DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zelenski Gürcüstan Baş nazirindən Saakaşvili üçün xahiş etdi

Gürcüstanın Ədliyyə naziri Rati Breqadze eks-prezident Mixeil Saakaşvilinin heç bir şərt olmadan aclıq aksiyasını dayandırmasını təqdir edib.
Sputnik
BAKI, 12 noyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə telefon danışığında ondan Mixeil Saakaşvili ilə ailə üzvlərinin və ukraynalı həkimlərin görüşünə icazə verməsini xahiş edib. Sputnik Azərbaycan xəbər verir ki, Ukrayna Prezidenti bu barədə özünün “twitter” hesabında paylaşım edib.
Ötən gün Mixeil Saakaşvilinin aclıq aksiyası keçirdiyi həbsxanadan zorla xəstəxanaya aparılması ilə bağlı kadrlar yayımlanmışdı. Kadrlarda Saakaşvilinin güc tətbiq edilərək avtomobilə mindirilməsi əks olunub.
Xatırladaq ki, noyabrın 10-da Avropa İnsan Haqları Məhkəməsi Gürcüstan hakimiyyətindən ölkənin eks-prezidenti Mixeil Saakaşviliyə adekvat müalicə təmin etməyi, onun vəziyyəti barədə məlumat verməyi istəyib. Öz növbəsində dünən Saakaşvili aclıq aksiyasını dayandırmaq barədə qərar verib. Qərarı onun vəkili Nika Qvaramiya açıqlayıb. Gürcüstanın Ədliyyə naziri Rati Breqadze eks-prezident Mixeil Saakaşvilinin heç bir şərt olmadan aclıq aksiyasını dayandırmasını təqdir edib. Rati Breqadze "Rustavi 2" telekanalına açıqlamasında bildirib ki, Saakaşvilinin növbəti məhkəmə prosesində iştirakı onun səhhətindən və təhlükəsizlik faktorlarından asılıdır.
Qeyd edək ki, Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin aclıq aksiyası 43 gün davam edib.
Eləcə də oxuyun:
* Saakaşvili aclıq aksiyasını dayandırdı
* Məhkumsuz və vəkilsiz məhkəmə: Saakaşvili barədə bir cəzanı ləğv etdilər
* Tbilisidə Saakaşviliyə görə ara qarışdı – Saxlanılanlar var
* Saakaşvilini həbsxanadan helikopterlə aparıb xəstəxanaya yerləşdirdilər