"Hamiləliyə bağlı piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəlikləri, autoimmun sistemi xəstəlikləri olan qadınlarda risk daha da artır. 18 ölkədən 2130 qadının iştirak etdiyi araşdırmada COVID-19 virusuna yoluxan qadınlarda ana ölümü, preeklampsi və vaxtından əvvəl doğuş riskinin daha yüksək olduğu göstərilib".
"ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) 11 avqust 2021-ci il tarixində dərc etdiyi hesabatda COVID-19-a yoluxan hamilə qadınların sayının son bir neçə ayda artdığı bildirilir. “Delta” variantının daha yoluxucu olması və hamilə qadınlarda ağır xəstəlik riskinin yüksək olması, ancaq qorxuya görə peyvəndlənmənin aşağı olması bu artımın əsas səbəblərindən biri olaraq hesab edilib. Aparılan araşdırmalar göstərir ki, COVID-19 ana südü vasitəsilə körpəyə keçə bilməz. Virus anadan körpəyə yalnız süd verərkən tənəffüs yolları vasitəsilə keçə bilər. Bu səbəbdən COVID-19-a yoluxan analara süd verərkən tibb maskadan istifadə etmək və gigiyena qaydalarına əməl etmək tövsiyə edirik".
"Çünki 12 həftəyə qədər bətndaxili körpənin orqanlarının yaranma prosesi sona çatır. Daha sonrakı mərhələ isə yaranmış orqanlarının inkişaf və böyümə mərhələsidir. İlk 12 həftə hamiləliyin hər hansı təsirlə qarşı-qarşıya qaldığı halda risk daşıyan mərhələsidir. Bu səbəbdən peyvəndlərin tövsiyə olunduğu mərhələ 12 həftədən sonrakı zamandır. COVID-19 peyvəndi sonsuzluğa səbəb olmur. Bu peyvəndin qadınlarda və ya kişilərdə sonsuzluq problemlərinə səbəb olduğuna və ya plasentaya və dölə zərər verdiyinə dair heç bir sübut yoxdur. Hamilə olmağa çalışan qadınlar COVID-19 peyvəndi ola bilərlər, bəzən əksi iddia edilsə də, hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur".
"Peyvənddən sonra ilk iki gündə ən çox rast gəlinən yan təsirlər - yorğunluq, ağrı, titrəmə və inyeksiya edilən qolda ağrı və ya həssaslıqdır. COVID-19 peyvəndlərinin bir və ya iki gün davam edən qızdırma və ya əzələ ağrısı kimi yüngül və qısamüddətli yan təsirləri olduğu bilinir. Allergik reaksiya və ya laxtalanma problemləri kimi ciddi yan təsirlər çox nadirdir. Qripə bənzər simptomlar da ola bilər. Məsləhət üçün həkimə müraciət etmək lazımdır".