MƏDƏNİYYƏT

Uşaqlığımızın unudulmaz nağılı "Göyçək Fatma" yeni quruluşda

Köhnə quruluşdan fərqli olaraq bu dəfə texniki baxımdan daha çoxfunksiyalı, həcmli və rəngarəng alınan tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubovadır.
Sputnik
BAKI, 13 dekabr — Sputnik. 90 illik yubiley tədbirinə hazırlaşan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir tamaşanın premyerası olacaq. Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, dekabrın 19-da teatrın repertuarındakı ən baxımlı və sevilən səhnə işlərindən olan "Göyçək Fatma" tamaşası tam fərqli quruluş və səhnə tərtibatında yenidən balaca tamaşaçıların ixtiyarına veriləcək.
Qeyd edək ki, eyniadlı məşhur Azərbaycan xalq nağılı əsasında Kəmalə Ağayevanın pyes halına saldığı "Göyçək Fatma" nağıl tamaşası sırf Kukla Teatrının repertuarında bir neçə dəfə hazırlanıb. Budəfəki quruluşa gəlincə, nümunəyə çağdaş teatr estetika və üslubunda yanaşılmaqla vizuallığı daha da artırılıb.
Mərhum dramaturq Rəhman Əlizadənin səhnələşdirməsi saxlanılmaqla ərsəyə gələn tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib.
MƏDƏNİYYƏT
İş böyüklükdədir? Bakı Dövlət Sirkinin valideynləri narazı salan problemi
Köhnə quruluşdan fərqli olaraq bu dəfə texniki baxımdan daha çoxfunksiyalı, həcmli və rəngarəng alınan tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubovadır.
Görkəmli uşaq bəstəkarı Oqtay Zülfüqarovun tamaşaya yazdığı musiqiləri də saxlayan yaradıcı heyət uşaqlar üçün maraqlı, rəngarəng musiqili həllə nail olublar.
Bir saatlıq interaktiv səhnə işində quruluşçular klassik kukla teatrı ənənələri ilə müasir animasiyanın funksionallığını sintez etməyə, balacalar üçün sürətli keçidlərlə daim hərəkətli (dekor və kuklaların əksəriyyəti fərqli personajlara çevrilə bilirlər) quruluşu təmin ediblər.
Mövzu olaraq yaxşının daim qalib gələcəyini, səbrin mükafatla nəticələnəcəyini tərənnüm edən səhnə işinin rejissoru personajların bir neçəsini komik oyuna cəlb etməklə ümumi ovqatı daim yüksək tutmağa, tamaşanın temporitmini bu yolla saxlamağa çalışıb.
Birhissəli uşaq tamaşasında rolları aparıcı səhnə ustaları Cəmilə Allahverdiyeva, Aygül Ağayeva, Ülviyyə Əliyeva, aktyorlar Ramiz Qəmbərov, Yasin Abbasov, Nərmin Əhmədova, Yusif Baxşəliyev ifa edirlər.
Eləcə də oxuyun:
* Kuklalarla keçən 90 il - bu, onlara şöhrət vəd etmir, amma uşaqlar üçün kuklaya dönürlər
* Teatrda fəhlə kimi işə başladı, sonra tanınmış simaya çevrildi
* Akademik Milli Dram Teatrı beynəlxalq forumda təmsil olunur