Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Teatrda fəhlə kimi işə başladı, sonra tanınmış simaya çevrildi

© Photo : APARəhman Rəhmanov, arxiv şəkli
Rəhman Rəhmanov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.11.2021
Abunə olmaq
Ölkənin bir çox teatrlarında fəaliyyət göstərən səhnə adamı onlarla bədii film və televiziya tamaşalarında unudulmaz obrazlar yaradıb
BAKI, 21 noyabr — Sputnik. O, özünü aktyor kimi xoşbəxt hesab edir. Sənətdə arzuladığı hər şeyə nail ola bilib. 15 yaşından sənətə başlayan A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Rəhman Rəhmanovun səhnə fəaliyyəti Akademik Milli Dram Teatrından başlayıb. Orada yardımçı aktyor kimi fəaliyyətə başlayan aktyor 48 illik sənət fəaliyyəti ilə bağlı xatirələrini Sputnik Azərbaycan-la bölüşüb:

"Mən Xalq Teatrında həvəskar aktyor idim. Xalq artisti Lütfi Məmmədbəyov məni gördü və teatra dəvət etdi. Dedi: "Səndən aktyor olacaq, gəl böyük aktyorların yanına, gör onlar necə işləyirlər, öyrən". Rejissor Tofiq Kazımovun, Mehdi Məmmədovun quruluşlarında, korifey sənətkarlarla – Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Mirvari Novruzova ilə səhnəni bölüşmüşəm. O vaxt onların içində ən gənci Fuad Poladov idi".

Kuklalara olan həvəs 16 yaşlı aktyoru Kukla Teatrına gətirdi. Aktyor teatra fəhlə kimi başlayır. O, eyni zamanda tamaşalarda da rol alır: "O zamanlar diplomsuz mümkün deyildi, amma mənim ali savadım olmadan götürdülər".
Kukla teatrına olan marağı məktəbli olan vaxtdan başlayıb. Bir gün təhsil aldığı gimnaziyada Kukla Teatrının səyyar tamaşası nümayiş olunur. Həmin tamaşa onu elə valeh edir ki, yolunu bu sənətə salır:
"Mən İncəsənət Gimnaziyasını bitirmişəm. İbtidaidə oxuduğum vaxt Kukla Teatrı səyyar tamaşa ilə bizim gimnaziyaya gəlmişdi. Mən həmin tamaşadan sonra Kukla Teatrına valeh oldum. Evə gedəndə nənəmə kuklalar aldırdım. Başladım tamaşa qurmağa. O qədər böyük marağım var idi ki, sinifdə kukla dərnəyi yaratdım".
Rəhman Rəhmanov özünü aktyor kimi xoşbəxt hesab edir. Deyir ki, həyat onu çox sınaqlardan keçirsə də, sənətdə bəxti gətirib:
"Mən bu teatrda işləyə-işləyə başqa teatrlarda, televiziya tamaşalarında da rol alırdım. Bədii filmlərə çəkilmişəm, saysız-hesabsız verilişlərim olub. Aktyor üçün nə lazımdırsa, onların hər birini qazanmışam. Adətən kukla aktyorları tanınmır, amma təvazökarlıqdan uzaq olsa da, mən tanınan aktyor olmuşam. Məni dəfələrlə Dram Teatrına və Musiqili Komediya Teatrına dəvət ediblər, amma getməmişəm. Bəlkə də o teatrlara getsəydim, mənim hər şeyim olardı, amma mən aza qane oldum, öz sevdiyim teatrda qalmağı seçdim".
Rəhman müəllim hələ Xalq Teatrında işlədiyi vaxtlarda efirə çıxdığını deyir. Yaşar Nuri, Ramiz Əzizbəyli ilə birlikdə Rəhman müəllim də uşaq verilişlərində iştirak edib. Aktyorun sözlərinə görə, o zamanlar televiziyalar hətta uşaqlara belə, qonorar ödəyərdilər: "İndi televiziyalar özləri reklamdan, sponsorlardan pul qazanır, amma aktyora qonorar vermir. Nəyə görə mən televiziya üçün hazırlaşım, geyinim-keçinim, vaxtım getsin? Mənə axı reklam lazım deyil, mənim ora getməyimi dəyərləndirməlidirlər".
Bir çox sosialyönümlü verilişlərdə ekspert kimi çıxış edən aktyor, həmin verilişlərə çıxmağının səbəbini belə izah etdi: "O verilişlərə ona görə çıxıram ki, öz adımdan istifadə edib ehtiyacı olanlara yardım edim. O verilişlərdən heç nə tələb etmirəm. Çünki ora imkansız, səhhətində problemləri olan insanlar gəlir. Çox sevinirəm ki, bəzi insanlara öz nüfuzumdan istifadə edərək kömək edə bilirəm. Bu, mənim qonorarımdır. Mən nüfuzlu sənət adamlarına da tövsiyə edirəm ki, gəlsinlər o verilişlərə, hansısa imkanı olmayan, xəstə insanlara yardım etsinlər. Demirəm pul versinlər, nüfuzlarından istifadə edib onlara kömək etsinlər".
Uzun müddət səhhətində problemləri olan aktyorun hazırda vəziyyəti yaxşıdır:

"Bir il əvvəl o dünyalıq idim. Heydər Əliyev Fondunun köməyi, Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı sayəsində mən ayağa qalxdım".

Xəbər lenti
0