BAKI, 30 oktyabr — Sputnik. Xavi Ernandes noyabrın 3-də, yaxud da 4-də "Barselona"nın baş məşqçisi elan ediləcək.
Sputnik Azərbaycan bildirir ki, bu barədə AS qəzeti yazır. Məlumata görə, həmin vaxtadək Xavi 2019-cu ildən bəri rəhbərlik etdiyi "Əl-Sədd" klubunda işlərini davam edəcək, sonra isə bütün diqqətini Kataloniya komandasına yönəldəcək.
Qətər klubu "Barselona"dan məşqçiyə görə əvəz pulu tələb etməyəcək, əvəzində yaxın iki il ərzində İspaniyanın bu adlı-sanlı komandası ilə yoldaşlıq oyunu keçirmək niyyətindədir.
Xavinin "Əl-Sədd" klubunda məşqçiliyi Qətər çempionatının qızıl medallarını qazanması ilə nəticələnib.
Oktyabrın 28-də "Barselona" klubu baş məşqçisi Ronald Kumanla yolları ayırdığını elan edib. 2020-ci ilin avqustunda komandaya gələn Kuman "Barsa" ilə yalnız İspaniya kubokunu qazanıb və La Liqanın üçüncüsü olub.
Hazırda "Barselona" 10 oyundan 15 xal toplayaraq çempionat sıralamasında doqquzuncu yeri tutur. Oktyabrın 27-də komanda 2002-ci ildən bəri ilk dəfə "Rayo Valyekano"ya uduzub (0:1).
Ronald Kumanın komandanı vaxtından əvvəl tərk etdiyinə görə "Barselona"dan 12 milyon avro təzminat alacağı deyilir.
Eləcə də oxuyun:
* Tək İngiltərə deyil, indi bütün dünya bu oyundan danışır