BAKI, 27 noyabr — Sputnik. Ermənistan mediasında yayılan bir xəbərdə bildirilirdi ki, Ermənistan tərəfi törətdiyi 16 noyabr təxribatından sonra Azərbaycana əsir düşmüş hərbi qulluqçularının hüquqlarının qorunması üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.
Qeyd etmək lazımdır ki, son məlumata görə, birinci Qarabağ müharibəsi dövründə Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olmaqla, ümumilikdə 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Sputnik Azərbaycan ölkəmizin də eyni qaydada müraciət hüququndan istifadəsini araşdırıb.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu və Beynəlxalq hüquq məsələləri üzrə ekspert, hüquqşünas Əlövsət Allahverdiyev fikirlərini bölüşüb.
Millət vəkili Hikmət Babaoğlu qeyd edir ki, Azərbaycan tərəfində saxlanılan hərbi əsirlər barədə məlumatlar açıqdır və Ermənistan tərəfi onlar haqqında məlumat əldə edə bilər:
"Noyabrın 16-da əsir götürülmüş şəxslər güc tətbiq edərək Azərbaycanın ərazi bütövlüyünü pozmağa cəhd ediblər. Bu Azərbaycana qarşı törədilmiş cinayətdir və hüquqi nəticəsini almalıdır. Bu beynəlxalq hüquq vasitəsilə manipulyasiya ediləcək bir məsələ ola bilməz. Bu baxımdan beynəlxalq məhkəmələrə müraciət edərək törədilmiş konkret cinayət üçün bəraət hüququnun iddia edilməsi məntiqə ziddir".
"Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə bağlı məsələ daim Azərbaycan ictimaiyyətinin diqqətindədir. Bildiyiniz kimi, Azərbaycan tərəfi Ermənistanın törətdiyi cinayətlərlə bağlı beynəlxalq məhkəmələrə müraciət edib. Onların bir qismi ilə bağlı hazırda prosedurlar davam etməkdədir. Azərbaycan bununla bağlı prosesi davam etdirəcək", - deyə millət vəkili bildirib.
Beynəlxalq hüquq məsələləri üzrə ekspert, hüquqşünas Əlövsət Allahverdiyev bildirir ki, Azərbaycan tərəfi erməni hərbi əsirləri ilə qanunauyğun formada davranır. Onun sözlərinə görə, hərbi əsirlər burada hər hansı işgəncəyə məruz qalmırlar, tibbi yardımla hər tərəfli qaydada təmin olunurlar:
"Ermənistan tərəfi yenidən manipulyativ yol seçərək şər-böhtan kampaniyası aparmağa cəhd edir. Bizim hərbi əsirlərimiz isə hər zaman işgəncələrə məruz qalıblar. Elə son müharibədə əsir düşmüş hərbçimizin ayağının ağır işgəncələr altında amputasiya edilməsi bunların bir örnəyidir".
Ekspert deyir ki, Ermənistan tərəfi bu günə qədər birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızın taleyinə aydınlıq gətirməkdən imtina edir, onlarda bu barədə hər hansı məlumatın olmasını rədd edir:
"Bilirik ki, Azərbaycan artıq Ermənistan haqqında beynəlxalq məhkəmədə iddia qaldırıb. Düşünürəm ki, bununla bağlı da iddiaların qaldırılması labüddür. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri burada saxlanılan hərbi əsirlərə mütəmadi olaraq baş çəkir. Bu baxımdan AİHM-in bu məsələyə həssas və diqqətlə yanaşacağını düşünürəm".
Həmçinin oxuyun:
* Əsirlikdə keçən 452 gün: "Hər erməniyə bizə işgəncə verməsi üçün imkan yaradılırdı"
* Ermənistanın qəddar rəftarı: üçüncü dövlətin ərazisində əsir götürülmüş azərbaycanlı
* Azərbaycanlı kəşfiyyatçı: Şəhidimizi silahsız çıxardıq ki, ermənilər vahiməyə düşsünlər
* Dövlət Komissiyası Azərbaycan tərəfinə keçən iki erməni ilə bağlı məlumat yayıb