SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Soçidə üçtərəfli görüşdən İƏT-in Zirvə Toplantısına qədər - həftəlik icmal

© Sputnik / Михаил Климентьев / Mediabanka keçidƏliyev, Paşinyan, Putin
Əliyev, Paşinyan, Putin - Sputnik Azərbaycan, 1920, 28.11.2021
Abunə olmaq
Mariya Zaxarova: Biz regionda dinc həyatın bərqərar olması, sabitliyin möhkəmlənməsi ilə bağlı addımların atılması üçün lazım olan hər şeyi edirik.
BAKI, 26 noyabr — Sputnik. Ötən həftə siyasi hadisələrlə zəngin olub. Sputnik Azərbaycan önə çıxan məqamları təqdim edir.
Azərbaycan daha bir ölkədə səfirlik açır
Noyabrın 22-i Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi haqqında" qanunu imzalayıb.
Qanuna əsasən Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyi təsis edilir.
Bundan başqa, Prezident İlham Əliyev noyabrın 22-də Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan etdi
Noyabrın 23-ü Ermənistan Rusiya ilə müzakirələr zamanı Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazır olduğunu bildirib. Bu barədə Sputnik Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyana istinadla məlumat yayıb.
"Hökumət proqramında da qeyd olunduğu kimi, Ermənistan hər zaman ilkin şərt olmadan Türkiyə ilə münasibətlərini normallaşdırmağa hazırdır. Bir sıra beynəlxalq tərəfdaşlarımız, xüsusilə də Rusiya erməni-türk münasibətlərini normallaşdırmağa vasitəçilik etməyə hazır olduqlarını bildiriblər", – deyə Unanyan vurğulayıb.
Yerevan və Bakı arasında müdafiə nazirləri səviyyəsində birbaşa əlaqə qurulub
Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” vasitəsilə birbaşa efir zamanı KİV-lərin suallarını cavablandırarkən deyib ki, Ermənistan və Azərbaycan arasında müdafiə nazirləri səviyyəsində birbaşa operativ əlaqə qurulub.
"Avropa Birliyi sədri ilə telefon danışıqları zamanı (İlham Əliyevlə görüşə dair) daha bir təşəbbüs ortaya çıxıb. Söhbət müdafiə nazirləri arasında birbaşa əlaqədən gedir. Məqsəd insidentlərin qarşısının alınmasıdır. Bu, ilk dəfədir. Əlaqə qurulub və mən Azərbaycan Prezidentinin bu qərarını qiymətləndirirəm. Bu operativ əlaqənin nə dərəcədə effektiv olmasını zaman göstərəcək", - deyə Ermənistan Baş naziri bildirib.
Rusiya Qarabağa sərmayə qoymaq istəyir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.
Söhbət zamanı ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib, bu il ticarət dövriyyəsinin 7 faiz artdığı qeyd olunub. Rusiya şirkətlərinin Azərbaycana böyük maraq göstərdiyi bildirilərək, Prezident İlham Əliyevin bu işdə dəstəyinin önəmi vurğulanıb. Bildirilib ki, görüş keçirildiyi vaxtda eyni zamanda Azərbaycan-Rusiya işgüzar dairələri arasında da danışıqlar davam edir.
Görüşdə Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyəti, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu məsələləri geniş müzakirə olunub. Əminlik ifadə edilib ki, Azərbaycan-Rusiya münasibətləri müxtəlif sahələrdə bundan sonra da uğurla inkişaf edəcək.
Söhbət zamanı Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli komissiyanın fəaliyyəti və eləcə də gələcək planlar haqqında fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı İlham Əliyev bu sahədə göstərdiyi səylərə görə Aleksey Overçuka təşəkkürünü bildirib.
Görüşdə o da qeyd olunub ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının tezliklə açılması bölgədə sabitliyə və iqtisadi inkişafa öz töhfəsinin verəcək.
Overçuk bundan öncə Bakıya iyulda gəlmişdi. Həmin vaxt dövlətimizin başçısı ilə görüşdə regionda kommunikasiyaların açılmasına cavabdeh olan Qarabağ üzrə üçtərəfli işçi qrupun fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunmuşdu.
Tərəflər eləcə də ikitərəfli məsələlərə toxunmuş, Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı və məhsul mübadiləsinin artımını məmnunluqla qeyd etmişdilər.
Azərbaycan-Rusiya sərhədində sərhəd-keçid məntəqələrinin işinin yaxşılaşdırılması ilə bağlı aspektlər, ticari-iqtisadi, nəqliyyat və digər sahələrdə əməkdaşlıq perspektivləri də müzakirə mövzusu olmuşdu.
Putinlə Əliyevi dostluq münasibətləri bağlayır
Azərbaycan və Ermənistan arasında barışın əldə olunması bir sıra problemlərin həllində, o cümlədən sərhədlərin delimitasiya və demarkasiya prosesində dəqiqlik tələb edir. Rusiya bu məsələdə tərəflərə dəstək verməyə hazırdır. Bunu Bakıda səfərdə olan Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib.
Şvıdkoy Azərbaycan və Rusiya prezidentləri arasında uzun müddətdir dostluq münasibətləri olduğunu nəzərə çatdırıb.
Rusiya prezidentinin xüsusi nümayəndəsi bildirib ki, hazırkı mərhələdə təkcə dövlətləri deyil, həm də xalqları barışdırmaq üzərində düşünmək lazımdır.
"Tarixin son 30 illik səhifəsi 2020-ci ildə çevrildi... Bu gün əsas məsələ sülhə alternativin olmadığını anlamaqdır, çünki müharibə heç bir xalqa xoşbəxtlik gətirmir", - deyə o qeyd edib.
Rusiya XİN: Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasına xüsusi diqqət ayrılır
Noyabrın 25-i Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bildirib ki, Qarabağda vəziyyət ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində müzakirə olunacaq.
Zaxarova, həmçinin vurğulayıb ki, hazırda Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasına xüsusi diqqət ayrılır:
"Biz regionda dinc həyatın bərqərar olması, sabitliyin möhkəmlənməsi ilə bağlı addımların atılması üçün lazım olan hər şeyi edirik. Hazırda ticari-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına xüsusi diqqət ayrılıb".
İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı
Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib:
“Şərq-Qərb nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu yükdaşımalarda mühüm rol oynayır”. Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısında çıxışında bildirib.
İran ilə Türkiyə və Azərbaycanın əlaqələrinə zərər vurulmasına imkan verməməliyik. Bu üç qonşu ölkə tarixi, mədəni, dini və coğrafi baxımdan biri-birinə bağlıdır. Bu sözləri İran Prezidenti Seyid İbrahim Rəisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.
Görüşdə iştirak edən Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında həmkarlarına Zəngəzur dəhlizi haqqında məlumat verdiyini deyib: "Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər".
Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi: "Mən həmişə demişəm ki, biz bunu Sizdən öyrənməliyik. Vaxtı düzgün seçmişdiniz. Dünya bunu qəbul etdi, bunu etmək lazım idi. Əslində bu, BMT-nin icra olunmamış qətnamələrinə əsasən atılmış bir addım idi".
Xəbər lenti
0