CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səhiyyəmizdə bir ilk yaşandı, polislər bəyənmədilər: həkim cavab verməli olacaq

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Sputnik
BAKI, 18 avqust — Sputnik. Masallı rayonunun Sığdaş kəndində ölkə ərazisində olmayan bəzi şəxslərin qanunsuz olaraq "COVID-19" əleyhinə I doza vaksinasiya olunmaları barədə daxil olan material əsasında Masallı rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə Masallı rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Araşdırma ilə Masallı RMX-nın feldşeri Ziyafət Ağababayev tərəfindən rayonun Sığdaş kəndinin bəzi sakinlərinin ölkə ərazisindən kənarda olmalarına baxmayaraq onlara vaksin vurulmadığı halda "COVID-19" əleyhinə I doza vaksinasiya olunması və bu barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda qeyd olunan cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.

Analoji hal

Xatırladaq ki, bir müddət öncə də analoji hal baş vermişdi. Belə ki, aparılan ibtidai istintaqla "ƏSR" MMC-nin direktoru Əsgər Bayramovun "ARKAN TOUR" MMC-nin direktoru Tünzalə Əliyeva və istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq tanışı Seymur Mürsəlovun xahişi ilə 101 nəfər şəxsin COVID-19 testinin nəticələrini saxtalaşdırıb.
Belə ki, şəxslərin Gəncə Beynəlxalq Hava Limanından Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səyahət etməsini təşkil etmək məqsədilə həmin şəxslərin tibbi müayinədən keçmədən COVID-19 testinin nəticələrinə dair saxta sənədlər hazırlanıb, həmin nəticələr ümumilikdə 12 min 120 manata satılıb. Bununla da həmin şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.
Qeyd edilənlərə əsasən Əsgər Bayramov və Tünzalə Əliyevaya Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 320.1 (rəsmi sənədləri qanunsuz hazırlama və satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilib, Əsgər Bayramovun barəsində məhkəmənin qərarı ilə həbs, Tünzalə Əliyeva barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşlara müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması, habelə COVID-19 testinin nəticələri ilə bağlı vətəndaşlara saxta sənəd verilməsi halları ilə üzləşdikdə "961" nömrəli "Çağrı Mərkəzi", Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir.
Eləcə də oxuyun:
Nazirlik rəsmisi saxta vaksin sertifikatı alanların cəzalanmasını istədi
Bakıda böyük təmizlik başlayıb: vaksinasiyaya görə reyd də keçirilir
"ASAN Xidmət"ə giriş üçün vaksin sənədi tələb edilir? Agentlik aydınlıq gətirdi
Bakı rayonlarının icra başçıları danlandı: Camaatı vaksinasiyaya cəlb etməli