Prezident kəlbəcərli arıçıya nə tövsiyə edib? Bal yarmakasında bal kimi söhbətlər
16:00 20.10.2021 (Yenilənib: 17:10 20.10.2021)
© Sputnik / Zulfiyya GuluyevaBakıda bal yarmarkası
© Sputnik / Zulfiyya Guluyeva
Abunə olmaq
Otuz illik ayrılıqdan sonra arısını Kəlbəcər yaylaqlarına aparan Sabir Mustafayev və arıçı həmkarları bal yarmarkasında ürəklərini Sputnik Azərbaycan-a açdılar.
BAKI, 20 oktyabr — Sputnik. Bu gün paytaxtda başlayan arıçılıq məhsullarının XXI Respublika Sərgi-Satış Yarmarkasında əsl izdiham vardı. Alıcıların böyük maraq göstərdiyi bu yarmarkaya gələnlərin isə hədəfi təkcə ucuz yox, həm də keyfiyyətli bal almaq idi.
Sputnik Azərbaycan yarmarkaya çıxaran bal çeşidləri və qiymətləri öyrənib, arıçılarla söhbətləşib.
Bal yarmarkasında 100-dən artıq bal çeşidi
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, ənənə halını alan bal yarmarkası ötən il pandemiya səbəbindən təşkil edilməyib. Bu isə arıçılara öz məhsullarını satmaqda müəyyən çətinliklər yaradıb:
© Sputnik / Zulfiyya GuluyevaBakıda bal yarmarkası
Bakıda bal yarmarkası
© Sputnik / Zulfiyya Guluyeva
"Bu yarmarka arıçılar üçün əsas satış platformalarındandır. Bu il mövcud vəziyyəti nəzərə alaraq yenidən biz yarmarkanı təşkil etdik. Yarmarkada Azərbaycanın bütün iqtisadi rayonlarından 250 arıçı iştirak edir. Hər rayondan qeydiyyatdan keçmiş arıçıya yarmarkada iştirak hüququ verildi. Məhsullar 10 gün əvvəldən xüsusi anbarlara yığılıb. Bütün məhsullardan nümunələr götürülərək laboratoriyada yoxlanılıb.
Bu gün yarmarkaya ən keyfiyyətli məhsullar çıxardılıb. Yarmarkaya 18 gün ərzində 120 ton məhsulun çıxardılması nəzərdə tutuur. Bəzi arıçılar yarmarkada iştirak edə bilmədiklərində narazılıq edirdilər. Təbii ki, ölkəmizdə 21 mindən çox arıçı var ki, onlar dövlətdən subsidiya alırlar. Bu sayda arıçının hamısının yarmarkada iştirakı mümkün deyil. İndiyədək keçirilmiş yarmarkalardan 2019-cu ildə 340 arıçı iştirak edib. Pandemiya səbəbindən biz çalışmışıq ki, nöqsana yol verməyək".
V. Hüseynov bildirib ki, yarmarkada satılan balların qiymətlərini arıçılar özləri müəyyənləşdirir. Onun sözlərinə görə, balın çeşidləri müxtəlif olduğundan, qiymətlər də fərqli olur: "Yarmarkaya 100-dən artıq çeşiddə məhsul çıxardılıb. Eyni zamanda yarmarkada rəqabət mühiti var. Bu isə alıcılara münasib qiymətə bal almaq imkanı verir".
Kəlbəcər balı 28 ildən sonra yenidən satışda
V. Hüseynov onu da əlavə edib ki, bu il keçirilən yarmarkanın əsas özəlliyi işğaldan azad edilmiş, Azərbaycanın cənnət guşələri olan Kəlbəcər və Laçın balının satışa çıxardılmasıdır. O, bildirib ki, Kənd Təsərrüftal Nazirliyinin pilot şəkildə Kəlbəcərdə və Laçında yerləşdirdiyi arıçılar da yarmarkada bu gün iştirak edirlər.
Yarmarkada Kəlbəcər balına maraq elə kənardan, Kəlbəcər balının satıldığı piştaxtanın qarşısındakı qələbəlikdən də hiss olunurdu.
© Sputnik / Zulfiyya GuluyevaYarmarkada Kəlbəcər balı satan Sabir Mustafayev
Yarmarkada Kəlbəcər balı satan Sabir Mustafayev
© Sputnik / Zulfiyya Guluyeva
Yurdunu viran görən arıçı
Yarmarkada Kəlbəcə balı satan Sabir Mustafayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu il balı Kəlbəcərdə süzüb. Onun sözlərinə görə bu il Kəlbəcərdə 2 tona yaxın məhsul götürüblər. Onu isə 20 faizi şəhid ailələrinə hədiyyə edilib. Ümumilikdə 200 arı ailəsi ilə Kəlbəcərə köç edən S. Mustafayev özü də elə kəlbəcərlidir. Kəlbəcərin Ağcakəndində dünyaya göz açan S. Mustafayev deyir ki, onun atası,babası da Kəlbəcərdə arıçılıqla məşğul olub.
Arıçının dediyinə görə, 28 il sonra doğma yurda qayıtmaq, ata-babasından miras qalmış işi davam etdirmək sözlə ifadə olunacaq bir hiss deyil:
"Buna görə Ali Baş Komandanımıza, şəhidlərimizə, qazilərimizə sonsuz minnətdaram. Onların sayəsində biz yenidən doğulduq sanki... 28 il əvvəl məcburi, qaçaqaçla tərk etdiyin yurda qayıtmaqdan böyük bir xöşbəxtlik ola bilməz".
S.Mustafayev yurdunu viran görsə də, Kəlbəcərin kəlbəcərlilərin qayıdışıla yenidən dirçəldiləcəyini söyləyir: "Evləri xaraba, qəbirləri dağılmış, yurdu boş görmək çox ağır idi. Buna görə ürəyimizin başı göynəsə də, sevinirdik ki, biz Kəlbəcərə qayıtmışıq. Həm də öz işimizlə, gücümüzlə birlikdə... Orada arı bəsləyib məhsul götürdük. Bunları yaşamaq mənim illərlə ürəyimdə daşıdığım arzum olub".
© Sputnik / Zulfiyya GuluyevaBakıda bal yarmarkası
Bakıda bal yarmarkası
© Sputnik / Zulfiyya Guluyeva
"Artıq biz ixrac haqqında düşünməyə başlamışıq"
Həmsöhbətimiz deyir ki, Kəlbəcər balı yüksək keyfiyyətli dağ-çəmən balıdır. Onun sözlərinə görə, həmişə Kəlbəcər balı sərgilərdə mükafata layiq görülüb. Kəlbəcər balını 40 manata təklif edən S. Mustafayev yarmarka bir neçə dəqiqədir fəaliyyətə başlamasına baxmayaraq iki kiloqram bal satdığını söyləyir.
Kəlbəcərdə prezidentin arıçılarla görüşündə iştirak edən Sabir dayı o xoş günü belə xatırlayır: "Sözün açığı prezidenti öz yurdunda görmək çox gözəl duyğudur. Bizimlə görüşüb bal istehsalı ilə maraqlandı. Tövsiyyəsi də o oldu ki, Kəlbəcər balını xarici bazara çıxardaq. İnşallah buna da nail olacağıq. Artıq biz ixrac haqqında düşünməyə başlamışıq".
Kəlbəcər balı 60 manata
Arıçı Pərvin Mehdiyev isə yarmarkaya balı Kəlbəcərin Qazıxan yaylağından gətirib. O, bildirir ki, arıları Kəlbəcərin Birinci Zülfüqarlı kəndinin İstisunun üzərindəki çökə və dağ-çəmən yaylağına aparıblar: "Birinci bal süzümü çökə meşəsinin ətrafında olub. Hazırda da yarmarkaya o baldan çıxartmışıq. İkinci süzümdə isə arıları Kəlbəcərin Laçın istiqamətində yüksəkliyindəki Qazıxan yaylağına apardıq. Avqust ayının sonunda orada ikinci süzümümüz oldu. Həmin bal Kiçik Qafqaz təbiətinin ən yüksək zirvəsində süzülüb" .
P. Mehdiyev deyir ki, Kəlbəcər yaylaq balının bir 800 qramlıq bankasının qiyməti 60 manatdır. Şanı isə 65-70 manatdır.
© Sputnik / Zulfiyya GuluyevaArıçı Pərvin Mehdiyev
Arıçı Pərvin Mehdiyev
© Sputnik / Zulfiyya Guluyeva
Yaylaq balını necə seçək?
Arıcı deyir ki, yaylaq balı can dərmanıdır. Çünki, həmin bal təbiətdəki dərman bitgilərinin çiçəklərindən yaranır. 51 kiloqram yaylaq, 120 kiloqram isə çökə və dağ-çəmən balı, 27 ədəd şan götürdüyünü söyləyən arıçı Sputnik Azərbaycan-a dağ-çəmən balını seçməyin sirrini də açdı: "Yaylaq balı, dağ-çəmən balı ətrindən seçilir. Onun ətri digər ballarda olmur. Rəngi isə çox açıq, şəffaf olur. Dadında isə acılıq olmur. Çünki, arılar bu balı çəmənlərdə otlardan toplayırılar. Bu il Kəlbəcərdə ot biçini olmadığından məhsul daha bol oldu".
Bu ilki quraqlıq məhsuldarlığa təsir edib...
Daşkəsəndən yarmarkaya bal gətirən arıçı Kərimov Ehtiram isə iddia edir ki, Daşkəsən balı keyfiyyətinə görə, Kəlbəcər balından heç də geri qalmır. Onun sözlərinə görə, 40 arı ailəsi var: " Bizdə cökə çiçəklərindən arılar şirə çəkir, güney çiçəklərindən nektar topladığından, balın ətri dadı əla olur". Bu il 460 kilo məhsul götürən E. Kərimov iki ildir ki, quraqlığa görə arıların məhsuldarlığının aşağı düşdüyünü söyləyir.
Qiymətlər 25 manatdan başlayır...
Yarmarkada satılan balların keyfiyyəti kimi qiyməti də fərqlənirdi. Satıcılarla söhbət zamanı öyrəndik ki, balların qiyməti 25 manatdan 35 manatadək dəyişir.
© Sputnik / Zulfiyya GuluyevaBakıda bal yarmarkası
Bakıda bal yarmarkası
© Sputnik / Zulfiyya Guluyeva
Yarmarka noyabrın 7-dək davam edəcək...
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 20 oktyabrdan etibarən Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında ("Gənclik" metro stansiyasının yaxınlığı) arıçılıq məhsullarının XXI Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb.
Xatırladaq ki, yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı vasitəsi ilə 25 sentyabr saat 00:00-dan 29 sentyabr saat 23:59-dək həyata keçirilib. Dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası səbəbindən builki yarmarkada hər bir iqtisadi rayondan maksimum 40 olmaqla ümumilikdə 250 arıçı iştirak edəcək. Yarmarka iştirakçıları növbəlilik əsasında müəyyən olunub. Belə ki, onlayn qaydada ilk qeydiyyatdan keçmiş arıçıların iştirakları təsdiqlənib.
Yarmarkada iştirak üçün hər bir arıçıya Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 25 arı ailəsinə malik olması tələbi qoyulub. Yarmarkada yalnız COVID-19 pasportuna və ya immun sertifikatına malik arıçılar iştirak edə bilirlər.
Məlumat üçün onu da əlavə edək ki, yarmarka ərazisinin zonalara və sektorlara bölünməsi, həmçinin arıçıların yer bölgüsü püşkatma vasitəsi ilə müəyyən edilib. Bir arıçı yarmarkada maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxartmaq imkanı əldə edib.
Vətəndaşlar 20 oktyabr-7 noyabr tarixlərində hər gün saat 09:00-dan 19:00-dək Bal yarmarkasına gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.