BAKI, 6 dekabr — Sputnik. İran XİN rəhbərinin köməkçisi Əli Baqiri Keni ölkəsinin ABŞ-ın İran xalqına yönəlik sanksiyalarının qaldırılması ilə bağlı tələblərdən geri çəkilmədiyini bildirib. Sputnik Azərbaycan xəbər verir ki, Əli Baqiri Keni bunu İtaliya xəbər agentliyinə müsahibəsində deyib.
2018-ci ildə Nüvə Razılaşmasından çıxdığı üçün ilk addım ABŞ atmalıdır deyən Əli Baqiri qeyd edib ki, İranın "5+1" formatına təqdim etdiyi təkliflər yetərincə məntiqlidir: "Bu təkliflər müzakirələr üçün təməl ola bilər. İran müzakirələrdə zalımca və qeyri-qanuni sanksiyaların ləğv edilməsi və nüvə proqramı ilə bağlı iki təklif mətni təqdim edib. Qarşı tərəf İranın təkliflərinə bir cavab verməlidir. Əgər bu təkliflərimiz qəbul olunarsa, üçüncü bir təklif də təqdim edəcəyik".
Qeyd edək ki, bundan əvvəl Vyanada danışıqların 6 raundu keçirilib. Danışıqlar iyunda mühafizəkar İbrahim Rəisi prezident seçiləndən sonra dayanıb. Danışıqlardan məqsəd həm Vaşinqtonun, həm də Tehranın 2015-ci il nüvə sazişinin şərtlərinə qayıtmasıdır.
Birgə Hərtərəfli Hərəkət Planı adlanan nüvə sazişi İranın öz nüvə proqramını məhdudlaşdırması müqabilində, Tehranın üzərindəki ABŞ sanksiyalarının qaldırılmasını nəzərdə tutur. 2015-ci il sazişinin digər imza tərəfləri - Fransa, Britaniya, Almaniya, Rusiya və Çin İranın tez bir zamanda danışıqlara qayıtmasını gözləyirlər və bundan sonra hər hansı ləngimənin məqbul olmadığını bildirirlər.
Eləcə də oxuyun:
* İsraildən ABŞ-a kritik səfər: İranın taleyi həll ediləcək
* İbrahim Rəisinin Aparat rəhbəri: "Təəssüf ki, son illərdə İranda qonşu ölkələr unudulub"