BAKI, 29 dekabr — Sputnik. İşğaldan azad edilən ərazilərdə iki yeni su anbarı inşa ediləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Nazir müavini bildirib ki, hazırda həmin ərazilərdə 9 su anbarı və 14 çay var:
"Qarabağın zəngin su ehtiyatları Azərbaycan üçün çox vacibdir. Həmin su ehtiyatları Qarabağın aşağı hissəsinin sudan əziyyət çəkən ərazilərində su təminatını yaxşılaşdıracaq. 11 təbii su hövzəmizin üzərində su stansiyaları quraşdırılır. Həkəri və Bərgüşad çayları üzərində yeni su anbarlarının tikilməsi planlaşdırılır. Həmin su anbarları vasitəsilə Tərtər, Füzuli, Ağdam və digər rayon əraziləri içməli su ilə təmin ediləcək".
Qeyd edək ki, Qarabağ ərazisi bərpa olunan enerji resursları ilə zəngindir. Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir. Azərbaycanın yerli su ehtiyatlarının 25%-i, yəni ildə təqribən 2,560 mlrd. kubmetr su ehtiyatları bu ərazidə formalaşır.
Regionun Tərtər, Bazarçay (Bərgüşadçay), Həkəri kimi əsas çayları və digər kiçik çayları böyük su enerji potensialına malikdir. Bunların bir hissəsindən sovet dövründən istifadə olunur, lakin xeyli hissəsindən gələcəkdə istifadə etmək mümkün olacaq.
Həmçinin oxuyun: