlakçısı arasında dönərdən zəhərlənmə hadisəsi baş verib. "Dönər Market"in administratoru bunadək belə bir hadisənin baş vermədiyini, dönərin hazırlanmasında istifadə olunan ətin sertifikatının olduğunu qeyd edib. Onlar hətta AQTA tərəfindən dönərxananın fəaliyyətinə icazə üçün sertifikatın verildiyini də qeyd ediblər.
Ümumiyyətlə, maraqlıdır, dönərdən hansı hallarda zəhərlənmə baş verə bilər və nələrə diqqət etmək lazımdır?
Qida üzrə ekspert İbrahim Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb, bildirib ki, dönər hər an zəhərlənməyə səbəb ola bilər:
"Qidanın hazırlanma şəraiti, tələblərin o qədər xırdalıqları var ki... Dönər hazırlayan şəxs əlini mükəmməl şəkildə yuyub dezinfeksiya etməyibsə, əli ilə onu qarışdırandan sonra o mətbəxdə 2 saat qalandan sonra ət qaynadılmadan, qızardılmadan, ütülüb veriləcəksə, bu, risk yaradır. Ümumiyyətlə, dönərxananın texnoloji olaraq bütün avadanlıqları varmı, yoxmu, bu da önəmlidir".
Ekspert bildirir ki, bişirilmə texnologiyası virusu məhv edəcək səviyyədə deyil:

"Şərait gigiyenik tələblərə müvafiq olmalıdır. Keyfiyyətli xammal olmalıdır. Qarışdırılan ədviyyatlar, əlavələr, mayonezlər, tərəvəzlərin düzgün şəkildə yuyulması, mexaniki və texniki qaydalara əməl olunması, şəxsi gigiyena qaydalarına riayət olunması, xammalın, hazır məmulatın bir-biri ilə təmasda olmaması, irəli sürülən tələblərin gözlənilməsi qida təhlükəsizliyi baxımdan çox önəmlidir".

İ.Əhmədov vurğulayır ki, bu zəncirdəki kiçik bir halqanın pozulması qida zəhərlənməsi üçün şərait yaradır:
"Bu da qida zəhərlənməsi üçün gizlin bombadır. Alıcı sadəcə olaraq oradakı şəraitə baxmalı, işçinin formada olub-olmamasına, gigiyenik qaydaları gözləyib-gözləməməsinə baxaraq riskin az və çox olduğunu görə bilər. Xammalların ayrılıqda saxlanılması üçün şərait yoxdur, müəssisənin isti və soyuq məhsullar üçün anbarı yoxdursa, burada hansı keyfiyyətdən danışmaq olar?"
Qida texnoloqu Ağa Salamov deyir ki, ölkədə yerli məhsullardan başqa, kənardan idxal olunan ət məhsulları da var:

"Preslənmiş formada ölkəyə ətlər idxal olunur. Bu məhsullar Ukrayna, Hindistandan çox aşağı qiymətə gətirilir. Burada problem ondan ibarətdir ki, ətin mənşəyi bəlli deyil və o, buzlaşdırılmış formada gətirilir. Buzlu formada gətirildikdən sonra buzu açılır, dönər hazırlanması üçün emal olunur və təzədən həmin əti şirkət donduraraq dönərxanalara bu şəkildə satır. Zəhərlənməyə səbəb olan bir ehtimal budur".

A.Salamov deyir ki, dönərxanalar iddia edə bilər ki, biz əti donmuş halda almırıq, özümüz hazırlayırıq. O zaman nə üçün zəhərlənmə olur? Bunun səbəbi haqda danışan həmsöhbətimiz qeyd edir ki, emal müddəti də çox önəmli rol oynayır:
"Dönərxanalar 3 saatdan çox müddət ərzində dönərlik ətləri emal müddətində, yəni hələ şişə keçirilməmiş otaq temperaturunda saxlayırlar. Bundan başqa, riskli qidalar sırasında mayonez də var. Mayonez otaq temperaturunda çox qala bilməz. Fikir vermisinizsə, dönərxanalarda kənarları sarı rəngdə olan mayonezlər var. Bu da qidanın keyfiyyətinin aşağı düşməsindən xəbər verir. Belə olan halda da zəhərlənmə baş verir".
Ekspert Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yanında yaradılan İctimai Şura ilə bağlı da fikirlərini açıqlayıb, bildirib ki, onlar tərəfindən heç bir dönərxanaya baxış keçirilmir:
"İctimai Şura sadəcə dildədir, əməldə biz bunu görə bilmirik. Eyyub Hüseynov da ordadır və bu təkcə onun əlindən gələcək bir şey deyil. Nəinki dönərxanalar, supermarketlərdə də vəziyyət ürəkaçan deyil. Qidaların piştaxtalara qoyulması ilə bağlı bütün qaydalar pozulur. Onların saxlanma qaydaları da pozulur. Ət, kolbasanın müddəti keçir, yulafları qurd basır, bəzi məhsullar nəmişlik şəraitində saxlanılır. Bütün bunların hamısı nəzarətsizlikdəndir".
Ekspert deyir ki, ümumiyyətlə, ictimai iaşə müəssisələrində texnoloqların nəzarəti mütləqdir:

"Kimsə kababxana, dönərxana açır, amma onun başında bir qida texnoloqu yoxdur. Bizdə ümumiyyətlə, bununla bağlı qanun formalaşmayıb. Dönərxanalara girib sual versəm ki, əti hansı temperaturda saxlamaq lazımdır, bunu biləcək? Onlar emal müddəti neçə saata bitməlidir, bunu bilmirlər. Sertifikatı müəssisəyə verirlər, insanları da zəhərləyən sertifikat yox, insan amilidir. İşçi peşə qaydalarını bilməlidir".

A.Salamov dönəri ev şəraitində saxlamağı, çöldə dönər istehlak etməməyi tövsiyə edir və belə bir fikir səsləndirməsinin də səbəbini həmin dönərxanalara nəzarətsizliklə izah edir.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin 2021-ci ilin yanvar-oktyabr aylarına dair məlumatına görə, Azərbaycana Hindistandan 490,7 ton iribuynuzlu heyvan əti, dondurulmuş, sümükdən ayrılmış ət idxal edilib. Bu müddətdə Azərbaycana Hindistandan digər ət məhsulları da idxal edilib. Hindistanla yanaşı, Azərbaycana İran İslam Respublikasından da ət idxal edilir. İspaniya, Keniyadan da ölkəyə ət məhsulları idxal edilir. Qeyd olunan dövrdə Keniyadan Azərbaycana 1.39 ton ətdən və əlavə ət məhsullarından kolbasalar və analoji məhsullar idxal edilib. Həmin dövrdə Litvadan isə 44.1 ton belə məhsul idxal edilib. Bu müddətdə hindtoyuğunun ətindən və əlavə ət məhsullarından hazır və ya digər formada 7.07 ton məhsul idxal edilib.
Suallar da var:
Ət məhsullarının bir hissəsi Hindistandan, Ukraynadan donmuş, hazır formada gətirilir, maraqlıdır, AQTA buna necə nəzarət edir?
AQTA tərəfindən bu vaxtadək dönərxanalarda nə qədər qanunsuzluqlar aşkarlanıb, neçəsinin fəaliyyəti dayandırılıb?
Zəhərlənmə hadisəsi baş verən dönərxana rəhbərliyi AQTA-dan sertifikat aldığını bildirib, bu nə dərəcədə doğrudur, AQTA tərəfindən onlara sertifikat verilibmi?
Ümumiyyətlə, son bir ay, bir il ərzində nə qədər belə zəhərlənmə hadisəsi baş verib, hansı addımlar atılıb?
Zəhərlənənlərin sayı nə qədər olub, ölüm halı qeydə alınıbmı?
AQTA dönərxanalarla bağlı hansı araşdırmalar aparır?
Ən əsası AQTA yanında İctimai Şuranın fəaliyyətsizliyi ilə bağlı fikirlərə münasibət necədir?
Bu suallarımızın qısa zamanda AQTA tərəfindən cavablandırılacağına ümid edirik.
Baş verən hadisə ilə bağlı AQTA araşdırmaya başlamışdı...
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə Sputnik Azərbaycan-a bildirilib ki, dönərdən kütləvi zəhərlənmə barədə artıq araşdırmaya başlanılıb:
"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".
Bakıda polis də dönərdən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırmalara başlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib ki, zəhərlənmə faktı ilə əlaqədar müvafiq ekspertiza təyin olunub. Hazırda Nəsimi Rayon Polis İdarəsində bununla bağlı araşdırmalar aparılır:
"Dönərxananın fəaliyyəti dayandırılıb"
Nəsimi Rayon Prokurorluğunun müstəntiqi İsa Paralov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, zəhərlənməyə səbəb olan dönərxana artıq bağlanıb:
"Həmin dönərxana Səbuhi adlı sahibkara məxsusdur. Dönərxana bağlanıb və istintaqa başlanılıb. İstintaq davam etdiyindən zəhərlənmənin hansı səbəbdən baş verdiyi hələ ki, araşdırılır".
Qeyd edək ki, zərərçəkmişlər "Dönər Market"dən toyuq dönəri alaraq yeyiblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Report-a açıqlamasında deyib ki, bir neçə şəxsin dönərdən zəhərlənməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 200-cü (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb. İstintaq hərəkətləri davam etdirilir.
Həmçinin oxuyun:
Həmçinin oxuyun:
Bakıda dönərdən kütləvi zəhərlənmə - Bəzilərini artıq evə yazıblar
Bakıda dönərdən kütləvi zəhərlənmə - Bəzilərini artıq evə yazıblar
Xəbər lenti
0