BAKI, 16 iyul — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,82 dollar ucuzlaşaraq 75,04 dollar təşkil edib.
Dünya birjalarında neft ucuzlaşır
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,45 dollar geriləyərək 73,02 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,41 dollar ucuzlaşaraq 71,24 dollar olub.
Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.
"Azeri Light" neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
İlin ikinci yarısında qlobal neft tələbatı artacaq
Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir ki, ilin ikinci yarısında qlobal neft tələbatının gündəlik 4,6 milyon barel artacağı gözlənilir.
IEA-ya görə, qlobal iqtisadiyyatda güclü böyümə, yeni növ koronavirus epidemiyasına qarşı peyvənd səylərinin sürətləndirilməsi və məhdudiyyətlərin yumşaldılması neft tələbatında canlanmanın hərəkətverici qüvvəsi olacaq. Qlobal iqtisadiyyatda müsbət proqnozun bu ilin qalan hissəsində və 2022-ci ildə də davam edəcəyi gözlənilir. Xüsusən Avropada epidemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılmasının təsiri ilə qlobal neft tələbatının ilin ikinci yarısında birinci yarımillə müqayisədə gündəlik 4,6 milyon barel artacağı planlaşdırılır.
Bununla birlikdə, bəzi ölkələrdə COVID-19-a yoluxma hallarının artması qlobal neft tələbatı üçün mənfi risk yaratmaqda davam edəcək.
25.06.2021
"Qara qızıl"dan qara xəbər
İyun ayında Azərbaycan neftinin qiymətinin ucuzlaşması tendensiyası müşahidə olunub. Ayın 25-nə olan məlumata görə, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,21 dollar ucuzlaşaraq 75,56 dollar təşkil edib.
"Brent" markalı neftin bir barelinin qiyməti 0,30 dollar geriləyərək 74,38 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,23 dollar ucuzlaşaraq 72,68 dollar olub.
Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.
Neft 100 dollaradək yüksələ bilər
"Bank of America" beynəlxalq investisiya bankının proqnozuna görə, səyahətlərlə bağlı tələbatın artması ilə neft qiymətləri gələn il 100 dollaradək yüksələ bilər.
Banka görə, qlobal neft istehlakı iqtisadi canlanma ilə birlikdə istehsaldan daha çox olacaq və ətraf mühitlə əlaqədar olaraq yeni hasilat investisiyaları azalacaq.
Xam neft qiymətləri yenidən üçrəqəmli olarsa, bu, 2014-cü ildən bəri ilk olacaq. 2014-cü ildəki qlobal maliyyə böhranına qədər bir bareli 100 dollar civarında olan xam neft ABŞ-da şist neft istehsalının artmasından sonra yenidən bu səviyyələrə çata bilməmişdi.
"Brent" markalı neftin qiyməti ilin əvvəlindən indiyədək isə 42 faiz artıb. "Brent" neftinin bir barelinin qiyməti sonuncu dəfə 2018-ci ilin oktyabrında 80 dollara yüksəlmişdi.