"Birincisi, iqtisadiyyatda bərpaolunma prosesi gedir, idxal-ixrac əməliyyatları yenidən böyüyür. Həm də dollar və ya avroda idxal qiymətləri bahalaşıb. Bu da valyutaya olan tələbi artırır. Birinci səbəb iqtisadiyyatın bərpaolunmasıdır. İkinci səbəb psixoloji amil ilə bağlıdır. Son vaxtlar dolların digər dönərli valyutalara görə bahalaşması və Türkiyə lirəsinin kəskin ucuzlaşması psixoloji təzyiq yaradıb. Başqa sözlə, digər valyutaların dollar qarşısında ucuzlaşması manat üzərində psixoloji təzyiq yaradıb. Şirkətlərin, bankların xarici valyutada olan borclarının ödəmə müddəti də buna təsir edən amillərdir. Bu səbəblərdən dollara tələb artır".
"Bir neçə ildir ki, "Nağdsız hesablaşmalar haqqında" qanunun qüvvədə olması, nəzarətin artması, eləcə də əhalidə manat yığımının az olması, dollar satışı üzərində məhdudiyyətlər növbəti aylarda dollara tələbin kəskin artmayacağını göstərir. Burada idxal da önəmli faktordur. Gələn il idxalın həcminin cari illə müqayisədə kəskin artacağı gözlənilmir. Ona görə də tələb artımı o qədər də əhəmiyyətli olmayacaq. Amma qonşu ölkələrdə milli valyutalar kəskin dəyərdən düşərsə, bu, manatın üzərinə əlavə təzyiq yarada və dollara tələb daha da arta bilər. Manatın taleyi sadaladığım faktorlarla yanaşı, əsasən neft və qazın qiymətindən asılıdır. Hazırda neftin qiyməti yüksəkdir. Gələn il də qiymətin 50 dollardan yuxarı olacağı gözlənilir. Bu da onu deməyə əsas verir ki, ölkənin tədiyə balansı ilə bağlı ciddi problem yaranmayacaq".