BAKI, 19 dekabr — Sputnik. NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya ilə nüfuz dairələrinin müəyyənləşdirilməsinə dair konfransın keçirilməsi ideyasını rədd edib. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla xəbər yayıb.
"Böyük dövlətlərə öz qonşularına nəzarət etmək imkanı verən təsir zonalarını yenidən müzakirə edəcəyimiz növbəti konfransın keçirilməsi ideyası bizim üçün geriyə addım olardı və bu tamamilə yanlış istiqamətdir", - deyə agentlik Stoltenberqin "Journal de Dimanche"-yə verdiyi müsahibəsindən sitat gətirir.
NATO-nun baş katibi bunun əvəzinə Moskva ilə etimadın möhkəmləndirilməsi, silahlara nəzarət, təlimlərin şəffaflığının təmin edilməsi və gərginliyin azaldılması məsələlərini müzakirə etməyin tərəfdarı olduğunu bildirib.
Qeyd edək ki, Qərb siyasətçiləri "Rusiyanın Ukraynaya qarşı təcavüzü"ndən tez-tez danışırlar. Bu cür ittihamlar isə həm siyasi, həm də iqtisadi sahələrə öz təsirini göstərir. Belə ki, Moskvanın guya zərərli təsiri, onların fikrincə, Ukraynada, Avropa İttifaqında, NATO-nun fəaliyyətində və ABŞ-da öz əksini tapır.
Rusiya dəfələrlə bu bəyanatları rədd edərək Şimali Atlantika Alyansının belə açıqlamalarını Rusiya sərhədləri yaxınlığında daha çox hərbi texnika yerləşdirmək, eləcə də öz maraqları üçün lobbiçilik etmək istəyi ilə əlaqələndirib.
Rusiya Prezidenti Vladimir Putin noyabrın sonlarında bildirib ki, Moskva üçün Ukrayna ərazisində silahların yerləşdirilməsi "qırmızı xətt" hesab olunacaq, çünki bu, milli təhlükəsizliyi təhdid edir. O, təhlükəsizliyə hüquqi təminat tələb edərək aydın beynəlxalq hüquqi müqavilələr hazırlamaq üçün Vaşinqton və onun alyans üzrə müttəfiqlərini danışıqlar aparmağa çağırıb.
Həmçinin oxuyun:
Zəncirini qıranlar: amerikalılar bizimlə müharibə istəyirlərmi