BAKI, 13 dekabr — Sputnik. Cənubi Afrikada yaranan və bu ilin noyabrında aşkar edilən yeni növ koronavirusun (COVID-19) "omikron" ştammı Azərbaycanda qeydə alınmasa da, həkimlər ehtiyatlı olmağa çağırırlar.
Sputnik Azərbaycan xəbər verir ki, həkim-terapevt Nahid Məhərrəmov deyib: "Omikron"un yayılması qorxu və təşviş yaratmamalıdır. Əksinə, mutasiyanın çoxluğu, yeni mutasiyaların yaranması vəziyyətin yaxşılığa doğru dəyişdiyini göstərir, çünki tibbin bir qanunu var: hansısa virus mutasiyaya uğrayırsa, bu onun zəifləməyi deməkdir".
Peyvəndin hər iki dozasını vurdurmayanlar və ya ikinci dozadan dörd-beş ay keçənlərdə "omikron"a yoluxma sayı artıb. Aparılan tədqiqatlar göstərir ki, vaksinin üçüncü dozasını qəbul edənlərdə neytrallaşdırıcı anticisimlərin səviyyəsi 25 dəfə artıb.
"Əhalinin peyvəndlənməsi sürətlə davam etdirilməlidir, çünki peyvənd aparıldığı təqdirdə istənilən ştammdan qorunmaq mümkündür və birmənalı şəkildə sübut edilib ki, "omikron" ştammına "buster" dozanı almayanlarda daha çox rast gəlinir", - deyə həkim-terapevt bildirib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının virusun yeni variantı haqda texniki məlumatında deyilir ki, koronavirusun yeni ştammı - "omikron" vaksinlər qarşısında nisbətən dayanıqlı olsa da, təhlükəsi "delta" qədər deyil.
"Hazırda məlumatlar məhduddur və vaksinlərin "Oomikron"a qarşı effektiv olduğunu təsdiqləyən sübutlar yoxdur. İlkin məlumatlar və "omikron" ştammının zülalının kifayət qədər dəyişmiş antigen profili bunu ehtimal etməyə əsas verir ki, vaksinlərin infeksiyaya qarşı effektivliyi azalıb", - bəyanatda bildirilir.
ÜST-dən vurğulayıblar ki, bununla yanaşı, ilkin məlumatlar yeni ştammın təhlükəsinin daha az olduğunu göstərir, çünki aşkarlanan halların çoxunda xəstəlik simptomsuz keçib, yaxud da xəstələr ağırlaşmayıblar.
Ancaq "Omikron"u artıq 63 ölkədə aşkarlayıblar. Yayılma sürətinə görə o, "Delta"nı keçə bilər, ancaq bunun nə ilə əlaqədar olduğu aydın deyil.
Qeyd edək ki, ÜST noyabrın 20-dən sonra Cənubi Afrika Respublikasında aşkar edilmiş koronavirusun yeni ştammına yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq "omikron" adı verib. B.1.1.529 variantı ilkin olaraq CAR, Botsvana, İsrail, Honqkonq və Belçikada tapılıb.
Bir sıra ölkələr Afrikanın səkkiz ölkəsi, o cümlədən CAR-la aviasiya əlaqəsini məhdudlaşdırıb.
Gebreyesusun fövqəladə hallara hazırlıq üzrə müavini Juad Macur isə uçuşlara qadağa qoyulmasının virusun yeni ştammının yayılmasına əngəl olmayacağını deyib.
Azərbaycan Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a bildiriblər ki, yeni ştammla əlaqədar hələ ki, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş qaydalarına dəyişiklik edilməyib.
Eləcə də oxuyun:
* Qamaleya Mərkəzində "Omikron-ştammın" "yüngüllüyü" ilə bağlı bəyanatları tənqid ediblər
* Koronavirusun yeni ştammı “Omikron” necə əmələ gəlib: ÜST açıqladı
* Koronavirusun "Omikron" ştammı nə qədər təhlükəlidir? İnfeksionist izah edir
* Baş infeksionist: Canlı peyvəndlə bağlı araşdırma yekunlaşmayıb