CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MM-də etiraz: “Bu, mütərəqqi yox, mürtəce dəyişiklikdir”

© AP Photo / Evan VucciImza
Imza - Sputnik Azərbaycan, 1920, 24.11.2021
Abunə olmaq
Deputat bildirib ki, bələdiyyə institutunun gücləndirilməsi üçün çalışmalıydıq, amma əksini edirik.
BAKI, 24 noyabr — Sputnik. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna dəyişikliyə birinci oxunuşda münasibət bildirdim və bu dəyişikliyi məqbul saymadığımı dedim. Dəyişikliyə görə, yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kirəmit gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisi mərkəzləşdirilir. Mədən vergisi toplayan xeyli bələdiyyə ilə danışdım və görürəm ki, bu dəyişiklik mütərəqqi yox, mürtəce dəyişiklikdir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Razi Nurullayev deyib.
Deputat sual edib ki, bələdiyyələri formal qurum kimi saxlamaq nəyə lazımdır: “Birdəfəlik ləğv edək getsin. Onsuz da gördüyüm budur ki, get-gedə bizdə hakimiyyət mərkəzləşir, yerli hakimiyyətlər daha da çox mərkəzə tabe edilir, vergilərin qalan hissəsi də mərkəzləşir. Bu tip idarəetmə sistemi ziyanlıdır və belə çıxmır ki, biz elə bil sosialist əmək və idarəetmə sistemini yenidən bərpa edirik? Bələdiyyə dotasiya ilə yaşayar? Dünyanın hansı ölkəsində onlar dotasiya ilə yaşayır? Onlarla bələdiyyə var idi ki, özlərini saxlaya bilirdilər, indi onları da əlimizə baxmağa vadar edək. Düzgün yanaşma deyil”.
Deputat bildirib ki, bələdiyyə institutunun gücləndirilməsi üçün çalışmalıydıq, amma əksini edirik: “Bələdiyyələrin effektiv işləməsi üçün onların üzərindən “torpaq satan” damğasını götürməli və üzərlərinə yerli inkişafa nail olmaq üçün ciddi məsuliyyət qoymalıyıq. Bunun üçün də onların yerli səviyyədə maliyyə imkanlarını genişləndirməliyik, daha kiçicik işıq gələn yeri da tutmalı deyilik. Əgər deyildiyi kimi, onlar vergini yığa bilmirdilərsə, yaxşı, olsun, mərkəzi hökumət gedib vergini yığsın, amma yığım həmin bələdiyyənin büdcəsinə verilsin. Qanun layihəsinə dəyişikliyin əleyhinə səs verəcəyəm. Bu cür layihənin lehinə səs vermək təmsil etdiyim Milli Cəbhə Partiyasının proqram və prinsiplərinə tam olaraq ziddir”.
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, il ərzində bütün bələdiyyələr mədən vergiləri üzrə 1 milyon 700 min manat toplayır. Aidiyyəti qurum da təminat verir ki, həmin məbləği bələdiyyələr yığmasa belə, bələdiyyələrin ehtiyacı olduğu təqdirdə onlara veriləcək: “Ehtiyac yaranarsa, bələdiyyələrə əlavə vəsaitin ayrılması da nəzərdə tutulur. Bələdiyyələrə dövlət tərəfindən kifayət qədər dəstək göstərilir. Bu vergi yığmaq səlahiyyətinin bələdiyyədən alınması onların fəaliyyətinə elə böyük təsir etməyəcək”.
Qeyd edək ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna dəyişikliyə əsasən, yerli əhəmiyyətli tikinti materialları bələdiyyə vergilərinin vergitutma obyekti siyahısından çıxarılır. Yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kirəmit gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisi dövlət vergilərinə aid ediləcək.
Sonda layihə səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Xəbər lenti
0