BAKI, 16 iyul — Sputnik. Son vaxtlar dünyada dollar digər əsas valyutalar qarşısında möhkəmlənməkdədir. Dollar indeksi son bir həftədə təxminən 2 faizə yaxın artıb. Son 1 ayda dollar avroya nisbətən 4 faizə yaxın dəyər qazanıb.
Bəs dolların bahalaşmasının səbəbləri nədir və Azərbaycana təsirləri necə olacaq?
İqtisadçı Natiq CəfərliSputnik Azərbaycan-a deyib ki, dünyada dolların möhkəmlənməsi ABŞ Federal Ehtiyat Sisteminin (FED) son toplantısında səslənən fikirlərlə əlaqədardır: "Payız aylarında FED-in bazarlara əlavə likvidlik verməsi azala bilər. Bu da dolları bahalaşdıran amilə çevrildi. Dolların bahalaşmasının digər səbəbi FED-in bəzi üzvlərinin daha tez faiz artımına gedə biləcəklərini deməsidir. Çünki ABŞ-da inflyasiya kifayət qədər sürətlə gedir, son illərin ən yüksək həddinə (5 faizi keçib) çatıb. Onlar inflyasiyanı nəzarət altına almaq üçün faiz dərəcələrini daha tez artıra biləcəklərini söyləyiblər. Hazırda faizlər sıfır səviyyəsindədir. Bu ilin sonu və yaxud gələn ilin əvvəlində uçot dərəcəsini ən azı 0,25 bənd artıra bilərlər. Bu da dollara müsbət təsir göstərdi. Yəni likvidliyin azalacağı, dollar bolluğunun qarşısının alınacağı xəbərləri dollar indeksinin son bir həftədə təxminən 2 faizə yaxın artmasına səbəb olub".
Dolların bundan sonrakı taleyi ilə bağlı FED-in növbəti toplantısına diqqət etmək lazımdır
"Dollar son zamanlarda əsas valyutalar (avro, funt-sterlinq və s.) qarşısında ən çox dəyər qazanan valyutaya çevrilib. Amma dolların bundan sonrakı taleyi ilə bağlı FED-in növbəti toplantısına diqqət etmək lazımdır.
45 gündən sonra keçiriləcək FED toplantısındakı açıqlamaları gözləmək lazımdır. O vaxtadək qapanma ehtimalları güclənərsə, iqtisadiyyat zəifləyərsə, faiz artımına gedilməsi real görünmür. Və ola bilər ki, likvidliyin azalması ilə bağlı gələn il qərar verilsin. Bu zaman dollar yenidən ucuzlaşa bilər.
Yox, əgər FED-in növbəti toplantısında likvidliyin azaldılması, faizlərin artırılması il bağlı işarələr verilərsə, bu ilin sonuna dollar ciddi dəyər qazana bilər", - deyə o qeyd edib.
Dolların bahalaşması Neft Fondundakı ehtiyatların da bahalaşmasına səbəb ola bilər
İqtisadçı bildirib ki, dolların dünyada bahalaşması Azərbaycanda məzənnə siyasətinə birbaşa təsir etmir: "Bizdə Mərkəzi Bank məzənnəni inzibati qaydada müəyyən edir. Artıq 4 ilə yaxındır ki, ölkəmizdə sabit məzənnə rejimidir. Bu, bizdə məzənnəyə birbaşa təsir etmir. Dolların bahalaşması Dövlət Neft Fondundakı ehtiyatların da bahalaşmasına, yəni valyuta ehtiyatların çəkisinin, dəyərinin artmasına səbəb ola bilər. Bu da müsbət nəticədir. Lakin dolların bahalaşması gələcəkdə idxal mallarının qiymət artımını stimullaşdıra bilər. Bu mənada daxili bazarda idxal məhsullarının az da olsa bahalaşmasının şahidi ola bilərik".
Vaksinasiyanın da təsiri var
Millət vəkili Vüqar Bayramov bildirib ki, son 1 ayda dollar avroya nisbətən 4 faizə yaxın dəyər qazanıb: "ABŞ dollarındakı artımlar Birləşmiş Ştatlar iqtisadiyyatı ilə bağlı pozitiv xəbərlər və proqnozlar ilə bağlı olmaqla yanaşı, texnoloji şirkətlərin səhmlərinin dəyərinin yüksəlməsi, valyuta və qiymətli kağızlar bazarı vasitəsi ilə istehlak mallar indeksi göstəriricləri ilə əlaqələndirilir. Digər tərəfdən, ABŞ-da sürətli vaksinasiya da dolların məzənnəsinə təsir göstərir.
335 milyon dozanın bölüşdürüldüyü Birləşmiş Ştatlarda əhalinin yarıdan çoxu artıq vaksinasiya prosesindən keçib. Dolların möhkəmlənməsi bir sıra strateji məhsullar bazarına da təsirsiz ötüşməyib. Son 1 ayda dünya bazarında qızılın qiyməti 2.8 faiz ucuzlaşıb".
Mərkəzi Bankın Azərbaycanın valyuta bazarını mərhələli şəkildə liberallaşdırması məqsədəuyğundur
Millət vəkili qeyd edib ki, dolların dünya bazarında möhkəmlənməsi fonunda region ölkələrinin bazarında ciddi volatillik müşahidə olunmasa da qonşu Rusiyada rubl son 1 ayda 3 faizə yaxın dəyər itirib: "Azərbaycanda üzən valyuta məzənnəsinə tam keçirilmədiyi üçün manatın məzənnəsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır. Ölkəyə daxil olan valyutada əsas paya malik olan neftin dünya bazar qiyməti məqbul səviyyədədir. Hazırda 1 barel "Brent" markalı neft dünya bazarında 76 dollardan baha satılır. 2021-ci il dövlət büdcəsində neftin qiyməti hər barel üçün 40 dollar nəzərdə tutulsa da qlobal vaksinasiya səbəbindən enerji bazarında tələbin artması müşahidə olundu. Bununla yanaşı, qlobal bazardakı volatilliyi nəzərə alaraq Mərkəzi Bankın Azərbaycanın valyuta bazarını mərhələli şəkildə liberallaşdırması məqsədəuyğundur. Qlobal bazarlarda yeni sıçrayış risklərini nəzərə aldıqda uzun müddətli dövr üçün liberal valyuta bazarı daha sığortalanmış hesab olunur".
Eləcə də oxuyun:
İlin ikinci yarısında neftə tələbat artacaq: Bakı nefti bu fonda ucuzlaşıb
Azərbaycanda taksi xidməti: həm ucuzdur, həm də istifadəçilərinin sayı iki dəfə artıb
Dünyadakı onlayn platformalarda kriptovalyuta ticarətinin həcmi azalıb
BEA: Neftin bahalaşması dünyada iqtisadiyyatın dirçəlməsini ləngidə bilər