BAKI, 7 iyul — Sputnik. Dövlət diktaturasının ağır "dabanı" – Fransa hakimiyyəti bir sıra peşə sahiblərini COVID-19-a qarşı məcburi vaksinasiyaya cəlb etmək niyyətindədir. Onların sırasında bütün tibb işçiləri, qocalar evlərində və digər sosial müəssisələrdə çalışanlar da var.
Vaksinasiyanın məcburi olması peyvənddən imtina etməyi tənzimləyən müvafiq qanunvericilik aktının qəbulu deməkdir.
Tibbi imtina üçün inandırıcı arqumentlər olmadığı təqdirdə "etirazçı"ya insanlarla birbaşa əlaqəni istisna edən başqa bir vəzifəyə keçmək (əgər bu zaman onun maaşı azalarsa, bunu heç kim kompensasiya etməyəcək) və ya ödənişsiz məzuniyyət təklif olunacaq.
Oxşar qaydalar artıq İtaliyada qüvvədə olsa da, hələlik xüsusi bir nailiyyət əldə olunmayıb: məhkəmələr bu cür işləri bir o qədər də həvəslə qəbul etmir, məhkəmə qərarlarını isə işə dair materialları oxumadan da proqnozlaşdırmaq mümkündür.
"Əgər cəmiyyətin maraqları və ictimai rifah təhdid altındadırsa, o zaman şəxsi səbəblər və istəklər ikinci plana keçir"
Avropa İttifaqı (Aİ) artıq uzun onilliklər ərzində özünü özəl hüquq və azadlıqların üstünlüyünün şübhə altına alınmadığı "dövlətüstü" qurum kimi göstərirdi, ancaq pandemiya bütün kartları qarışdırdı və koronavirus hər şeyi yerbəyer etdi. Bernar anri levilər və onların ardıcıllarının infeksiya dövrünün başlamasından əvvəl nə deməyindən asılı olmayaraq, kollektiv maraqlar fərdi maraqları üstələdi.
Pandemiya ilə qarşılaşan və böhran vaxtı bütün mərhələlərdə idarəetməsi iflasa uğrayan Brüssel areopaqı və birliyə daxil olan ölkələrin hakimiyyət qurumları infeksiyanın yayılmasının qarşısını kütləvi vaksinasiya ilə almaq qərarına gəldilər. Bu bir yana, digər tərəfdən son 1,5 il ərzində yoluxmanın görünməmiş sürətlə baş verməsi və koronavirus dalğasının bütün qitədə yayılması avropalıların ortaq mübarizəsinin əsas hədəfini zərrə qədər də dəyişmədi. Bəli, bu heç də SARS-CoV-2 deyil, məhz Rusiyadır.
Virusla mübarizə isə Rusiya ilə müharibənin epizodlarından birinə çevrildi. Rusiya vaksinin yaradılması, sınaqdan keçirilməsi, istehsala buraxılması və peyvənd kampaniyasının başlaması ən effektli koronavirus peyvəndi "Sputnik V"-ni nüfuzdan salmaq və Rusiya Federasiyasında kütləvi vaksinasiyanın qarşısını almaq üçün bir döyüş mərhələsi idi.
Partitura müxtəlif amillər nəzərə alınmaqla tərtib edilmişdi, ancaq əsas amillər bunlardır: dövlətin tətbiq etdiyi qaydalara əməl etmək itaətkarlığın və "qeyri-avropalı olmağın" nümayişidir; "Sputnik V" "təhlükəsiz və effektli ola bilməz"; bu peyvəndin vurulması "təbii immunitetə qarşısıalınmaz zərər verəcək".
Sifariş olunmuş süitanı ifa edəcək "orkestr"in tərkibi isə məlumdur – çoxlu sayda "xoşsifət" insan, onlar müxtəlif qiymətlər müqabilində və ya necə deyərlər, öz qəlbinin səsini dinləyərək yazılmış kadensiyaları çalmağa başladılar.
Eyni zamanda, "təbii immunitet"lə bağlı tezisi dəstəklədiyinə və vaksinasiyanın effektivliyinə şübhə ilə yanaşdığına görə çox məşhur tibb professoru Fransanın nüfuzlu səhiyyə müəssisələrindən birinin şöbə müdiri vəzifəsindən qovuldu.
"Pfizer / BioNTech"-ə – indi iki günə icad olunduğu üzə çıxan bu preparata inamsızlığı ifadə etmək cəhdi isə başqa bir fransız həkim-skeptik üçün rüsvayçılıqla sona çatdı. Avropa səlahiyyətlilərinin səriştəsini şübhə altına alan "Hold-Up" filmi yerləşdirildiyi platformalardan yığışdırıldı. Halbuki Rusiyada peyvəndə qarşı çıxanlar və onları müdafiə edənlər öz mövqelərini ifadə etmək üçün daha böyük imkanlar əldə etdilər.
Rusiyada peyvənd kampaniyasının başlanması elə dəqiq təşkil olundu ki, Avropada yaşayan ölkə vətəndaşları belə, "Sputnik V"-nin hər iki dozasını vurdurmaq üçün məxsusi olaraq Rusiyaya gəlməyə başladılar. Və əgər Brüssel üz-gözünü turşudaraq Macarıstanın "Sputnik V" almasına icazə verdisə, bu fikrə düşən ikinci ölkəyə – Slovakiyaya həmin imkan yaradılmadı. Preparatı almaq istəyini dilə gətirəndən dərhal sonra elə bir hökumət böhranı təşkil olundu ki, Bratislava kimin ağa olduğunu anlasın. Sonra isə mediada belə bir məsələ ortaya atıldı ki, guya bu ölkəyə tədarük olunan peyvəndlər aprobasiya üçün təqdim olunan nümunələrdən fərqlənirmiş. Və Bratislava təslim oldu.
Bu arada, Avropa Dərman Agentliyinin Rusiyanın təqdim etdiyi sənədləri tələsik nəzərdən keçirməsinin səbəbləri tədricən üzə çıxdı. Brüssel özünün bütün bürokratik imkanlarını və ikili standartlarını yetərincə nümayiş etdirdi.
Və əgər "Pfizer / BioNTech" və "AstraZeneca"-nın tələblərinə sürətləndirilmiş rejimdə, bütün normalar pozularaq (prosedur bir neçə ay əvəzinə, bir neçə gün davam etmişdi) baxıldısa, "Sputnik V" ilə bağlı vəziyyət tamamilə fərqli oldu: proses həftələrlə sürdü ("başqa bir sənədə ehtiyacımız var, əlavə məlumatlar lazımdır" və s.).
Moskva, Paris və Berlin arasında nə yaz aylarında, nə də indi baş tutan müntəzəm telefon əlaqəsi yanıldıcı olmamalıdır – çünki bu halda qərar verən dövlət və hökumət başçıları deyil, avropalı mirzələrdir.
Onlar "Sputnik V"-nin təsdiqlənmə prosesini ləngitməklə Rusiyada peyvənd prosesini də ləngitməyə çalışırdılar.
Bu hərəkətlər Avropa diplomatiyasının şefi Borrellin "Rusiyanın konteynmenti" adlandırdığı şeyə, başqa sözlə, onun imkanlarının məhdudlaşdırılmasına (hətta bu yalnız Avropa tərəfdaşlarının şüurunda mövcuddursa) tam şəkildə uyğun gəlir.
Bütün Avropada yalnız Moskva Apenninə yardım əlini uzatsa belə, rusiyalı həkimlər xəstə italyan qocaların həyatını xilas etsələr belə, istənilən halda avropalılara təlqin edirlər ki, "Moskvadan yaxşı heç nə gözləməyə dəyməz".
Rusiyada israrla peyvənd olunmağı xahiş edəndə Avropada bunu "Kremlin diktatorluq ədaları" kimi qələmə verirdilər, ancaq məcburi vaksinasiyanın tədricən tətbiq olunması Aİ ölkələrində alqışlanır və qəbul olunur. Və artıq bu mərəz bir dəfə müharibəyə gətirib çıxarıb.
Bizə yalnız ümid etmək qalır ki, bu peyvənd qarşıdurmasında sağlam düşüncə qalib gələcək və Aİ-də tez-tez dilə gətirildiyi kimi "ümumi rifahın" qorunması təmin olunacaq.
Moskva isə son 18 ayda baş verənlərin fonunda, demək olar ki, hər gün həm ölkə daxilində, həm də bütün dünyada əsl avropalı və humanist kimi davranır. Əsassız ilkin təəssüratdan imtina edərək, fikir ayrılığına göz yumaraq hər gün hər bir insanın həyatının çox dəyərli olduğunu bir daha təsdiqləyir. Bu sakit gücün fonunda Brüsselin ambisiya, təşəxxüs savaşları çox acınacaqlı təsir bağışlayır...
Eləcə də oxuyun:
"Nature"də "Sputnik V"nin effektivliyi və təhlükəsizliyi ilə bağlı məqalə dərc olunub
Koronavirus pandemiyasının çox təhlükəli mərhələsinə çatmışıq - ÜST rəhbəri
"Delta" ştammına yoluxarkən nə etməli: ÜST təcili istifadə üçün preparatlar tövsiyə etdi
Rusiya ilə Azərbaycan arasında peyvənd sertifikatlarının tanınması müzakirə olunub