AZƏRBAYCAN XƏBƏRLƏRİ

Qəzaya uğramış helikopterin qara qutusu tədqiq edilir - kənar müdaxilə olmayıb

Noyabrın 30-u saat 10 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş həyata keçirmək üçün havaya qalxmış DSX-ya məxsus Mİ-17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna olunur.
Sputnik
BAKI, 30 noyabr - Sputnik. Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur.
Bu barədə məlumatı Baş Prokurorluq yayıb.
Məlumatda qeyd olunur ki, istintaqın hazırki mərhələsində müəyyən edilib ki, noyabrın 30-u saat 10 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş həyata keçirmək üçün havaya qalxmış DSX-ya məxsus Mİ-17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna olunur.
Hadisənin pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş hər hansı texniki nasazlıq, hava şəraiti, o cümlədən hər-hansı digər səbəbdən baş verməsi ilə bağlı bütün ehtimallar ətraflı yoxlanılır.
Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, Müdafiə Nazirliyindən cəlb olunmuş mütəxəssis tərəfindən qara qutunun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.
Eyni zamanda Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət yaradılmış istintaq qrupu tərəfindən zərərçəkmiş Emil Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilmiş, iş üzrə müvafiq ekspertizalar təyin edilib, o cümlədən zəruri sorğular verilib.
Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Həmçinin oxuyun:
Helikopter qəzasında həlak olanların nəşi Bakıya gətirilib
İran helikopter qəzası ilə bağlı Azərbaycan xalqına başsağlığı verdi
DSX helikopterinin qəzaya uğraması zamanı ölən və yaralananların sayı bəlli oldu - SİYAHI
Prezident İlham Əliyev helikopter qəzası ilə bağlı başsağlığı verib
On dörd nəfərin ölümünə səbəb olan helikopter qəzası ilə bağlı cinayət işi açıldı