SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan üçün xoşagəlməz sürpriz və sıfra bərabər vasitəçilik

Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun fəaliyyəti və Avropa İttifaqının ədalətsiz bölgüsündən danışıb.
Sputnik
BAKI, 18 dekabr - Sputnik. Biz ədalət istəyirik və əlbəttə, Azərbaycana eyni şərtlərlə, eyni həcmdə vəsaitin verilməsini istəyirik.
Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “Il Sole 24 Ore” qəzetinə müsahibəsində, Avropa İttifaqının Ermənistan və Azərbaycana ayırdığı yardım paketi ilə bağlı sualını cavablandırarkən deyib.

Əhali üçün xoşagəlməz sürpriz

"Bu, bir çox müşahidəçiləri təəccübləndirən fakt oldu və Azərbaycan əhalisi üçün də çox xoşagəlməz bir sürpriz oldu. Bir məsələni dəqiqləşdirim – Avropa Komissiyası tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollardır, Azərbaycana isə sizin qeyd etdiyiniz kimi 140 milyon. Yəni, fərq təqribən 20 dəfədir. Bu, ədalətlidirmi? Xeyr. Bu, hər iki ölkənin real ehtiyaclarına müvafiqdirmi? Xeyr.
Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq 5 dəfədən çoxdur – Azərbaycanın əhalisi 10 milyon, Ermənistanda isə 2 milyon. Bundan əlavə, işğal illəri ərzində Livanın sahəsinə bərabər ərazilər tamamilə dağıdılıb.
Bu gün əcnəbi vətəndaşlar və jurnalistlər həmin ərazilərə səfər edəndə dağıntıların miqyasını öz gözləri ilə görürlər. Eyni zamanda, bizim hesablamalara görə, orada 1 milyona yaxın mina basdırılıb. Minaları təmizləmə prosesi olduqca baha başa gəlir və çox vaxt aparır.

Ermənistanda heç bir dağıntı yoxdur. Bu ölkə işğal edilməmişdi, o, özü işğalçı idi. Fiziki cəhətdən belə Ermənistanın iqtisadiyyatı bu nəhəng həcmli paketi mənimsəyə bilməz.

Beləliklə, bu, çox təəccüblüdür və bu paket elan edildikdən sonra, Prezident Mişelin bu yay Azərbaycana səfərindən sonra biz bu mövzunu daim müzakirə edirik. Biz istəyirik ki, yanaşma vahid standartlara əsaslansın. Biz ədalət istəyirik və əlbəttə, Azərbaycana eyni şərtlərlə, eyni həcmdə vəsaitin verilməsini istəyirik", - Azərbaycan Prezidenti söyləyib.

Ermənistanın bəyanatından sonra Minsk qrupu tamamilə iflic oldu

"Minsk qrupu ATƏT-in mandatına əsasən, 1992-ci ildən münaqişəni həll etməyə məcbur idi. Onlar ötən il noyabrın sonunadək, biz 44 gün ərzində əraziləri azad edənə kimi 28 il ərzində fəaliyyət göstərdilər. Mənim Minsk qrupunun fəaliyyəti ilə bağlı fikrim Azərbaycan xalqının fikrindən fərqlənmir. Bu, uğursuzluq idi.
Biz həqiqəti deməliyik. Məsələnin gün işığı kimi aydın olduğu halda, biz siyasi korrektlik naminə bunun əksini söyləyə bilmərik. Əgər Minsk qrupunun həmsədrləri - dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi. Onlar 28 il fəaliyyət göstərdilər. Təsəvvür edirsiniz?" - Prezident İlham Əliyev vurğulayıb
Minsk qrupunun 20 ildən çox fəaliyyət göstərdiyini deyən Azərbaycan lideri bunun nəticəsinin sıfra bərabər olduğunu bildirib:
"Bəs, niyə? Bəlkə də ona görə ki, siz qeyd etdiyiniz kimi, status-kvo onlar üçün qəbuledilən idi. Buna baxmayaraq, sizə deyə bilərəm ki, müəyyən mərhələlərdə, hətta Minsk qrupu həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində müsbət bəyanatlar var idi ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bu, bizi çox ümidləndirirdi. Lakin əfsuslar olsun ki, heç bir hərəkət yox idi. Bu, çox sadə idi.
Mən bu məsələni dəfələrlə qaldırmışam. Ermənistanı Azərbaycan ərazilərini tərk etməyə və BMT Təhlükəsizlik Şurasının bunu tələb edən qətnamələrinə əməl etməyə yola gətirmək və ya məcbur etmək üçün yeganə yol Ermənistana qarşı sanksiyalar tətbiq etmək idi. Biz bilirik ki, müəyyən hallarda bu sanksiyalar digər ölkələrə qarşı tətbiq olunur, lakin Ermənistana qarşı yox. Yenə də ikili standartlar, yenə də ədalətsiz yanaşma".
Prezident qeyd edib ki, Azərbaycan xalqı Minsk qrupu üçlüyünün bu daimi səfərlərindən yorulmuşdu: "Onlar ildə bir neçə dəfə gəlib-gedirdilər və heç bir nəticə yox idi. Onların fəaliyyəti faktiki olaraq 2019-cu ildən sonra, Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndən sonra tamamilə iflic oldu. Bu, o demək idi ki, danışıqların sonudur. Çünki əgər Ermənistan “Qarabağ Ermənistandır” deyirsə, nə barədə danışmaq olar?
Digər məsələ ondan ibarətdir ki, bir qədər sonra Ermənistan rəhbərliyi dedi ki, Qarabağ müstəqil ölkədir. Bu da əvvəlki bəyanatla ziddiyyət təşkil edirdi. Lakin Minsk qrupu reaksiya vermədi. Onlar hətta bu bəyanatı pisləmədilər. Əlbəttə ki, bu cür davranış yalnız Ermənistanı danışıqlar masasında mövqeyini möhkəmləndirməyə və işğalı sonsuz etməyə cəsarətləndirdi. Ermənistanın hədəfi bu idi və təəssüflər olsun ki, Minsk qrupu bu işdə onlara kömək etdi".
Eləcə də oxuyun:
* Ermənistanın "ev tapşırığı" - Brüssel görüşünün daha bir detalı
* İlham Əliyev Avropanı ən çox narahat edən sualı cavablandırdı
* Bu məsələni heç vaxt Putinlə müzakirə etməmişik - İlham Əliyev
* Qırmızı xətlər - Bakının Brüsseldə Belarusu dəstəkləməsinin səbəbi nə idi
* Azərbaycan prezidentinin Ermənistanda nasizmlə bağlı fikri BMT-də dəstəkləndi
* Prezident İlham Əliyevin dəhlizlə bağlı açıqlaması reallaşdırılmalıdır