04:37 28 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
CƏMİYYƏT
Qısa URL
2069 0 0

Azərbaycanda turizm şikətləri Türkiyənin yanğın baş verən bölgələrinə rezervasiyalarda hələlik kütləvi ləğvetmə hallarının olmadığını bildirirlər.

BAKI, 5 avqust — Sputnik. Türkiyənin turizm bölgələrində yanğınlar bu ölkənin turizm sektoruna təsirsiz ötüşməyib. Cənubi Egey Turistik Otelçilər və Administratorlar Birliyinin (GETOB) sədri Bülent Bülbüloğlu, rezervasiyalarda 20%-ə çatan ləğvlər olduğunu bildirib. Bülbüloğlu deyib ki, satışlarda da azalma müşahidə edilir:

"Uzun dövr satışları dayanmış vəziyyətdədir. Tək xahişimiz, ölkəmizin ağciyəri adlandırılan meşələrimizdəki yanğınların sürətlə söndürülməsidir".

Rusiya, Ukrayna və Polşadan gələn turist sayında ciddi bir sabitlik olduğunu bildirən Bülbüloğlu deyib ki, hazırda onlar İngiltərədən gələcək qərarı gözləyirlər: "Düşünürük ki, İngiltərədən turist gəlməsi sentyabr-oktyabr aylarında bu sektoru dirçəldəcək. Hazırda Rusiya, Ukrayna və Polşadan gələn turist sayında sabitlik yaşanır".

Türkiyədə meşə yanğınları səbəbindən turistlər Şimali Egey və Qaradənizə yönəldilir. "Pronto Tour" şirkətinin İdarə heyətinin sədir Ali Onar yerli turistin Şimal Egey və Qaradənizə yönəldiyini söyləyib. O, deyib ki, turizm sektoru çox kədərli vəziyyətdədir: "Sektorumuz üçün çox kədərli bir vəziyyətdir. Satışlar azalıb. Yerli turistin Cənubi Egey və Qaradənizə üz tutduğunu görürük. İnsanların tətil etmək ehtiyacları davam edir. Yanğınların söndürülməsi vəziyyətində həm rezervasiyaların, həm də satışların normala dönəcəyini düşünürəm".

Qeyd edək ki, Türkiyənin Egey və Aralıq dənizi bölgəsində meşə yanğınları davam edir. Sektor nümayəndələri rezervasiya ləğvlərinin 20%-ə çatdığını söyləyirlər. Turizm rezervasiyalarının ləğvi bölgə iqtisadiyyatına mənfi təsir etməyə başlayıb.

Bəs görəsən Türkiyədə yanğınlar Azərbaycandan Türkiyəyə rezervasiyalara təsir göstəribmi?

Azərbaycanda turizm şikətləri Türkiyənin yanğın baş verən bölgələrinə rezervasiyalarda hələ ki ləğvetmə hallarının olmadığını bildirirlər.

Business Travel şirkətindən Sputnik Azərbaycan-a bildirdilər ki, Bodruma tur təşkili davam edir: "Biz yanğın baş verən ərazilərə tur təşkil etməyi dayandırmamışıq. Sadəcə olaraq, turistləri təhlükəsizlik məqsədilə yanğına yaxın ərazilərdəki hotellərə yönəltmirik. Hələki rezervasiyasını ləğv edən müştərimiz olmayıb", - deyə şirkətdən bildiriblər.

Amma tur şirkətindən hotel rezervasiyalarının bəzilərinin dəyişdirildiyini söyləyiblər: "Hansı hoteldə yanğın baş veribsə, biz müştərimizin rezervasiyasını dəyişmişik. Bodrumda iki hotel var ki, onlar turistlərin yerləşməsi üçün riskli sayılır. Ona görə də, biz daha turistləri həmin hotellərə yönəltmirik. Əgər kiminsə rezervasiyası varsa, hotelini dəyişdiririk".

Əlaqə saxladığımız digər tur şirkətlərindən isə Türkiyəyə rezervasiyalarda ciddi azalma olmadığını bildirdilər. Onların dediyinə görə, turistlər aldıqları tur paketləri qaytarmır. Hətta yanğından sonra da səfər üçün müraciət edənlər var!

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov isə Sputnikə açıqlamasında deyib ki, Assosasiya bu məsələ ilə bağlı turizm şirkətləri ilə bu məsələ ilə bağlı əlaqə saxlanılıb. Onlar Türkiyəyə rezervasiyalarda kütləvi qaytarma hallarının olmadığını söyləyiblər: "Yanğına görə, səhhətlərində problem olan çox az sayda adam biletini qaytarıb. Amma bu kütləvi deyil. Yanğın olan yerlərə yaxın hotel rezervasiya edənlər əksər hallarda hoteli dəyişdirir. Səfərlərin kütləvi ləğv edənlər yoxdur. Çünki, yanğınlar hotellərdən aralıdır. Əgər yaxın ərazidə olsa belə, hotel özü rezarvasiyaları ləğv edir. Rezervasiya başqa hotelə dəyişdirilir" deyə şura sədri bildirir.

Yanğının baş verməsində turizm şirkətlərinin günahı yoxdur

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hələlik Türkiyəyə səyahətdən imtina ilə bağlı kütləvi problem yaranmayıb. Onun sözlərinə görə, bu məsələ ilə bağlı Agentliyə iki müraciət daxil olub: "Biz bu məsələ ilə bağlı iki sorğu almışıq ki, hər iki müraciətlə bağlı vətəndaşlara kömək edilib. Səyahət şirkətləri üzərində birbaşa təsir gücümüz olmasa da, çətin vəziyyətlərdə bütün problemləri həll etməyə çalışırıq ki, heç kimin maraqları zərər görməsin. Həll variantlarına gəlincə, K.Quluzadə səyahət şirkətləri müştərilərinə ya istirahət yerini, ya da vaxtını dəyişdirməyi təklif edir:

"Türkiyəyə rezervasiyalarda məbləğ öncədən ödənildiyindən, turizm şirkətləri də həmin vəsaiti rezervasiya ləğv olunarkən geri ödəməyə müəyyən çətinlik çəkir. Ödənilən məbləğ Türkiyədəki hotellərə köçürüldüyü üçün vəsaiti geri qaytarmaq çətindir. Nəzərə almaq lazımdır ki, meşə yanğınlarının baş verməsində turizm şirkətlərinin günahı yoxdur. Bu məsələdə anlayışla yanaşmaq lazımdır", - deyə Agentlik sözçüsü bildirir.

K. Quluzadə deyir ki, əgər hər hansı problem yaranacağı təqdirdə vətəndaşlar info@tourism.gov.az elektron poçtu vasitəsilə Dövlət Agentliyi ilə əlaqə saxlaya bilərlər. Onun sözlərinə görə, belə halda bütün müraciətlərə baxılır və köməklik göstərilir.

AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski isə bildib ki, aviaşirkətin internet saytından bilet alan vətəndaşlar AZAL-ın zəng mərkəzinə, callcenter@azal.az elektron poçt ünvanına yazmalıdırlar. Onun sözlərinə görə, çağrı mərkəzinin əməkdaşları biletin geri qaytarılması şərtləri ilə bağlı sərnişinin suallarını cavablandıracaqlar.

P. Kəsəmənski bildirir ki, əgər səyahətçi uçuş biletini tur paketinin bir hissəsi kimi alıbsa, bu zaman ilk növbədə AZAL -a deyil, turizm şirkətinə müraciət etməlidir: "Biletlər səyahət şirkətlərindən alınıbsa, sərnişinlər onlarla birbaşa əlaqə saxlamalıdırlar ".

O ki qaldı rezervasiyaların ləğvi hallarında ödənilən vəsaitin geri qaytarılmasına, Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, müqavilə və ödəniş şərtlərində fos-major halları hər zaman göstərilir. Onun sözlərinə görə, əgər turizm şirkətləri düzgün şəkildə rezervasiya ediblərsə, hotellər ödənilən məbləği qaytarmalıdırlar:

"Bu, istər onlayn, istər də nağd şəkildə ödənilərək edilən rezervasiyalara aiddir. Bizim vətəndaşlar əsasən indiki vəziyyətdə ölkədə qalmağa, daxili turizmdən daha çox yararlanmağa üstünlük verir".

Yanğın proqnozları alt-üst edib

Turizm eksperti Ruslan Quliyev isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, turizm sektoru həssas sahə olduğundan baş verən təbiət hadisələri, iqtisadi böhran və çevrilişlər turizmə təsirsiz ötüşmür. R. Quliyevin sözlərinə görə, istər-istəməz Türkiyədə baş verən yanğın hadisəsi beynəlxalq turizmə ciddi təsir edəcək. Çünki, hədəf ilin sonuna kimi 25 milyon turistin qəbul edilməsi idi. 2020-ci illə müqayisədə turizmdə 15-20 faiz artım gözlənilsə də, yanğının baş verməsi bu proqnozları alt-üst etdi.

R. Quliyev deyir ki, turizm sektorunda yaranmış vəziyyət yan sahələrə də təsir edəcək. Onun sözlərinə görə, Türkiyədəki yanğın hadisəsi Azərbaycandan Türkiyəyə səyahətlərdən də yan keçməyibş

"Bəzi hallarda rezervasiyalar ləğv olunur, bəzi hallarda isə tarixlər dəyişdirilir. Ona görə də geriödəmə mexanizmləri üzərində düşünülür. Hər hansı bölgədə təhlükə, risk yaranıbsa, müəyyən qədər səfərlərdə ehtiyatlı olmalıdırlar", - deyə turizm eksperti bildirir.

Əsas mövzular