CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyədəki meşə yanğınlarının Azərbaycanda da təkrarlanmaması üçün nə etməli

Meşə sahələri böyük olduğundan, kameralarla meşəyə tam nəzarət etmək mümkün deyil. Meşələrə yaxın yaşayan kəndlərin sakinləri təxribatlara qarşı da ayıq-sayıq olmaldırlar.
Sputnik
BAKI, 2 avqust — Sputnik. Türkiyədə baş verən meşə yanğınları bütün dünyada meşələrin yanğından mühafizəsi məsələsini gündəmə gətirib. Yay fəsli ilə əlaqədar insanların istirahət məqsədilə meşələrə üz tutması isə meşələrin yanğından qorunması ilə bağlı məsələni daha da aktuallaşdırıb. Sputnik Azərbaycan meşələrin yanğın təhlükəsindən qorunması üçün ölkəmizdə hansı işlərin görüldüyünü araşdırıb.
Ekologiya və Təbii Sərvətləri Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddun Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yay mövsümündən əvvəl xüsusi mühafizə olunan təbiət ərazilərində gücləndirilmiş iş rejimi tətbiq olunur.
“Gücləndirilmiş iş rejimi dedikdə şəxsi heyətin manqalara bölünərək onların hər birinə vəzifə təyinatlarının verilməsi nəzərdə tutulur. Yanğın baş verdiyi  zaman kimin hansı vəzifəni yerinə yetirməli olduğu müəyyənləşdirilir. Şəxsi heyət yanğınsöndürmə zamanı istifadə olunan xüsusi avadanlıqların sazlığına da nəzarət edir”, - deyə xidmət rəisi bildirib.
Onun sözlərinə görə, görülən işlər bununla bitmir. Belə ki, meşələrin yanğından mühafizəsi üçün həmçinin yaz mövsümündən başlayaraq yanğın başvermə baş ehtimalı olan ərazilərdə süni sututarlar da yaradılır.
“Bundan əlavə yanğının əkin, təsərrüfat sahələrindən xüsusi mühafizə olunan ərazilərə keçməməsi üçün mövsümün əvvəlində həmin ərazilərin sərhədi boyunca mineral zolaqlar salınır. O ərazilər şumlanır ki, yanğın baş verərkən alov meşə ərazilərinə keçməsin”, - deyə Əliyev vurğulayıb.
Mütəxəssis onu da qeyd edib ki, 2021-ci ildən başlayaraq Fövqəladə Hallar Nazirliyi ilə birlikdə xüsusi mühafizə olunan təbiət ərazilərində təlimlər başlanılıb.
“Təlimlərin məqsədi şəxsi heyətin yanğının söndürülməsində praktiki vərdişlərə yiyələnməsidir. Bu təlimlərdə şəxsi heyətə yanğın baş verərkən hansı tədbirlərin həyata keçirilməsi öyrədilir. Təlimlərə hətta yerli kənd icmalarını da cəlb edirik. Belə tədbirlər bu il Samur-Yalama, Hirkan Milli Parkında, Şirvan Milli Parkında keçirilib, bununla bağlı ekologiya və təbii sərvətlər nazirinin müavini Hirkan Milli Parkına səfər edib. Yay mövsümü boyunca bu cür təlimlərin digər təbiət ərazilərində də keçirilməsi nəzərdə tutulub”, - deyə nazirlik nümayəndəsi vurğulayıb.
Əliyev həmçinin meşələrdə yanğının baş vermə səbəblərindən də danışıb. Onun sözlərinə görə, yanğın təbii şəkildə də baş verə bilər.
“Amma baş verən yanğınlarla bağlı araşdırmalar göstərir ki, hadisələrin 90%-dən çoxu antropogen təsirlərlə bağlıdır. Vətəndaşların diqqətsiz və məsuliyyətsiz yanaşması, siqaretin əraziyə atılması yanğına səbəb olur. Həmçinin məişət tullantıları arasında olan şüşə qırıntıları da təbiətə atılır, onlar günəş şüalarının təsiri altında qızır və nəticədə yanğın təhlükəsi yaranır”, - deyə mütəxəssis bildirib.
Nazirlik nümayəndəsi onu da deyib ki, meşələrdə yanğın hadisələri bəzən vətəndaşların açıq-aşkar məsuliyyətsiz davranışı ilə bağlı olur.
“Biçilmiş ərazilər bəzən məqsədli şəkildə yandırılır, nəticədə xüsusi mühafizə olunan ərazilərdə yanğın təhlükəsi yaranır. Biz KİV vasitəsilə insanları ehtiyatlı və məsuliyyətli olmağa səsləyirik", - deyə xidmət rəisi bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, Regional Ekoloji Mərkəzin rəhbəri Mələk Şükürova da Sputnik Azərbaycan-a açıqlamasında meşələrin yanğından mühafizəsi üçün texniki tədbirlərin görüldüyünü bildirib.
Onun sözlərinə görə, istirahət mövsümündə turizm faktoru da nəzərə alınmalıdır.
“İnsanlar bəzən bilmədən də təbiətə ziyan vururlar. Ocağı söndürmürlər, şüşələri təbiətdən təmizləmirlər. Ona görə də, turizm bələdçilərinə bununla bağlı təlimlər keçirilir. Azərbaycanda daxili turistlər məsuliyyətli olmalıdırlar. Bununla yanaşı nəzarət tədbirləri də gücləndirilməlidir”, - deyə şura sədri bildirib.
Şükürovanın sözlərinə görə, meşələrdə əsas yolların üzərində kameralar quraşdırılsa da, əyani nəzarət də təmin olunmalıdır.
“Kameralarla meşəyə tam nəzarət etmək mümkün deyil. Çünki, kameralar əsas yolların üzərində qurulur. Meşələrə isə dolayı yollarla da daxil olmaq mümkündür. Ona görə də, meşə müfəttişləri meşə ətrafında yaşayan sakinlərdən ibarət yanğınsöndürmə briqadaları yaradır və onlara təlimlər keçirilir. Meşələrə yaxın yaşayan kəndlərin sakinləri təxribatlara qarşı da ayıq-sayıq olmaldırlar. Meşə sahələri böyük olduğundan onlara tam nəzarət etmək mümkün deyil. Ona görə də, vətəndaş nəzarəti və məsuliyyəti də olmalıdır”, - deyə mərkəzin rəhbəri vurğulayıb.
Xatırladaq ki, son 6 gündə Türkiyədə 107 yerdə meşə yanğını qeydə alınıb. Yanğın nəticəsində 8 nəfər dünyasını dəyişib. Antalya başda olmaqla Türkiyənin Kayseri, Bodrum, Osmaniyə, Milas, Adana, Kütahya, Mersin, Dıdım, Kuşadası, Kocaeli bölgələrində kütləvi surətdə meşa yanğınları baş verməkdədir. Türkiyə rəsmiləri hadisənini terror aktı olduğunu istisna etmirlər.
Türkiyəyə yardım məqsədi ilə dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan texnika və canlı qüvvə göndərilib. Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilənlər arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri də var. Meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər. Belə ki, Marmaris bölgəsində yanğınlarla mübarizə aparan yanğınsöndürənlərimizin fədakarlığı sayəsində bəzi istiqamətlərdə yanğınların genişlənməsinin qarşısı alınıb.
Həmçinin oxuyun:
FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Gürcüstandan Türkiyəyə doğru gedir
* Azərbaycan yanğınsöndürənləri qardaş ölkənin harayına getdilər
* Ərdoğan meşə yanğınlarının baş verdiyi bölgələrə gedəcək
* Türkiyə alovlar içində: Yanğınlar lokallaşdırılsa da, mübarizə davam edir
* FHN-in yanğınsöndürmə qüvvələri Türkiyəyə gedir
* Türkiyədə ailə dramı: Ər və arvad yanğından uçan evin altında həyata əlvida ediblər