Xəzərdəki partlayışla bağlı komissiya yaradıldı: Adalardakı vulkanlar araşdırılacaq

Xəzərdəki partlayışla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyində mətbuat konfransı keçirilir. Hadisə ilə bağlı 4 qurumun mütəxəssislərindən ibarət ekspedisiya qrupu yaradılıb.
Sputnik

BAKI, 5 iyul — Sputnik. Xəzərdəki partlayışla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) mətbuat konfransı keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, Daşlı adasında iyulun 4-də saat 21:51-də palçıq vulkanı püskürüb. Püskürmə 8 dəqiqə davam edib.

Daşlı adada vulkanın dərinliyi 1,48 km, gücü 2,17 ml olub

O bildirib ki, vulkanın dərinliyi 1,48 km, gücü (ml) 2,17 ml olub: "Daşlı adada vulkan çoxdan püskürmürdü, axırıncı dəfə 1945-ci ildə püskürüb. Xəzər dənizində çoxlu sayda vulkanlar var. Deyirlər ki, orada ölən və yaralanan var, belə şey yoxdur".

Abşeron arxipelaqında vulkan mənşəli 8 ada var

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət Şöbəsinin müdiri Rasim Səttarzadə bildirib ki, Xəzərdə 200-dək sualtı palcıq vulkanı var:

"Onlardan təxminən 120-si Xəzərin Azərbaycan sektoruna aiddir. Abşeron arxipelaqında vulkan mənşəli 8 belə ada var. Hazırda Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti ilə əlaqədar gəmilərin sözügedən əraziyə yaxınlaşmasında müəyyən çətinliklər yaranıb. Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirlikləri, SOCAR və AMEA-nın mütəxəssislərindən ibarət ekspedisiya qrupu Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə Əlif Hacıyev elmi-tədqiqat gəmisi ilə dənizə çıxacaq və təhlillər aparacaq".

Onun sözlərinə görə, Xəzərdə və ölkənin digər yerlərində palçıq vulkanlarının olmasına dair xəritə var və xəritədə bu vulkanlar əks olunub.

SOCAR riskləri qiymətləndirir

SOCAR-ın Geologiya və geofizika şöbəsinin rəisi Fərhad İbadov isə mətbuat konfransında bildirib ki, SOCAR tərəfindən layihə həyata keçiriləndə bütün risklər qiymətləndirilir.

Onun sözlərinə görə, risklər qiymətləndiriləndən sonra platformalar inşa edilir:

"Xəzər dənizində vulkanlar mövcuddur, amma bunu tədqiq etmək üçün hər hansı layihədən əvvəl o yerlər öyrənilir. Risk ola biləcək yerlərə yaxın ərazilərdə platforma tikilməməsinə çalışılır".

F. İbadov qeyd edib ki, baş vermiş hadisəni SOCAR rəhbərliyi operativ şəkildə diqqətdə saxlayıb, müvafiq mütəxəssis qrupu göndərilib və öyrənilib ki, palçıq vulkanı püskürüb: "Hadisə Daşlı adadan 2 km məsafədə baş verib. Həmin yerdə SOCAR-ın heç bir infrastrukturu yoxdur və qazma işi aparılmayıb. Yayılan məlumatlar şayiədir".

Xəzərdə partlayış

Qeyd edək ki, ETSN dənizdə baş verən partlayışla bağlı açıqlama yayıb. Bildirib ki, dənizdə baş verən partlayış hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri tərəfindən hazırda araşdırma aparılır. Mütəxəssislərin ilkin ehtimalına görə, partlayışa səbəb vulkan püskürməsidir.

Xatırladaq ki, ötən gün axşam saatlarında sosial şəbəkələrdə Xəzər dənizində baş vermiş güclü partlayış barədə məlumat yayılıb. İlkin olaraq bildirilib ki, partlayış Ələt yaxınlığındakı "Ümid" qaz yatağı rayonunda baş verib. Daha sonra SOCAR rəsmiləri dənizdə palçıq vulkanının püskürdüyü ehtimalını irəli sürüblər.

Yayılan məlumatlar arasında neft tankerinin partladığı barədə xəbər də olub.

"4 iyul 2021-ci il tarixində axşam saatlarında dəniz istiqamətində görünmüş alov təzahürü ilə əlaqədar, daha əvvəl bildirildiyimiz kimi, SOCAR-ın heç bir sənaye obyektinə zərər dəyməyib". SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov isə öz sosial şəbəkə hesabında bildirib ki, alovlanma həqiqətən ada üzərində yerləşən palçıq vulkanında baş verib.

Həmçinin oxuyun:

* Xəzərdə partlayış: Bu anadək nə məlumdur

* Azərbaycanın palçıq vulkanları: Faktlar və rəqəmlər

Xəzər seysmoloji aktivlik müşahidə olunur: Vulkanın ardınca zəlzələ baş verib

* Xəzərə helikopter göndərildi: Rəsmi qurumlar partlayışla bağlı ən son məlumatı açıqladılar

Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılmasına başlanıldı