CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Etibar Mirzəyev: Türkiyədəki yanğın ocaqlarında artıq son işlər görülür

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin 500-ə yaxın əməkdaşı Yeniköy, Kəmərköy, Köycəğiz və İlanlı dağında xidmət aparıblar.
Sputnik
BAKI, 11 avqust — Sputnik. Artıq demək olar ki, yanğınlar nəzarət altındadır. Sabah yanğınlarla bağlı şad xəbərlər eşidəcəyik.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Muğladakı böhran mərkəzində keçirilən müşavirədən sonra jurnalistlərə açıqlama verən Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyev deyib.
Nazir müavini qeyd edib ki, Muğlada böhran mərkəzində keçirilən 3 saata yaxın müzakirə başa çatıb. Bu gün Köycəğiz və Bodrum ətrafında yanğınlar baş verib. Digər yanğınlar nəzarət altındadır.

Əgər yanğının sondürülməsində bir az yubanma olsaydı, bunun qarşısını almaq çox çətin olacaqdı

General-leytenat avqustun 10-da olan son məlumatda bildirib ki, FHN-in 500-ə yaxın əməkdaşı Yeniköy, Kəmərköy, Köycəğiz və İlanlı dağında xidmət aparıblar. Bu ərazidə 77 yaxın yanğınsöndürmə avtomobilləri xidməti işlər görüblər. Bizim əməkdaşlarımız Köycəğizdə yanğın ocağlarının soyudulması işləri görüblər. Təsadüfən İlan dağı məntəqəsində yanğın başlayıb. Bizim orda 30-dan artıq avtomobilimiz və 150 nəfərə yaxın şəxsi heyətimiz var idi. Onların cəld müdaxiləsi nəticəsində yanğının böyük əraziyə yayılmasının qarşısı alınıb. Əgər yanğının sondürülməsində bir az yubanma olsaydı bunun qarşısını almaq çox çətin olacaqdı.
E.Mirzəyev yanğının fəsadları barədə vurğulayıb ki, gördüyünüz bu böhran mərkəzində yanğının vurduğu fəsadların aradan qaldırılması ilə bağlıda müzakirələr aparılır. Burada kənd təsərrüfatına dəyən ziyan hesablanır. Muğla əsasən arıçılıq və maldarlıqla məşğul olurlar. Bu ərazidə həmçinin evlərə dəyən ziyanlarda hesablanacaq. Bundan əlavə olaraq şəhərdə və rayonda olan rabitə və kommunikasiya xətlərinə dəyən ziyanlarda hesablanır.
Türkiyə xalqının qardaşlığından danışan nazir müavini deyib ki, hər birimizin gördüyü kimi bu şəhərlərdə və rayonlarda Azərbaycan yanğınsöndürənlərinə gözəl münasibət olub. Bu bizim üçün həmçinin bir təcrübə oldu. Biz daim Türkiyənin yanındayıq. Yaşasın Türkiyə Azərbaycan qardaşlığı!

Ən böyük yardımı qardaşımız Azərbaycandan aldıq

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli bildirib ki, meşə yanğınları ilə mücadiləmiz davam edir. Bizə yardım edən bütün dostlarımıza minnətdarıq. Ən böyük yardımı qardaşımız Azərbaycandan aldıq. Yanğınla mübarizədə verilən dəstəyə görə bütün azərbaycanlı qardaşlarımıza çox-çox təşəkkür edirik.
Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət!" ifadəsini xatırladan nazir Bekir Pakdemirli Azərbaycanın yanğınla mücadiləyə verdiyi dəstəyi, canlı qüvvə və texnikanı sadalayaraq vurğulayıb ki, göstərilən kömək əsl qardaşlıq nümunəsidir.
Xatırladaq ki, qardaş ölkədə tüğyan edən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan ümumilikdə 700-dən çox şəxsi heyət, 93 yanğınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə göndərilib. FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti qardaş ölkədədir.

Türkiyədə yanğınlar

İyulun 28-də Antalyanın Manavqat rayonunda başlayan meşə yanğınları qısa müddətdə ölkənin digər bölgələrində müşahidə edilib. Antalya başda olmaqla Türkiyənin Kayseri, Bodrum, Osmaniyə, Milas, Adana, Kütahya, Mersin, Dıdım, Kuşadası, Kocaeli bölgələrində kütləvi surətdə meşə yanğınları baş verməkdədir. Türkiyə rəsmiləri hadisənin terror aktı olduğunu istisna etmirlər. Türkiyəyə yardım məqsədi ilə dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan texnika və canlı qüvvə göndərilib.
Meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.
Eləcə də oxuyun:
Qəbələdə yenə yanğın başlayıb, FHN helikopter göndərib
Azərbaycan yanğınsöndürənləri bir kəndi məhv olmaqdan xilas etdilər
Azərbaycanlılar yanğınlara görə Türkiyə turlarından imtina etmək niyyətində deyillər