BAKI, 22 noyabr — Sputnik. Azərbaycan və İran prezidentləri İlham Əliyev və İbrahim Rəisi bu ayın sonu Türkmənistanın paytaxtı Aşqabadda görüşə bilərlər. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.
Xətibzadə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfərinin əlamətdar olduğunu və konstruktiv keçdiyini də vurğulayıb.
Qeyd edək ki, noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT - ECO) Zirvə görüşü keçiriləcək. Təşkilatda Azərbaycan, Türkiyə, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızı Respublikası, Pakistan, Özbəkistan, Tacikistan, Türkmənistan təmsil olunur.
Xatırladaq ki, ötən gün Azərbaycan Baş nazirinin müavini, Azərbaycanla İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Hüseyin Əmir Abdullahiyanla görüşüb.
İran XİN başçısı Azərbaycan torpaqlarının işğaldan azad olunması və Zəfər Gününün ildönümü münasibətilə Ş.Mustafayevə təbriklərini çatdırıb, İranın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.
Ölkəmizin ərazi bütövlüyünə İranın davamlı dəstəyini və prinsipial mövqeyini vurğulayan Abdullahiyan İran şirkətlərinin işğaldan azad olunmuş Azərbaycan torpaqlarının yenidən qurulması və bərpası işlərində iştirak etməyə hazır olduğunu bildirib.
Görüşdə iki ölkə arasında fəaliyyət göstərən Hökümətlərarası Dövlət Komissiyasının əhəmiyyəti qeyd olunub və komissiyanın aktiv fəaliyyətindən məmnunluq ifadə edilib.
İki ölkə arasında iqtisadi-ticari əlaqələrin, turizm, nəqliyyat, energetika, tranzit daşımaları, birgə sənaye və investisiya layihələri, informasiya kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın davamlı inkişafı üçün səylərin daha da artırılması və görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub.
Görüşdə həmçinin regiondakı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Eləcə də oxuyun:
* İran Ermənistanla oyun qurdu: Sərhəddə baş verən son hadisələrin pərdəarxası