QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şəhid haqqında: “Öz evlərinə yenidən ayaq basmaq heç birinə qismət olmadı”

Rəşad Sadıqov həkim olmaq istəyib, torpaqlarımızın işğalından sonra isə hərbçi olmaq qərarına gəlib. Öz doğma rayonunun azad olunması uğrunda döyüşlərdə şəhadətə ucalıb.
Sputnik
BAKI, 30 oktyabr — Sputnik. Əslən Laçın rayonundan olan şəhid polkovnik-leytenant Rəşad Sadıqovun ən böyük arzusu düşmən işğalında olan torpaqlarımızı azad etmək olub. Vətən müharibəsinin başlaması ilə qəhrəmanımız ilk günlərdən döyüşlərə atılıb. Hərb meydanında nailiyyətləri ilə seçilərək Cəbrayıl, Qubadlı və Laçın uğrunda döyüşlərdə iştirak edib. Elə doğulduğu Laçın rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhadətə ucalıb.
Rəşad Sadıqov
Rəşad Sadıqov 1978-ci il oktyabr 11-də Laçın rayonunda anadan olub. 1992-ci ildə rayonun işğalından sonra Sadıqovlar ailəsi Şəmkir şəhərində məskunlaşıb. Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində ali hərbi təhsil alaraq ixtisaslı zabit kimi ordu sıralarında xidmətə başlayıb.
Fəlakət Hüseynova - Rəşad Sadıqovun anası
Anası Fəlakət Hüseynova Rəşadın uşaqlıq arzusunun həkim olmaq olduğunu bildirib. Lakin doğma yurd-yuvasından köçkün düşməsi onun fikrini dəyişdirib: “Məktəbdə oxuyanda Tibb İnstitutuna hazırlaşırdı, həkim olmaq istəyirdi. Lakin 14 yaşı olanda rayonumuzun işğal edilməsi onu bu fikrindən daşındırdı. O, hərbçi olmağı qarşısına məqsəd qoydu. Müharibə başlayanda sevinirdi ki, 30 illik həsrətə son qoyacağıq. Döyüşlər başlayandan sonra evlə az-az danışırdı.
Danışanda da “Narahat olmayın, hər şey yaxşıdır” deyirdi. Amma bir gün sevincək zəng vurdu. Hamımız təəccüblənmişdik ki, görəsən, nə olub?! Sevinə-sevinə atasını müjdələdi ki, ata, Həkəri çayında əlimi yuyuram, tezliklə gəlib səni Laçına aparacağam. Bütün dostlarına söz vermişdi ki, sizi aparıb həyətimizdə qoz ağacının altında qonaqlıq verəcəyəm. Uşaqları heç vaxt Laçını görməmişdilər. Amma onları elə böyüdüb ki, həmişə Laçın arzulayırlar”.
Sadıq Həsənov - əmisi
Lakin Laçının tam azad olduğunu görmək nə Rəşada, nə atasına qismət olub. Əmisi Sadıq Həsənov Rəşadın şəhadətindən sonra atasının çox yaşamadığını söyləyib: “Rəşad barəsində danışmaq çətin olsa da, qürurludur. Vətəninə bağlı, xalqına bağlı peşəkar zabit idi. Müharibə başladığı andan döyüşlərə qatıldı. Oktyabrın 29-da Laçının Fərəcan kəndinin azad olunması uğrunda döyüşlərdə şəhid oldu. Rəşadın yoxluğuna dözməyən atası dəfnindən 13 gün sonra dünyasını dəyişdi. Ən böyük arzuları - Laçındakı evlərini görmək - heç birinə qismət olmadı”.
Nihad Sadıqov - Rəşad Sadıqovun övladı
Şəhid polkovnik-leytenantın iki övladı əmanət qalıb. 7-ci sinifdə oxuyan oğlu Nihat Sadıqov atası ilə fəxr etdiyini deyir: “Nə qədər ağır olsa da, qəmgin olsam da mən atamla fəxr edirəm. Döyüşlər başlayandan sonra arada zəng vururdu. Döyüş səsi gəlməyən yerlərdən danışırdı ki, biz güllə səsləri eşitməyək. Elə fikir yaradırdı ki, biz onun döyüşlərdə olmasını bilməyək. Mən qürur duyuram ki, belə qəhrəmanın oğluyam”.
Rəşad Sadıqovun medalları
Şəhid polkovnik-leytenant xidməti dövründə ümumilikdə 14 medala layiq görülüb. Vətən müharibəsi zamanı göstərdiyi igidlik nəticəsində Cəbrayılın, Qubadlının və Laçının azad olunmasına görə medalları ilə təltif edilib.
Eləcə də oxuyun:
* Şuşanın azad olunması xəbəri yaralı olduğunu hiss etdirmədi: Axısqalı qazinin xatirələri
* Xüsusi təyinatlı xilaskar: Polkovnikin gözünə iynə vuran vaxt güllə ürəyinə dəyib...
* Babası, atası, oğlu şəhid olan Arif baba bu il "borc"unu başqa cür verəcək
* "Kiçik qızım şəklə baxıb məni yadına salar" - uşaqları yuxudan oyadıb son şəklini çəkdirdi