Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Əli Hüseynli: “Media haqqında” qanun Azərbaycan mətbuatının inkişafına töhfəsini verəcək

© Sputnik / Talekh MakhmudovMilli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli - Sputnik Azərbaycan, 1920, 10.12.2021
Abunə olmaq
Milli Məclisdə "Media haqqında" yeni qanun layihəsi müzakirə edilir. Əhməd İsmayılov bildirib ki, "Media haqqında" qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsini təcəssüm etdirir
BAKI, 10 dekabr — Sputnik. Azərbaycan mətbuatı hər zaman olduğu kimi, vətəndaşlıq mövqeyi nümayiş etdirir. Biz bunu Vətən müharibəsində aydın gördük və şahidi olduq. Bu gün müzakirə etdiyimiz "Media haqqında" qanun layihəsi media üçün yol xəritəsidir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlament komitələrinin dekabrın 10-da keçirilən birgə iclasında bildirib.
Əli Hüseynli "Media haqqında" Qanunun Azərbaycan mətbuatının inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, 44 günlük Vətən müharibəsi medianın rolunun, informasiyanın gücünün hərbi əməliyyatlar kimi önəmli olduğunu göstərdi. Yeni qanun layihəsi ölkəmizdə medianın daha da inkişaf etdirilməsinə, jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edəcək.
Komitə sədri diqqətə çatdırıb ki, 146 yaşlı mətbuatımızın ənənələrini qoruyub saxlamaq və daha da inkişaf etdirmək qarşıya vacib məsələ kimi qoyulub. "Media haqqında" Qanun bu vəzifələrin yerinə yetirilməsində yol göstərəcək.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxış edərək bildirib ki, "Media haqqında" qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsini təcəssüm etdirir. Bu layihə media sahəsində hüquqi normativ bazanın yaradılması və jurnalistlərin peşəkarlığının artırılmasını, digər mühüm məqamları özündə ehtiva edir. "Media haqqında" Qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir.
İcraçı direktor diqqətə çatdırıb ki, qanun qəbul edilməsində məqsəd daxili məhsulun keyfiyyətli hazırlanması, paylanması, ölkənin prinsiplərinə, dövrün tələblərinə uyğunlaşdırılmasıdır.
Qanun layihəsində bir çox məsələlərin əks olunduğunu qeyd edən Əhməd İsmayılov layihədə müəllif hüquqlarının qorunması ilə bağlı vacib müddəaların öz əksini tapdığını deyib:

"KİV-in hüquqlarının, fikir, söz azadlığının təmin edilməsi, bərabər imkanların yaradılması mühüm amillər kimi diqqət çəkir. Media savadlılığının artırılması və media sahəsində çalışanlar üçün imtiyazların müəyyən edilməsi də qanun layihəsində yer alıb".

Qeyd edək ki, "Media haqqında" qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektləri, redaksiyalar və onların məhsullarına, eyni zamanda Azərbaycanın hüdudlarından kənarda olan, fəaliyyəti Azərbaycan ərazisinə və auditoriyasına istiqamətlənmiş bütün subyektlərə, Azərbaycandan kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılmış hissəsinə və jurnalistlərə şamil olunacaq.
Layihəyə görə, kütləvi informasiya - əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırılan, media subyektləri tərəfindən dərc olunan və ya yayımlanan məlumatlardır. Media kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və ya yayımlanmasını həyata keçirmək üçün istifadə olunan ələt və vasitələr, habelə onların yaratdığı informasiya mühitidir.
Media subyekti əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və ya yayımlanması olan fiziki və ya hüquqi şəxsdir. Redaksiya isə veb saytlar, qəzetlər və digər dövri nəşrlərin, habelə televiziya və radio kanallarının və sifarişli yayım xidmətinin yaradıcı heyətindən ibarət bölmədir.
Həmçinin oxuyun:
Milli Məclisdə "Media haqqında" yeni qanun layihəsi müzakirə edilir
Dəyişikliklər büdcəyə 65 milyon manat qazandıracaq - Rəsmi
Xəbər lenti
0