"Bununla yanaşı, peyvənd sertifikatının elektronlaşması və eləcə də onun regional qəbul edilməsi baxımdan təəssüf ki, problemlər qalmaqdadır. Ötən həftə İtaliyada səfərdə olan zaman Avropa Birliyinin elektron bazasına inteqrasiya olunmamağın vətəndaşlarımız üçün yaratdığı texniki problemləri müşahidə etdim. Bu baxımdan, bu istiqamətdə işlərin sürətləndirilməsi çox vacibdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən məlumatların elektronlaşması və Avropa Birliyi elektron sisteminə inteqrasiyasına ehtiyac var. Qeyd edək ki, Avropa İttifaqında birliyə üzv olmayan ölkələrin elektron inteqrasiyası baxımından hər hansı əngəl yoxdur. Sadəcə, həmin ölkələr uyğun sahədə inteqrasiya oluna bilən elektron bazalarını formalaşdırmalıdırlar. Yeri gəlmişkən, birliyə üzv dövlətlər ilə yanaşı, Avropa İttifaqına daxil olmayan 28 ölkə artıq qitənin elektron bazasına inteqrasiya olunub. Cənubi Qafqazda yerləşən digər iki ölkə, Türkiyə, Moldova, Ukrayna elektron inteqrasiya olunan ölkələr sırasındadır və həmin ölkələrin vətəndaşlarının QR-kodları Avropada tanınır və oxunur. Bizim peyvənd sertifikatının QR kodu isə hələ də qədim qitə sərhədlərində tanınmır".