TƏHLİL

Etibarsız mina xəritələri - beynəlxalq təzyiqlər effekt vermir

Azərbaycan Ermənistan ordusu üzərindəki qələbədən sonra onlara 3 rayondan çıxmaq üçün şans verdi, ancaq onlar bu şansı da insanlıq əleyhinə cinayət törətmək üçün istifadə etdilər.
Sputnik
BAKI, 11 dekabr — Sputnik. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsi qalmaqdadır. Müxtəlif dövrlərdə Ermənistan tərəfinə edilən təzyiqlər nəticəsində mina xəritələrinin bir qismini almaq mümkün olsa da, həmin xəritələrdəki məlumatların doğruluq payı şübhə altındadır. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, Ermənistan tərəfindən verilən mina xəritələrinin yalnız 25 faizi doğrudur.
Sputnik Azərbaycan mina xəritələri ilə bağlı məsələlərin həlli üçün atıla biləcək addımlar və Ermənistan tərəfini məsuliyyətli davranışa dəvət etmək üçün hüquqi mexanizmlərin tətbiqi məsələlərini araşdırıb.
Mövzu ilə bağlı hərbi ekspert Ruslan İmamquliyev və ehtiyatda olan polkovnik Şair Ramaldanov fikirlərini bölüşüb.
Hərbi ekspert Ruslan İmamquliyev bildirib ki, Ermənistan otuz il ərzində Azərbaycan torpaqlarında bir çox cinayətlər törədib:
"Piyada əleyhinə minaların istifadə olunması da bu cinayətlərin tərkib hissəsidir. Beynəlxalq konvensiyalara görə belə minaların tətbiq olunması qadağan edilir və ya məhdudlaşdırılır. Bundan başqa onlar surpriz minalardan da istifadə ediblər. Surpriz minalar piyada əleyhinə minaların tankəleyhinə minalarla yanaşı basdırılmasıdır. Əlavə olaraq bubi tələlərindən də istifadə edirlər ki, bunlar da əsasən yaşayış məntəqələrində, insanların ziyarət edəcəkləri yerlərdə basdırılır. Bu isə hərbi cinayətdən əlavə terrorizm aktıdır".
CƏMİYYƏT
Ermənistanın verdiyi mina xəritələrinin keyfiyyəti çox aşağıdır - Ceyhun Bayramov
Hərbi ekspertin sözlərinə görə, Azərbaycan Ermənistan ordusu üzərindəki qələbədən sonra onlara 3 rayondan çıxmaq üçün şans verdi, ancaq onlar bu şansı da insanlıq əleyhinə cinayət törətmək üçün istifadə etdilər: "Ermənistan minalanmış ərazilərin xəritəsini verə bilər, amma xəritələrə salınmayan minalama işləri də görülüb. Onlar özləri də dəqiqliklə koordinantları bilmirlər. Hansı ki, normalda formulyarlar tərtib olunmalıdır. Ərazilərimizin kütləvi şəkildə minalanması hüquqi müstəvidə də incələnməlidir. Beynəlxalq hüquq normativləri çərçivəsində buna qiymət verilməlidir".
Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov isə deyib ki, Ermənistan mina qadağası ilə bağlı konvensiyanın üzvü deyil, ona görə də konvensiyadakı tələblər onlara şamil edilə bilmir: "Konvensiyaya görə hər iki tərəf müharibədən sonra mina sahələrini təmizləyib təhvil verməlidirlər. Bu həm də xəritələr mövzusunu aradan qaldırmış olardı. İndi Azərbaycan mina xəritələri ilə bağlı tələblərini qoyub, bu da ölkəmizin haqqıdır. Ancaq onların verdikləri xəritələr isə işə yaramır. Biz onlarla vətəndaşlarımızın təhlükəsizliyini təmin edə bilmərik".
Ekspert vurğulayıb ki, Ermənistan tərəfi keçmiş təmas xəttinin xəritələrini işləyib: "Ancaq onlar müharibə vaxtı geriyə çəkildikcə minalarla bağlı xəritələr işləməyiblər. Çünki döyüş gedə-gedə bunu etmək çətindir. Minanın aşkarlanması üçün mütəxəssis lazımdır, ancaq onun quraşdırılması üçün mütəxəssis olamağa ehtiyac yoxdur".
"İndiyə qədər Ermənistana edilən beynəlxalq təzyiqlər effektsiz olub. Bu baxımdan düşünürəm ki, minaların təhlükəliliyi ilə bağlı mütəmadi olaraq çağırışların edilməsi zəruridir" – deyə ekspert bildirib.
Həmçinin oxuyun:
İtaliyalı senatorlar: "Ermənistan mina xəritələrinin hamısını təqdim etməlidir"
Mina xəritələrinin verilməsi bölgədəki proseslərə necə təsir edəcək? – politoloq şərhi
İlham Əliyevin növbəti diplomatik uğuru - Deputatlar mina xəritələrinin alınması haqda