İQTİSADİYYAT

Azərbaycanda vergi ödəyiciləri nə qədər artıb -DETALLAR

Yeni qeydiyyat üsulu ilə - fin kod+mobil nömrə - 1723 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb.
Sputnik
BAKI, 7 dekabr — Sputnik. 2021-ci il dekabrın 1-nə respublika üzrə uçotda olan 1.321.539 vergi ödəyicisinin 87,8%-i fiziki şəxslər, 12,2%-i faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Dövlət Vergi Xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9,9%, o cümlədən kommersiya qurumlarının sayı 8,4% artıb.

Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 90,7%-i yerli investisiyalı müəssisələrdir

Yanvar-noyabr ayları ərzində 10.769 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,5% çoxdur. Hesabat dövründə qeydiyyatdan keçmiş kommersiya qurumlarının 90,7%-i yerli investisiyalı, 9,3%-i xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 82,8%-i elektron qaydada, 17,2%-i isə kağız daşıyıcıları vasitəsilə edilmiş müraciətlər əsasında qeydə alınıb, onlardan 2.529-nun (ümumi qeydiyyatın 23,5%-i) ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin edilib. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 92,7% təşkil edib. 2020-ci ilin mart ayından etibarən başlanan 12 aylıq azalma dövründən sonra, ardıcıl doqquz ayda (2021-ci ilin mart-noyabr ayları) qeydiyyatın sayında artım müşahidə edilib.
Yanvar-noyabr ayları ərzində dövlət qeydiyyatına alınmış yerli investisiyalı kommersiya qurumlarının sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,6% artıb ki, bu da bütünlüklə elektron qeydiyyatın sayının artması hesabına baş verib.
Fəaliyyəti bərpa edilmiş hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% artaraq 7.780 vahid təşkil edib. Fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə ötən ilə nisbətən 2,5% artıb.

Kommersiya qurumlarının sayı artıb

01.12.2021-ci il tarixə qeydiyyatda olan aktiv kommersiya qurumlarının sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,4% artıb, xüsusi çəkisi isə 59,8%-ə yüksəlib. Kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,7% artıb. Ümumiyyətlə, müqayisə edilən dövrdə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 11,3% artaraq 41.543 vahid təşkil edib.
2021-ci ilin dekabrın 1-nə 16.732 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib, fəaliyyəti aktiv olan xarici investisiyalı kommersiya qurumlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,9% artıb. Yanvar-noyabr ayları ərzində dövlət qeydiyyatından keçmiş 999 xarici investisiyalı kommersiya hüquqi şəxsin 33,1%-i ticarət, 26,8%-i xidmət, 12,1%-i tikinti, 10,7%-i sənaye, 4,8%-i rabitə, 12,5 %-i isə digər sahələrdə fəaliyyət göstərir.

Yeni qeydiyyat üsulundan istifadə edənlərin sayında əhəmiyyətli artım var

Yanvar-noyabr ayları ərzində yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1.723 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 86,5% çox) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,9% təşkil edib.
Eləcə də oxuyun:
* Riskli vergi ödəyiciləri ilə bağlı məlumatları əldə etmək asanlaşdı
* Qarabağda biznes fəaliyyəti göstərmək istəyənlərin üçdə biri əcnəbidir
* "ƏDV geri al"da gələn aydan dəyişikliklər ediləcək