CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşğal zamanı meşələr kütləvi qırılıb - Nazir müavini

"Şərqi Zəngəzur bölgəsində - Qubadlı və Zəngilan rayonlarında mövcud olan meşələrin yarısından çoxu məhv edilib".
Sputnik
BAKI, 21 sentyabr — Sputnik. İşğal nəticəsində regionun təbiətinə, bioloji müxtəlifliyinə, bütövlükdə ekosistemə ciddi ziyan vurulub. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda keçirilən brifinqdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib. 
Nazir müavini deyib ki, Azərbaycanın 30 ilə yaxın müddətdə işğal altında qalan füsunkar təbiətə malik Şərqi Zəngəzur və Qarabağ bölgələri 2020-ci ilin sonunda işğaldan azad olunub, ərazi bütövlüyümüz bərpa edilib və biz doğma torpaqlarımıza geri qayıtmışıq. Amma işğal dövründə təbii sərvətlərin amansız istismarı nəticəsində ekoloji tarazlıq pozulub: "Apardığımız monitorinqlərin nəticələri meşələrin, xüsusi mühafizə olunan ərazilərin, çoxillik təbiət abidələrinin məhv edilməsi və mineral xammal ehtiyatlarımızın talan olunması faktlarını bir daha təsdiqləyir.
İşğaldan öncə həmin ərazilərdə mövcud olan meşə ilə örtülü 229 min hektar sahədən 54 min hektarı (25%-i), xüsusilə də, Şərqi Zəngəzur bölgəsində - Qubadlı və Zəngilan rayonlarında mövcud olan meşələrin yarısından çoxu məhv edilib. Bu ərazilərdə daha çox rast gəlinən çinar, palıd, fıstıq, vələs, ağcaqayın, tozağacı və sair kimi qiymətli meşə cinslərinə aid ağac növləri (28,5 milyon ədəd) kəsilərək müxtəlif məqsədlər üçün istifadə edilib.
Meşələrin kütləvi şəkildə qırılması səhralaşmaya və torpaqların eroziyasına səbəb olmaqla yanaşı, meşə ekosisteminin və onun tərkib hissəsi olan qiymətli flora və fauna növlərinin məhvinə gətirib çıxarıb”.
V.Kərimov qeyd edib ki, işğal müddətində 100 min hektardan artıq ərazidə məqsədli şəkildə yanğınlar törədilib, bu yanğınlar nəticəsində torpağın məhsuldar üst münbit qatı məhv olub, fauna və flora növləri ciddi təsirlərə məruz qalıb: "Hərbi əməliyyatlar zamanı cəbhə bölgəsindən kənarda yerləşən Göygöl və Ağgöl milli parkları hədəfə alınaraq yanğınlar törədilib, ekosistemə və təbii landşafta bərpa olunmayan ziyan dəyib. Həmçinin qadağan olunmuş ağ fosfor tərkibli silahlardan istifadə edilməklə Şuşa meşələrində yanğınlar törədilib. İşğal altında olan ərazilərdə məqsədli olaraq törədilən meşə yanğınları nəticəsində vurulmuş genişmiqyaslı ekoloji zərərlə əlaqədar 2006-cı ildə BMT tərəfindən müvafiq qətnamə qəbul edilib".
Eləcə də oxuyun: 
Ermənistan tərəfi mövcud reallıqlarla barışmaq istəmir - Ombudsmandan çağırış
Şuşa yaxın iki-üç aya tamam dəyişəcək: Xüsusi nümayəndə görülən işlərin hesabatını verdi
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib
Ekoloqdan ağacları kəsənlərlə bağlı nazirliyə qeyri-adi təklif