BAKI, 30 noyabr - Sputnik. Yaralılar hazırda DSX-nin Hərbi Hospitalındadırlar, hər ikisi ilə telefon əlaqəsi saxlamışam.
Sputnik Azərbaycan xəbər ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Səhhətləri normaldır. Onların sağlamlığının bərpa olunması üçün zəruri tədbirlər həkimlər tərəfindən həyata keçirlir”, - o bildirib.
DSX rəisi həmçinin qeyd edib ki, helikopter qəzasında həlak olanlara qanunvericiliyə əsasən şəhid statusu veriləcək:
"Təlim zamanı həlak olan hərbçilərə qanunvericiliyə uyğun olaraq, şəhid statusu verilir".
"Helikopterin pilotu ən yüksək səviyyədə ağır şəraitlərdə uçuşlarda təlimatlı olan pilotlarımızdan biridir. Uçuş imkanı və icazəsi olan pilotlarımızdan biridir. Polkovnik Füzuli Cavadov I Qarabağ müharibəsində də iştirak edib", - Quliyev bildirib.
E.Quliyev onu da qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən hadisənin təfərrüatının daha da dəqiqləşdirilməsi, həlak olan şəhidlərimizin dəfn edilməsi, yaralıların müalicəsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.
DSX rəisinin sözlərinə görə, qəzaya uğrayan helikopter demək olar yenidir və qısa müddət öncə təmir işləri aparılıb.
Elçin Quliyev onu da əlavə edib ki, Dövlət Sərhəd Xidmətinin helikopteri təlim məqsədi ilə "Qaraheybət" təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb.
Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Həmçinin oxuyun: