BAKI, 24 oktyabr — Sputnik. Bu həftə Azərbaycanda baş verən mühüm iqtisadi hadisələrin icmalını oxuculara çatdırırıq.
Yola saldığımız həftədə Azərbaycan Prezidentinin Zəngilan rayonuna səfəri mühüm əhəmiyyət daşıyır. Belə ki, dövlətimizin başçısı rayonun Ağalı kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsi çərçivəsində görülən işlərlə, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub, "Azərişıq"ın Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində və "Azərenerji"nin "Zəngilan" yarımstansiyasının açılışında iştirak edib.
Öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait olacaq
Prezident İlham Əliyev Ağalı kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsi çərçivəsində görülən işlərlə tanış olub. İlk "Ağıllı kənd" layihəsinin təməli 2021-ci ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub.
Kənd təsərrüfatı naziri İnam Kərimov məlumat verib ki, layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Kənddə yaradılacaq "Ağıllı məktəb"də distant təhsilin aparılması üçün bütün imkanlar olacaq. Yeraltı kommunikasiya işlərindən içməli su, çirkab və sel suları xətlərinin qazma işlərinə başlanılıb. Park meydanında nəzərdə tutulmuş fəvvarənin ərazisində abadlıq işləri yekunlaşıb. Fəvvarədə quraşdırılacaq memarlıq abidəsi hazırlıq mərhələsindədir. Burada müasir şəhərsalma standartları tətbiq olunacaq. Piyada və velosiped yolları çəkiləcək. Bir sözlə, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait olacaq.
Onu da qeyd edək ki, burada kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı bir sıra işlər görüləcək. Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. "Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunacaq. Bundan əlavə, "Ağıllı kənd" layihəsi üçün əkin planı hazırlanıb. Planda nəzərdə tutulmuş torpaq sahələrinin əkinə yararlılığı qiymətləndirilib və əkin üçün hazırlığa başlanılıb. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. "Ağıllı kənd"də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması nəzərdə tutulur. Fermada 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanması mümkün olacaq. Burada "Ağıllı idarəetmə sistemi" data və təhlil mərkəzindən həyata keçiriləcək.
Zəngilan Beynəlxalq Hava Limanında tikinti işləri
Prezident İlham Əliyev Zəngilan Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olub. "AzVirt" MMC-nin baş direktoru Kamil Əliyev bildirib ki, uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanında tikinti işlərinə bu ilin may ayında başlanılıb. Zəngilan Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq.
Qeyd edək ki, rayonun coğrafi yerləşməsi və burada olan imkanlar Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün əlverişli şərait yaradır. Bundan əlavə, bu hava limanı Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafında böyük rol oynayacaq. Tikinti işlərinin 2022-ci ildə tamamlanması planlaşdırılır.
Zəngilan rayonunda Rəqəmsal Yarımstansiyanın təməli qoyulub
Prezident İlham Əliyev Zəngilan rayonunda Rəqəmsal Yarımstansiyanın təməlqoyma mərasimində iştirak edib. "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov bildirib ki, 35/10 kV-luq 240 kilometrlik və 0.4 kV-luq 1050 kilometrlik elektrik veriliş xətti tamamilə yenidən qurulacaq. Ənənəvi təchizat sxemindən fərqli olaraq, yeni struktur şəbəkə iqtisadi baxımdan daha səmərəlidir. Yeni qurulacaq şəbəkədə "Ağıllı şəhər", "Ağıllı kənd" layihələrinin infrastrukturu üçün bütün imkanlar mövcud olacaq.
Diqqətə çatdırılıb ki, Kəlbəcərdə hərbi hissələri elektrik enerjisi ilə təchiz etmək üçün 132 kilometrlik yeni xətt çəkiləcək, 42 kilometrlik xətt isə bərpa olunacaq. Hazırda bu istiqamətdə işlər davam edir.
"Azərenerji"nin "Zəngilan" yarımstansiyası istifadəyə verilib
Prezident İlham Əliyev "Azərenerji" ASC-nin 110/35/10 kV-luq "Zəngilan" yarımstansiyasının açılışında iştirak edib. "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi Zəngilan rayonunun elektrik enerjisi ilə təchiz edilməsi üçün "Azərenerji" ASC tərəfindən genişmiqyaslı işlər həyata keçirilib. Elektroenergetika infrastrukturu tamamilə dağıdılmış Zəngilan rayonuna Füzulidəki "Şükürbəyli" yarımstansiyasından ümumi uzunluğu 110 kilometr olan ikidövrəli 110 kV-luq elektrik verilişi xətti çəkilib. Hava xəttinin ildırımdan mühafizəsi və yarımstansiyalararası siqnalların ötürülməsi üçün zəruri işlər görülüb. Yarımstansiya binası müasir avadanlıqla təchiz olunub, 25 MVA gücündə 2 transformator quraşdırılıb. Gələcəkdə şəbəkənin genişləndirilməsi nəzərə alınaraq lazımi infrastruktur yaradılıb. Burada mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub ki, bu da yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunmasına və göstəricilərin "Azərenerji" ASC-nin SCADA sisteminə ötürülməsinə imkan verir.
Qeyd edək ki, işğala qədər 40 min nəfərdən çox əhalisi olan Zəngilan rayonunun ümumi enerji tələbatı orta hesabla 7 MVt olub. Hazırda ərazisində hava limanı, qızıl, mis yataqları, dağ-eko, aqro və mədəni turizm, "Ağıllı şəhər", "Ağıllı kənd" də daxil olmaqla qeyri-əhali abonentlərin və 50 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Zəngilanda 2040-cı il üçün elektrik enerjisi tələbatının 40 MVt-dan artıq olacağı gözlənilir. "Zəngilan" yarımstansiyası, ilk növbədə, Zəngilan rayonunda yerləşən hərbi hissələri, sərhəd xidmətinin obyektlərini, bir sıra infrastruktur layihələri həyata keçirən müxtəlif dövlət strukturlarının, yol-tikinti şirkətlərinin obyektlərini elektrik enerjisi ilə təmin edəcək.
Zəngilan şəhərinin Baş Planı hazırlanacaq
Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Zəngilan şəhərinin Baş Planının hazırlanması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Zəngilan şəhərinin Baş planının hazırlanması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 500 min manat ayrılıb. Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Zəngəzur dəhlizi "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini daha da artıracaq
Çində 2-ci "Kəmər və Yol Energetika Nazirləri Konfransı" keçirilib. Müxtəlif ölkələrin yüksək vəzifəli şəxslərinin iştirak etdiyi tədbirin açılış mərasimində energetika naziri Pərviz Şahbazov onlayn formatda çıxış edib. Nazir Qədim İpək Yolu üzərində yerləşən Azərbaycanın Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə Çin ilə Avropa arasında "mühüm körpü" rolunu oynadığını qeyd edib. Bildirilib ki, Azərbaycanın təşəbbüskarı olduğu yeni Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini daha da artıracaq. Nazir qlobal əhəmiyyətli enerji xətləri, şaxələndirilmiş enerji resursları və Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolu və əlverişli investisiya imkanları ilə Azərbaycanın bu dəhlizdə enerji əməkdaşlığının inkişafında vacib tərəfdaş olduğunu bildirib.
"Hazırda iqlim dəyişiklikləri ilə bağlı çağırışlar enerji sektorunu kəskin dəyişikliklərlə üz-üzə qoyub və bu prosesdə çoxtərəfli əməkdaşlıq heç vaxt olmadığı qədər həlledici rol oynayır. Qlobal enerji istehlakının strukturundakı təsirli mövqeyi, dünyada bərpa olunan enerji üzrə ən böyük qoyuluş gücünə malik ölkələrdən biri olması və 2060-cı ilə qədər sıfır karbon emissiyası ilə bağlı hədəfi Çinin təşəbbüsü ilə "Kəmər və Yol"un "yaşıl enerji" üzrə də effektli əməkdaşlıq platformasına çevrilməsinə təminat yaradır".
Nazir, həmçinin bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyi sahəsində ölkəmizdə aparılan islahatlar, həyata keçiriləcək layihələr, işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji zonası"nın yaradılması istiqamətində görülən tədbirlərdən bəhs edib. Bərpa olunan enerji layihələri üzrə keçiriləcək hərracların, eləcə də Xəzər dənizinin Azərbaycan sektoru üzrə 157 QVt həcmində külək enerjisi potensialının investorlar, o cümlədən Çin ilə dayanıqlı enerji əməkdaşlığı üçün yeni imkanlar yaradacağını qeyd edib.
Bakıda "Rebuild Karabakh" sərgisi keçirilib
Bu həftə çoxdan gözlənilən – "Rebuild Karabakh" - Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisi gerçəkləşib. Sərginin açılışında iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, energetika nazirinin müavini Elnur Soltanov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Milli Məclisin deputatı, İqtisadiyyat komitəsinin sədri - Tahir Mirkişili, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov, Azərbaycan Memarlar İttifaqının sədri, professor Elbəy Qasımzadə, "Caspian Event Organisers" şirkətinin rəhbəri Edvard Stron və başqaları iştirak ediblər.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində igid Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən sonra azad edilmiş torpaqların bərpası prioritet vəzifədir. Həmçinin işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesinin effektivliyini artırmaq, bu istiqamətdə özəl-dövlət tərəfdaşlığını möhkəmləndirmək, bölgənin inkişafı üçün ən cəlbedici və səmərəli məhsul, layihə və həlləri nümayiş etdirmək məqsədilə təşkil edilmiş "Rebuild Karabakh" sərgisinin vacibliyindən danışılıb.
Sevindirici haldır ki, sərgi həm yerli, həm də xarici şirkət və strukturların marağını cəlb edib. Almaniya, Gürcüstan, İsrail, Macarıstan və Türkiyədən 5 milli pavilyon 1-ci "Rebuild Karabakh" sərgisində iştirak edib. Milli pavilyonlar ölkələrinin ticarət və sənaye palatasının dəstəyi ilə təşkil edilib. İştirakçılar arasında bir çox Azərbaycan dövlət strukturları və özəl şirkətlər var.
Sərginin ekspozisiyasına təhlükəsizlik, hasilat sənayesi, səhiyyə, informasiya texnologiyaları, təhsil, qida sənayesi, kənd təsərrüfatı, inşaat, yol tikintisi və infrastruktur, nəqliyyat, turizm və mədəni irs, enerji, ekologiya sahələri daxildir. Sərgidə "yaşıl enerji", "ağıllı kənd" layihələri, işğaldan azad edilmiş ərazilərdə yerləşən su və su qurğuları, onların bərpası, mühafizəsi və səmərəli istifadəsi üçün planlaşdırılan layihələr, yeni hava limanları və bir çox başqa layihələr də yer alır.
9 ayda Azərbaycanın dövlət büdcəsinin icrasına dair məlumat açıqlanıb
2021-ci ilin doqquz ayı ərzində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına (operativ) dair məlumat açıqlanıb. 2021-ci ilin doqquz ayında dövlət büdcəsinin gəlirləri və maliyyələşdirmə əməliyyatları üzrə daxilolmaları 18 milyard 947,9 milyon manat təşkil etməklə, 17 milyard 711,9 milyon manat xərclərindən 1 milyard 236 milyon manat artıq olub.
Dövlət büdcəsinin gəlirləri 18 milyard 818,5 milyon manat proqnoza qarşı 17 milyard 871,6 milyon manat və ya 95 faiz icra olunub. Cari ilin doqquz ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6 milyard 354,4 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 1 milyard 66,7 milyon manat və ya 20,2 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 681,6 milyon manat və ya 12 faiz çoxdur. Həmin vəsaitin 73,9 faizi və yaxud 4692,8 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 442,8 milyon manat və ya 10,4 faiz çox olub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3 milyard 193,2 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 352,2 milyon manat və ya 12,4 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 238 milyon manat və ya 8,1 faiz çoxdur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən cari ilin doqquz ayı ərzində mədaxil proqnozunun artıqlaması ilə icra edilməsi və dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunması hesabına Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfertdən 7 milyard 309,7 milyon manat və ya proqnoza nisbətdə 1 milyard 840,3 milyon manat (20,1 faiz) az vəsait daxil olub.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində dövlət büdcəsinə 11,5 milyon manat vəsait daxil olmaqla proqnoza 140,2 faiz əməl edilib, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 3,4 milyon manat və ya 42 faiz çox olub.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 454,1 milyon manat vəsait daxil olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 80,2 milyon manat və ya 21,4 faiz çoxdur.
Sair daxilolmalar üzrə dövlət büdcəsinə 308,7 milyon manat vəsait daxil edilib ki, bu da proqnoza qarşı 162,1 milyon manat və ya 2,1 dəfə, 2020-ci il ilin eyni dövrü ilə müqayisədə isə 206,7 milyon manat və ya 3 dəfə çoxdur. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan dövlət büdcəsinə 240 milyon manat vəsait transfert olunub. Maliyyələşmə əməliyyatları üzrə 1 milyard 76,3 milyon manat vəsait cəlb edilib. Bunun 813,2 milyon manatı dövlət borclanması, 205 milyon manatı layihələrin maliyyələşməsi əsasında cəlb olunan kreditlər, 58,1 milyon manatı isə özəlləşmədən daxilolmalar hesabına təmin edilib.
2021-ci ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri 19 milyard 657,5 milyon manat proqnoza qarşı 17 milyard 711,9 milyon manat və ya 90,1 faiz icra edilib. Dövlət büdcəsi xərclərinin 11 milyard 476,4 milyon manatı və ya 64,8 faizi cari xərclərə, 4 milyard 722 milyon manatı və ya 26,7 faizi əsaslı xərclərə, 1 milyard 513,5 milyon manatı və ya 8,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Cari ilin doqquz ayında sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 43,2 faizini təşkil etməklə 7 milyard 655,2 milyon manat məbləğində icra olunub, ötən ilin eyni dövrü üzrə həmin xərc əməliyyatlarını 483,5 milyon manat və ya 6,7 faiz üstələyib.
2021-ci ilin doqquz ayı ərzində büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib. Cari ilin doqquz ayında dövlət büdcəsində 159,7 milyon manat məbləğində profisit yaranıb.
Azərbaycan nefti bu ilin rekordunu təzələdi
Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 21-də (87,13) qeydə alınıb. "Azeri Light" markalı neftin qiyməti 0,37 ABŞ dolları və ya 0,43% artaraq 87,13 dollar təşkil edib.
Xatırladaq ki, COVID-19 pandemiyasının təsiri nəticəsində Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprelin 21-də 15,81 dollara enmişdi. Sonradan qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı tədricən bərpa olunmağa, qiymətlər artmağa başlayıb. Dünyada yaşanan enerji böhranı neft qiymətlərinin artmasında əsas səbəb kimi göstərilib. Həmçinin OPEC+ alyansının neft hasilatını sürətləndirməmək haqqında qərarı da qiymət artımında rol oynayıb.
Bakıda arıçılıq məhsullarının Sərgi-Satış Yarmarkası başlayıb
Bu həftədən Bakıda arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb. Yarmarka "Gənclik" metrosunun çıxışında, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında keçirilir. Yarmarkada Azərbaycanın bütün iqtisadi bölgələrini təmsil edən 250 arıçı iştirak edir. Arıçılar yarmarkaya ümumilikdə 120 tona yaxın arıçılıq məhsulu çıxarıblar. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb.
Xatırladaq ki, yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı vasitəsi ilə 25 sentyabr saat 00:00-dan 29 sentyabr saat 23:59-dək həyata keçirilib. Yarmarkada iştirak üçün hər bir arıçıya Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 25 arı ailəsinə malik olması tələbi qoyulub. Yarmarkada yalnız COVID-19 pasportuna və ya immun sertifikatına malik arıçılar iştirak edirlər.
Yarmarka ərazisinin zonalara və sektorlara bölünməsi, həmçinin arıçıların yer bölgüsü püşkatma vasitəsi ilə müəyyən edilib. Bir arıçı yarmarkada maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara biləcək.
Vətəndaşlar 20 oktyabr-7 noyabr tarixlərində hər gün saat 09:00-dan 19:00-dək yarmarkaya gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.
Eləcə də oxuyun:
* Qara metalın ixracı iki dəfə artıb
* "Yaşıl texnologiya"ların tətbiqi üçün xüsusi qrant proqramları hazırlanıb
* "Azərtütün" ASC-nin özəlləşdirilməsinə dair müsabiqə elan edilib
* Unikal layihə: Pambıqçılığı nüvə texnologiyasının tətbiqi ilə inkişaf etdirəcəklər
* İctimai nəqliyyatda gedişhaqqı artırılacaqmı?