BAKI, 12 dekabr - Sputnik. "İki aya yaxındır Gorus-Qafan yolunda Dövlət Gömrük Komitəsinin müvafiq postu yaradılıb. Digər sərhəd-keçid məntəqələrimizdə olan beynəlxalq səviyyədə tanınmış Azərbaycan Respublikasının sərhədlərinə daxil olan vətəndaşlar, nəqliyyat vasitələri, yüngül nəqliyyat vasitələri necə vergilərə tabe tutulursa, Gorus-Qafan yolunda Azərbaycan ərazisinə daxil olan xarici avtonəqliyyat vasitələri və vətəndaşlar da o qaydada qeydiyyatdan keçir və gömrük rüsumunu ödəyərək ölkə ərazisinə daxil olurlar".
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
Qarşı tərəfin də bu cür addım atacağı məsələsinə şərh olaraq DGK sədri bildirib ki, onların hansıda adım atıb-atmayacağını deyə bilmərik:
"Ora Azərbaycan Respublikasının ərazisidir. Bizim nəqliyyat vasitələri qarşı tərəfə daxil olarkən nə edəcəkləri barədə düşünmələri onların işidir. Bu günə qədər Gorus-Qafan yolundan dövlət büdcəsinə 2 milyon manata yaxın vəsait toplanıb".
Qeyd edək ki, noyabrın 15-dən Qafan–Çakaten yolunun Azərbaycan ərazisindən keçən hissəsində blokpost yaradılıb. Bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, erməni tərəfi cavab addımları ataraq gömrük məntəqələri quracaq. Əlavə edib ki, işlər artıq başlayıb.
Xatırladaq ki, daha əvvəl Dövlət Gömrük Komitəsi (DGK) Qubadlı rayonu ərazisində Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsinin "Qubadlı" gömrük postunu yaradıb.
Eləcə də oxuyun:
* MDB iclasında qalmaqal – Əli Əsədov Paşinyanın müavinini susdurdu