BAKI, 10 dekabr — Sputnik. Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən jurnalist vəsiqəsi veriləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, jurnalist vəsiqəsinin forması, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Jurnalist vəsiqəsinin etibarlılıq müddəti 3 il olacaq. Jurnalist vəsiqənin etibarlılıq müddəti bitdiyi gündən ən geci 3 iş günü müddətində həmin vəsiqəni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təhvil verməklə yenidən jurnalist vəsiqəsinin alınması üçün müraciət etmək hüququna malikdir.
Jurnalist vəsiqəsindəki məlumatlar dəyişdikdə və ya jurnalist vəsiqəsi yararsız vəziyyətə düşdükdə yaxud vəsiqədəki məlumatların səhv olduğu aşkar edildikdə jurnalist vəsiqəsinin dəyişdirilməsi üçün müraciət etməlidir.
Əmək müqaviləsinə xitam verilmiş jurnalist sonuncu iş günündə öz vəsiqəsini işəgötürənə (media subyektinə) təhvil verməli, media subyekti isə həmin vəsiqəni təhvil aldığı gündən ən geci 3 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məhv edilməsi üçün təqdim etməlidir.
Qeyd edək ki, "Media haqqında" qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektləri, redaksiyalar və onların məhsullarına, eyni zamanda Azərbaycanın hüdudlarından kənarda olan, fəaliyyəti Azərbaycan ərazisinə və auditoriyasına istiqamətlənmiş bütün subyektlərə, Azərbaycandan kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılmış hissəsinə və jurnalistlərə şamil olunacaq.
Layihəyə əsasən, kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətini təsadüfi və qeyri-müntəzəm şəkildə həyata keçirən, əsas istiqaməti media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcəklər.
Eləcə də oxuyun:
* Media reyestrinə daxil edilmiş jurnalistlər hansı hallarda reyestrdən çıxarılacaq?
* Milli Məclisdə "Media haqqında" yeni qanun layihəsi müzakirə edilir
Dəyişikliklər büdcəyə 65 milyon manat qazandıracaq - Rəsmi
* Xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq