BAKI, 13 dekabr — Sputnik. Türkiyə valyutası bir daha tarixi minimumunu yeniləyərək bir dollar üçün 14 lirə həddini keçib. Sputnik Azərbaycan bu barədə xarici mediaya istinadən xəbər verir.
Ötən həftə dollar lirə qarşısında 13,95 lirə həddini keçdikdən sonra Türkiyə Mərkəzi Bankı (TMB) birbaşa satış yolu ilə məzənnəyə müdaxilə etmişdi. Ekspertlər yeni antirekordu TBM-in dekabrın 16-da gözlənilən uçot dərəcəsini yenidən endirəcəyi ilə əlaqələndirirlər. Bu, TBM-in bənzər səviyyədən son 10 gündə 3-cü müdaxiləsidir.
Bu ilin əvvəlində 1 dollar 7,4 lirəyə bərabər olan türk valyutası bir il ərzində, demək olar ki, 50% ucuzlaşıb. Son 20 ildə maksimum gündəlik eniş noyabrın 23-də qeydə alınıb - həmin gün lirə 16% ucuzlaşıb. Bu, Türkiyə Mərkəzi Bankının noyabrın 18-də uçot dərəcəsini 16%-dən 15%-ə endirmək qərarını verməsindən sonra baş verib, bundan sonra ölkə prezidenti Tayyib Ərdoğan yenidən uçot dərəcəsinin endirilməsinin tərəfdarı olduğunu bildirib.
Qeyd edək ki, lirənin ucuzlaşması fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 2-də ölkənin maliyyə nazirini vəzifəsindən azad edərək yerinə yenisini təyin edib. Türkiyənin maliyyə naziri Lütfi Elvanın əvəzinə indi Nureddin Nebatidir.
Dekabrın ortalarında Türkiyə Mərkəzi Bankının stavkanı endirəcəyi xəbərləri fonunda lirə dekabrın 1-i səhər yenə dəyər itirib - tarixi minimumu yeniləyərək 1 dollar üçün 13,71 lirə səviyyəsinədək ucuzlaşıb. Bundan sonra Türkiyə MB "valyuta məzənnələrində müşahidə olunan qeyri-sağlam qiymət formalaşdırılması səbəbindən" valyuta bazarına birbaşa müdaxilə ediləcəyini bəyan edib.
Eləcə də oxuyun:
* Lirənin ucuzlaşması manata təsir edəcəkmi - AMB-nin mövqeyi
* Banklara axın: AMB sədri isə manatın təhdid və təzyiq altında olmadığını deyir
* Devalvasiya olacaqmı? Elman Rüstəmovdan açıqlama