CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyə Qarabağda seysmik stansiyaların quraşdırılmasına dəstək verəcək

Sputnik
BAKI, 1 dekabr - Sputnik. Həm Türkiyədə, həm də qardaş Azərbaycanda təbii fəlakətlər və zəlzələlər olur. Bizim bu səfərimizin əsas məqsədi odur ki, biz bu sahələrdə əməkdaşlığımızı daha da genişləndirək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) başqan yardımçısı İsmayıl Palakoğlu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində keçirilən görüşdə deyib.
O, azərbaycanlı həmkarlarına zəlzələlərin öyrənilməsi sahəsində hər cür dəstək verməyə hazır olduqlarını qeyd edib:
"Biz bilirik ki, azərbaycanlı qardaşlarımızın bu sahədə böyük və uğurlu işləri var. Biz də öz tərəfimizdən istər seysmik stansiya məlumatlarının ötürülməsi, istər təcrübə mübadiləsinin aparılması, istərsə də seysmik stansiyaların quraşdırılması sahəsində Azərbaycan tərəfinə hər cür dəstək verməyə hazırıq”.
AFAD rəsmisi həmçinin onu da deyib ki, Türkiyə tərəfi Azərbaycana Qarabağda quraşdırılacaq seysmik stansiyalarla bağlı dəstək göstərmək niyyətindədir. Bundan başqa, AFAD-ın başqan yardımçısı türkdilli dövlətlərin və region ölkələrinin seysmik mərkəzlərinin birgə təşkilatının yaradılmasını nəzərdə tutulduğunu qeyd edib. Onun sözlərinə görə, həmin təşkilat çərçivəsində əməkdaşlıq və birgə tədqiqatların aparılması regionun seysmik vəziyyəti ilə bağlı daha yaxşı nəticələrin əldə olunmasına səbəb ola bilər.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Azərbaycan və Türkiyənin qardaş ölkələr olduğunu qeyd edərək bildirib ki, bütün sahələrdə olduğu kimi, zəlzələlərin tədqiqatı və öyrənilməsi sahəsində ölkələrimiz arasında sıx əməkdaşlığın qurulması vacibdir. Həm Azərbaycanın, həm də Türkiyənin ərazisinin seysmik baxımdan aktiv bölgələrdə olduğunu qeyd edən akademik R.Əliquliyev geniş əməkdaşlıq üçün hər iki tərəfdə böyük imkanların və potensialın olduğunu diqqətə çatdırıb. “Ölkələrimiz arasında yaranmış son reallıq bizim hər bir məsələdə bir olmağımızı vacib edir. Əminəm ki, AFAD və RSXM arasındakı əməkdaşlığın genişlənməsi sayəsində təbii fəlakətlər və zəlzələlərin öyrənilməsi sahəsində daha böyük nəticələr əldə olunacaq”.
CƏMİYYƏT
Abşeronun zəlzələ təhlükəsi Xəzər dənizindən gəlir
AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, hazırda mərkəz qardaş Türkiyənin Kocaeli, Sakarya Universitetləri, Boğaziçi Universitetinin Kandilli Rəsədxanası və Türkiyə DİN-nin Təbii Fəlakətlər və Fövqəladə Hallar Agentliyinin Zəlzələ Departamenti ilə yaxından əməkdaşlıq edir.
Görüşdə RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova Respublika Seysmoloji Xidmət Mərkəzində aparılan kompleks seysmoloji tədqiqatlar, seysmik stansiyalar şəbəkəsinin fəaliyyəti və yeni açılan seysmik stansiyalar, aparılmış elmi tədqiqatların nəticəsinə dair təqdimatla çıxış edib.
Türkiyə tərəfindən AFAD-ın Zəlzələ Departamentinin rəhbəri Murat Nurlu hazırda qardaş ölkədə aparılan seysmoloji tədqiqatlar və seysmik stansiyaların məlumatları əsasında alınmış nəticələr, tikinti sahələrində seysmikliyin qiymətləndirilməsi istiqamətində görülən işlər haqqında danışıb. AFAD-ın Zəlzələ Departamentinin şöbə müdiri Vedat Özsaraç isə məlumat mübadiləsi və birgə tədqiqatların aparılması sahəsində perspektiv layihələrə dair təqdimatla çıxış edib.
Sonda qonaqlara hədiyyələr təqdim olunub və xatirə şəkili çəkilib.
Eləcə də oxuyun:
* Azərbaycanda ard-arda iki zəlzələ olub - FHN açıqlama verdi
* Azərbaycanda yeni seysmik stansiya quraşdırılıb