BAKI, 16 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Erməni tərəfin təşəbbüsü ilə RF Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycanla sərhəddə baş verən bir sıra insidentlərdən sonra vəziyyəti telefonla müzakirə ediblər. Bu barədə əlaqələrin davam etdirilməsi barədə razılıq əldə edilib", - məlumatda deyilir.
Bir qədər əvvəl Rusiya XİN və KTMT də Azərbaycan-Ermənistansərhədində baş verən gərginliklə bağlı açıqlama yayıblar.
KTMT katibliyi Azərbaycanla sərhəddə gərginliklə bağlı kömək barədə Ermənistandan rəsmi müraciət almadığını, Rusiya XİN isə münasibətlərin tezliklə sülh məcrasına yönəldilməsi üçün Bakı və Yerevanla sıx təmasda olduqlarını bildiriblər.
Həmçinin Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Ermınistan və Azərbaycandan olan həmkarları ilə telefonla danışıb.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri bu gün Azərbaycan dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisindən ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.
Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.
Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub. Nəticədə, ilkin məlumata görə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Yaralılara dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların həyatları üçün təhlükə yoxdur.
Eləcə də oxuyun: