RUSİYA

Rusiya Soçi görüşünün vacibliyini dünyaya göstərmək istəyir

NATO üzvü olan Türkiyə ilə əks qütbdə dayanan Rusiya bir-biri ilə ortaq məqamlar tapa bilirsə, bu digərləri üçün də nümunə ola bilər.
Sputnik
BAKI, 9 dekabr — Sputnik. Dünən Türkiyə Azərbaycan XİN rəhbərləri arasında telefon danışığı baş tutdu. Tərəflər regional məsələləri müzakirə etməklə yanaşı, "3+3" formatı ilə bağlı da fikir mübadiləsi apardılar. Eyni zamanda Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistanlı həmkarı ilə telefon danışığı apardı. Rusiya XİN rəhbəri Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesinin sürətləndirilməsinin vacibliyini vurğuladı. Bu gün isə Türkiyə XİN yaydığı açıqlamada bildirdi ki, sabah Moskvada "Altılıq platforması"nın ilk iclası keçiriləcək.
Sputnik Azərbaycan bölgədə son baş verən proseslərlə bağlı millət vəkili Rasim Musabəyov, millət vəkili Arzu Nağıyev və politoloq İlyas Hüseynovun fikirlərini öyrənib.
Millət vəkili Rasim Musabəyov deyib ki, Rusiya və Türkiyə bölgədə sabitliyin təmin olunmasına çalışır: "Onlar bölgədə əməkdaşlığın başlaması üçün fəaliyyət göstərirlər. Müşahidə olunan həm də odur ki, bu sadəcə sözlə çağırış deyil. Məlumdur ki, diplomatik yollarla Ermənistanı yola gətirmək üçün təzyiqlər göstərilir. Rusiya Rüstəm Muradovu Yerevana göndərib ki, konkret işlərin təşkili ilə bağlı qərarlar verilsin. Sərhədlər müəyyənləşmədikcə tərəflər arasında toqquşmaların olması qaçılmazdır. Hər iki tərəf itkilərə məruz qalacaq. Bu hadisələrdən dərs çıxarılmalı və sərhədlə bağlı işlər tezləşdirilməlidir. "Altılıq" formatı haqqında isə onu demək istəyirəm ki, bu formata daxil olan ölkələr yığışıb bütün problemləri həll etməyəcək. Bu formatın işi bölgə dövlətlərinin yığışıb problemləri müzakirə etməsi və aradan qaldırmasıdır".
TƏHLİL
Politoloq: Soçi görüşündə diqqət çəkən məqam - status məsələsi artıq yoxdur
Politoloq İlyas Hüseynov isə bildirib ki, regionda ciddi geo-siyasi proseslərin getdiyi müşahidə olunur:
"Ötən ilin 10 noyabrında imzalanmış üçtərəfli birgə bəyanatın maddələrinin tətbiq olunması zəruri xarakter daşıyır. Türkiyənin regionda güclənməsi fonunda maraqların və ambisiyaların bölüşdürülməsi kontekstində də bir sıra əməkdaşlıq münasibətləri qurulur. Bu baxımdan Soçi bəyanatını da xatırlamaq lazımdır. Biz müşahidə edirik ki, Ermənistanda da ilk üçtərəfli bəyanatın 9-cu maddəsinin icrası ilə bağlı qızğın diskussiyalar gedir. Artıq Türkiyə və Rusiyanın da proseslərə ciddi şəkildə müdaxilə etməsi müşahidə olunur".
Politoloq vurğulayıb ki, bəyanatlardan irəli gələn məsələlərin icra olunma vaxtıdır: "Amma bununla yanaşı revanşist meylli qüvvələrin də proseslərə müdaxilə etmək istəyi hisss olunur. Lakin bunlar əbəsdir. Əsas güc mərkəzlərinin marağındadır ki, iqtisadi və nəqliyyat əlaqələri bərpa olunsun".
Millət vəkili Arzu Nağıyev isə deyib ki, Rusiyanın məqsədi Soçi görüşündə əldə olunmuş razılıqları Brüssel görüşünə qədər həyata keçirməkdir:
"Məhz rusiyalı generalların Ermənistana baş tutan səfəri, burada delimitasiya və demarkasiya məsələlərini gündəmə gətirməsi bir mənalı şəkildə deyə bilərəm ki, Soçi görüşünün vacibliyini dünyaya göstərmək xarakteri kəsb edir. Nə qədər ki, delimitasiya və demarkasiya ilə bağlı komissiya yaranmayıb, danışıqlar bir nəticə verməyəcək. Azərbaycan proseslərdə diqtə edən tərəfdir və öz sərhədlərinin haradan keçdiyini bilir. Bu baxımdan uyğun xəritələr əsasında proses tezləşdirilməlidir".
SİYASƏT
Prezidentin köməkçisi Soçi görüşü barədə: Azərbaycan tərəfindən müsbət qiymətləndirilir
Arzu Nağıyev hesab edir ki, "3+3" formatı ilə bağlı hər bir dövlətin ayrıca bir yanaşması mövcuddur:
"Azərbaycan bu prosesdə də bütün iştirakçı dövlətlərlə danışıqlara hazırdır, lakin platformaya daxil olan ölkələr arasındakı problemlər də həllini tapmalıdır. Biz burada Türkiyə-Ermənistan, Gürcüstan-Rusiya problemlərinin olduğunu yaxşı anlayırıq. O da məlumdur ki, Ermənistan çox ciddi-cəhdlə Qərbi də bu proseslərə daxil etmək istəyir. Türkiyə və Rusiya proseslərin sürətləndirilməsi üçün öz nüfuzlarından istifadə edə bilər. NATO üzvü olan Türkiyə ilə əks qütbdə dayanan Rusiya bir-biri ilə ortaq məqamlar tapa bilirsə, bu digərləri üçün də nümunə ola bilər".
Həmçinin oxuyun:
Putin və Ərdoğan Soçi görüşünün nəticələrini müzakirə ediblər
Soçidə üçtərəfli görüşdən İƏT-in Zirvə Toplantısına qədər - həftəlik icmal
Ərdoğan Soçi görüşü barədə: Araz çayı boyunca avtomobil və dəmir yolu çəkiləcək