BAKI, 8 dekabr — Sputnik. Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə telefon danışığı baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, nazirlər bölgədə mövcud olan son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Nazirlər, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Pakistanda keçirilməsi nəzərdə tutulan növbədənkənar görüşü ilə bağlı fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı tərəflər, qarşılılıq maraq doğuran digər məsələlər də müzakirə edilib.
Xatırladaq ki, noyabrın 27-də də Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla müzakirələr aparıb. Nazirlər İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci sammiti ərəfəsində Aşqabadda görüşüblər.
Üçtərəfli bəyanat
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Üç ölkə liderinin 11 yanvar bəyanatı
Xatırladaq ki, bu ilin yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.
Həmçinin oxuyun:
Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri bir araya gələcəklər
Soçidə üçtərəfli görüşdən İƏT-in Zirvə Toplantısına qədər - həftəlik icmal
Rusiya Qarabağa sərmayə qoymaq istəyir - Prezident Əliyev Overçuku qəbul edib
Moskvada Qarabağa dair üçtərəfli işçi qrupun iclası keçirilib