BAKI, 24 noyabr — Sputnik. “Rüsumların 50-60% artmasının ehtiyac meyarına, yaşayış minimumuna uyğun gəlib-gəlmədiyi, vətəndaşın bunu ödəməyə gücünün çatıb-çatmayacağı araşdırılmalıdır”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, rüsumların bu qədər artması araşdırılmalıdır: “Rüsumlarda nə qədər artım var, biz nəyə səs veririk? Camaat bunu ödəyə biləcəkmi? Maşını saxlayıb gedirsən, axşam 60 manat cərimə gəlir. Bir ay ödəməsən, unutsan, 120-130 manat olur. Adı da olur ki, dəbbə faizi gəlib. Büdcə millətə verdiyinin neçə faizini cərimə və rüsumlarla geri qaytarır? Bu, müəyyən olunmalıdır”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə deyib ki, rüsumlarda 2-3 dəfə artım yoxdur.
“Bəzi rüsumlarda 20, 30, 40, 50 faiz artımlar var. Təbii ki, istənilən artım insanların cibinə təsir edir. Biz bunu qəbul edirik. Ancaq pensiya və maaşlar da artırılır. Ümumiyyətlə, hər kəs qəbul etməlidir ki, cərimənin məbləği və fəlsəfəsi ödəyə bilmək üçün deyil. Cərimənin fəlsəfəsi qaydanı pozmamaq üçündür. Dəbbə pulunun çox olması ilə bağlı da bizə müraciətlər daxil olur. Bununla bağlı araşdırmalarımız olacaq. Dəbbə pulunun çox olması ilə bağlı fikrə qatılıram”.
Eləcə də oxuyun:
* Tibbi xidmətlər bahalaşacaq? Yeniliklərin yükü yenə pasiyentin çiyninə düşəcək