QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şuşa yaxın iki-üç aya tamam dəyişəcək: Xüsusi nümayəndə görülən işlərin hesabatını verdi

© Sputnik / Murad OrujovВид на город Шуша, фото из архива
Вид на город Шуша, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.09.2021
Abunə olmaq
Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, bütün proseslər vaxt tələb edir, amma heç bir gecikməyə yol verilməyəcək və planlaşdırılan istiqamətdə işlər görüləcək.
BAKI, 18 sentyabr - Sputnik. “Qarşıdakı dövrdə Şuşanın tarixi görkəminin bərpası üçün xüsusi addımlar atılacaq”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.
A.Kərimov deyib ki, bu istiqamətdə mühüm addımlardan biri tarixi memarlıq abidələrinin bərpasıdır: “Artıq birinci mərhələdə 15 tarixi memarlıq abidəsinin bərpası layihələri üzrə işlər görülür və yaxın 2 ay ərzində onların bərpasına başlanacaq. Proses şəhərin mərkəzi küçələrində yerləşən tarixi abidələrin bərpasından başlayacaq. Bundan əvvəl artıq iki abidə – Mola Pənah Vaqifin məqbərəsi və Bülbülün ev muzeyi bərpa olunub. Digər abidələrin də bərpasına başlanacaq”.

Şuşalılar gözəl memarlıq üslubunda tikilmiş evlərdə yaşayacaqlar

Xüsusi nümayəndə qeyd edib ki, Prezident İlham Əliyevin xeyir-duası ilə bu yaxınlarda Şuşada böyük bir layihənin – şəhərdə yeni yaşayış kompleksinin təməli qoyulub: “Şuşada ümumiyyətlə, tikinti və quruculuq işləri Baş Plana əsasən aparılır. Baş Plan artıq təqdim olunub. Prezident göstəriş verdi ki, 9 hektar ərazidə 25 binadan, çoxmənzilli, 4-5 mərtəbəli, gözəl, Şuşa memarlığına uyğun, müasir elementləri də özündə əks etdirən, infrastrukturu tam müasir olan yaşayış kompleksi istifadəyə veriləcək. Şuşada qəzalı vəziyyətə düşmüş, baxımsız vəziyyətdə olan binalar var idi. Onların yerində gözəl memarlıq üslubu ilə inşa ediləcək binalar tikiləcək, o binalarda şuşalılar yaşayıb-yaradacaqlar”.

İstilik sistemləri bərpa olunur

A.Kərimov Şuşa azad edildikdən sonra atılan addımların bir məqsədi olduğunu vurğulayıb: “Bu məqsəd Şuşa şəhərini ən qısa müddətdə yaşayış üçün yararlı hala gətirməkdir. Yəni insanların yaşaması, işləməsi üçün şərait yaratmağa çalışılır. Yəni burada iş yerləri, müvafiq sosial infrastruktur olmalıdır. Şuşada məktəb tikilir, xəstəxananın inşası gözlənilir. Bütün proseslər vaxt tələb edir. Amma heç bir gecikməyə yol verilməyəcək və planlaşdırılan istiqamətdə işlər görüləcək”.
A.Kərimov deyib ki, qarşıdan qış mövsümü gəlir, Şuşada istilik sistemlərinin bərpasına başlanıb:
“Prezidentin tapşırığına uyğun olaraq, aidiyyatı qurumlarla bu ilşin öhdəsindən 80-90 faiz gəlmişik. Yaxın bir ay ərzində həm enerji təchizatı, həm istilik təchizatı baxımından ilkin mərhələdə tələb olunan qurğular və avadanlıqlar istismara veriləcək”.
Onun sözlərinə görə, Şuşada şəhərdaxili paylayıcı şəbəkə, transfromatorlar quraşdırılır: “İlkin mərhələdə bu ilin sonunadək beş transformator quraşdırılacaq. Onların gücü müvafiq obyektlərin işıqla tam təmin edilməsinə hesablanıb, eyni zamanda tikilməkdə olan 7 qazanxananın da qidalanmasına xidmət edəcək. Qazanxanaların böyük əksəriyyəti elektrik enerjisi ilə qidalanacaq ki, bu da bir yenilikdir. Ekoloji mühitə heç bir zərər vermədən, dizel və qaz yanacağından istifadə etmədən onların istismarına başlanacaq.
Şuşada Xüsusi Nümayəndəliyin nəzarəti altında aparılan işlər öz qrafikinə uyğun aparılır və bir ay yarım ərzində tamamlanacaq".

İnvestorların cəlbi

"Şuşada hotellərin və qonaqlama yerlərinin inşası, ictimai iaşə və işgüzar tipli yerlərin yaradılması üçün sözsüz ki, həm yerli, həm xarici investorların cəlb olunması təqdirəlayiq bir fakt olacaq, lakin bunlar hamısı Baş plana uyğun olmalıdır", - Aydın Kərimov deyib.
"Baş planın artıq müfəssəl həlləri həyata keçirilir və yuxarıda sadaladığım sahələrə investorların cəlb olunması mərhələ-mərhələ həyata keçiriləcək", -deyə o əlavə edib.
Aydın Kərimov bildirib ki, Şuşada keçmiş sovet Kommunist Partiyasının rayon komitəsinin yerləşdiyi və daha sonra işğal dövründə qondarma rejimin şəhər meriyasının yerləşdiyi binada da təmir işləri gedir:
"8 noyabr Zəfər Günü sevincinin - buradan, binanın damında milli bayrağımızın dalğalanmasının şahdi olanda artıq bu binanın yeni ab-hava ilə, müasir üslubda, yeni fəaliyyət istiqamətləri ilə yenidən qurulub təmir olunmasına qərar verildi. Hazırda təmir işləri sürətlə gedir, yaxın iki-üç ayda bu işlər bitəcək və bu bina yeni fasad görkəmində və Şuşanın memarlıq üslubuna uyğun olaraq fəaliyyətə başlayacaq. Binanın damı dəyişdirilir, daxildə də bir sıra işlər görüləcək. Burada Şuşa şəhərində Prezidentin Xüsusi Nümayəndəliyi və Şuşa Dövlət Qoruğu İdarəsi yerləşəcək".
Eləcə də oxuyun:
Üzeyir ruhu bu gün Şuşada dolaşır
"Zəfər tarixi" dərsliyində nələr yer alıb? Müəllifdən açıqlama
Özbəkistanda işğaldan azad olunmuş ərazilərimizdə abidələrin bərpası müzakirə edilib
Şuşalı yuxulardan oyanmaq istəməyənlər: Kimi şəhəri viran görüb məhv oldu, kimi də...
Azad edilmiş ərazilərə çəkilmiş elektrik xətləri ilə internet də ötürüləcək
 
Xəbər lenti
0