SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qırğızıstan Təhlükəsizlik Şurasının sədr müavini Azərbaycana niyə göndərilib?

Ceyhun Bayramov Azərbaycan və Qırğızıstan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini və iki ölkə arasında siyasi dialoqun ən yüksək səviyyədə olduğunu qeyd edib
Sputnik
BAKI, 21 dekabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Qırğız Respublikasının Təhlükəsizlik Şurasının sədr müavini Talatbek Masadikov ilə görüşü baş tutub.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Ceyhun Bayramov Azərbaycan və Qırğızıstan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini və iki ölkə arasında siyasi dialoqun ən yüksək səviyyədə olduğunu qeyd edib. İqtisadi sahədə mövcud potensialdan istifadə edilməsinin əhəmiyyəti vurğulanıb və bu xüsusda, iqtisadi və humanitar sahədə birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinə istinad edilib. İki ölkənin, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını qeyd edən nazir, bu əməkdaşlığın gələcəkdə daha da inkişafından bəhs edib.
Talatbek Masadikov iki ölkə arasında hər zaman yaxşı münasibətlərin mövcud olduğunu qeyd edib. O, müstəqilliyinin ilk illərində Heydər Əliyevin rəhbərliyi altında, daha sonradan isə Prezident İlham Əliyevin başçılığı ilə davamlı inkişaf edən Azərbaycanın hər bir uğuruna qırğız xalqının sevindiyini söyləyib.
Tərəflər ikitərəfli əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. İki ölkə rəsmiləri arasında təmasların, o cümlədən yüksək səviyyəli səfərlərin münasibətlərin daha da inkişafına təkan verəcəyini vurğulayıblar.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının Təhlükəsizlik Şurasının sədr müavini Talatbek Masadikov görüş zamanı
Ceyhun Bayramov həmsöhbətinə bölgədə mövcud olan cari vəziyyət, post-münaqişə bərpa və quruculuq işləri, Azərbaycanın bölgənin gələcək inkişafına baxışı, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində tərəfimizdən atılan addımlar, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlərə dair məlumat verib.
Görüşdə tərəflər həmçinin Əfqanıstandakı vəziyyət, bu vəziyyətin qonşu ölkələrə təsiri, İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının bu xüsusda keçirilmiş növbədənkənar iclasının nəticələri ilə bağlı fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, gələn il Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığa dair imzalanan müqavilənin 25 ili olacaq.
Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonalıyevin sözlərinə görə, 2022-ci ildə Qırğızıstan – Azərbaycan əlaqələrində nəzərəçarpacaq inkişaf gözlənilir. Uzun müddətdən sonra Qırğızıstanın Azərbaycana səfir təyin etdiyini vurğulayan Osmonalıyev deyib ki, bu, onun ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olmasının göstəricisidir.
Səfir bildirib ki, gələn il aprel-may aylarında Qırğızıstan Prezidentinin Azərbaycana səfəri gözlənilir. Səfər zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bərpasına dair saziş imzalanacaq.
Eləcə də oxuyun:
* "5+3": Azərbaycana daha bir platforma təklif edildi
* Moskvada Cənubi Qafqazla bağlı iclas: formatın bir üzvü gəlməkdən imtina edib
* "Altılıq" yenə gündəmdə: Türkiyə İranla nəyi razılaşdırdı?