BAKI, 11 avqust — Sputnik. Ermənistan silahı yerə qoyub Qarabağ üzrə üçtərəfli bəyanatın müddəalarına əməl etməli, regionda sülhə və rifaha doğru addım atmalıdır. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.
Ermənistan davamlı şəkildə sərhəddə vəziyyəti dramatikləşdirməyə, həqiqətdə olduğundan daha kritik formada qələmə verməyə çalışır. Bununla da KTMT-ni prosesə qatılmağa və Azərbaycana təzyiq göstərməyə vadar etmək istəyir.
"Ancaq bütün bu cəhdlər əbəsdir, belə ki, həmin hərbi-siyasi blokun rəhbərliyi həm regionda baş verənlər, həm də Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri barədə kifayət qədər məlumatlıdır", – deyə politoloq KTMT baş katibinin Yerevana səfəri və onun Ermənistan baş naziri ilə görüşünün yekunlarını Sputnik Azərbayacana şərh edərkən bildirib.
"İndi II Qarabağ müharibəsi arxada qaldığı bir vaxtda regiona yeni qüvvələrin cəlb olunması və sanki müharibənin başa çatmadığı ilə bağlı görüntü yaratmağa heç bir əsas yoxdur. Qarabağ münaqişəsi başa çatıb. Məhz buna görə də Paşinyan bölgəyə fransız və amerikalı nümayəndələri cəlb etməyə çalışır. Və bununla da onları başa çatmış münaqişənin moderatoru olan Rusiyaya qarşı qoyur", – politoloq belə hesab edir.
Qarabağa dair üçtərəfli bəyanatın imzalanması vəziyyətə aydınlıq gətirib. Düzdür, Abbasovun da qeyd etdiyi kimi, bəzi suallara cavab verilməsə də, faktiki olaraq ortada kommunikasiyaların bərpası ilə bağlı konkret yol xəritəsi var. Abbasovun sözlərinə görə, bu çərçivədə xüsusən, Zəngəzur dəhlizinin işə salınması qeyd oluna bilər. Və bu dəhliz hamıdan çox, Ermənistanın özünə lazımdır, çünki bu ölkə üçün bir növ nicat yolu hesab oluna bilər.
Politoloqun fikrincə, antiböhran səviyyəsinə çatmaq üçün erməni tərəfi Azərbaycana qarşı nifrət siyasətindən əl çəkməli və üçtərəfli bəyanatın nəzərdə tutduğu müddəalarla razılaşmalıdır.
"Yerevanda Zası inandırmağa çalışdılar ki, guya Azərbaycan hərbçiləri qeyri-qanuni olaraq Ermənistan ərazisinə daxil olur. Bu blefdir. Azərbaycan hərbçiləri öz ərazimizdədirlər. Onların sərhəd boyu cəmləşməsinə gəlincə, bu, Ermənistan tərəfindən müəyyən risklərin olması ilə bağlıdır", – deyə o qeyd edib.
"Biz erməni hərbçilərinin periodik şəkildə atəşkəsi pozduqlarını müşahidə edirik. Bu, dünya ictimaiyyətinə Qarabağ münaqişəsinin guya başa çatmadığını nümayiş etdirmək məqsədi daşıyır. Azərbaycanı beynəlxalq hüquq müddəalarına riayət etməyə məcbur etmək üçün Ermənistanın kənardan dəstəyə ehtiyacı var. Amma Azərbaycan beynəlxalq hüququn hüdudlarından kənara çıxmır. Ona görə də Ermənistanın bütün cəhdləri əbəsdir", – deyə politoloq vurğulayıb.
Sputnik Azərbaycanın həmsöhbəti əmindir ki, silahı yerə qoyub Qarabağ üzrə üçtərəfli bəyanatın müddəalarına əməl etmək, regionda sülhə və rifaha doğru addım atmaq Ermənistanın özünün marağında olan məsələdir.
"Əgər Ermənistan təcavüzkar siyasətdən əl çəkdiyini sübut etsə, Azərbaycan və Türkiyə onu dəstəkləyəcək və yardım göstərə biləcəklər ki, ölkə beynəlxalq hüququn obyektindən subyektinə çevrilsin və normal dövlətlərlə bir sırada dayansın", – deyə politoloq bildirib.
Bakı ilə Yerevan arasında sülh müqaviləsinə gəlincə, onun imzalanması Ermənistandan asılıdır. Bu ölkə ərazi iddialarından əl çəkib Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.
"Bakı müqaviləni imzalamağa hazırdır və başqalarının torpaqlarına əl uzatmır", – deyə Abbasov fikirlərini yekunlaşdırıb.
Eləcə də oxuyun:
Azərbaycanın KTMT-ya üzvlüyü ilə bağlı Moskvadan açıqlama
Bakı Yerevanın daha bir yalanını təkzib edir