SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanın mina xəritələrini verməməsi məcburi köçkünlərin qayıdışını ləngidir - XİN

Bu yaxınlarda Kəlbəcərdə iki jurnalistin faciəvi ölümü, təxminən otuz ildir ki, evlərinə geri dönə bilməyən və emosional ailələrin üzləşdiyi təhlükəni bir daha açıq şəkildə göstərir.
Sputnik

BAKI, 20 iyun - Sputnik. Bu gün dünyada, qaçqın və məcburi köçkünlərin üzləşdiyi çətinliklər barədə məlumatlılığı artırmaq, onların güc və cəsarətlərini təqdir etmək üçün bir fürsət yaradan Ümumdünya Qaçqınlar Günü qeyd olunur. Bu gün, dünyanın ən böyük məcburi köçkün əhalisindən birinə sahib olan Azərbaycan üçün xüsusi məna kəsb edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin 20 iyun - Ümumdünya Qaçqınlar Günü barədə məlumatında yer alıb.

"Ermənistan tərəfindən həyata keçirilən təcavüz siyasəti bir milyona qədər azərbaycanlını öz yurd-yuvalarını tərk etmək və hər şeyi geridə qoymaq məcburiyyətində qoymuşdu. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını azad etdi və ərazi bütövlüyünü bərpa etdi. Lakin Ermənistan tərəfindən on illər ərzində davam edən hərbi işğal dövründə bu ərazilərin geniş miqyaslı dağıntılara və minalarla çirklənməyə məruz qalması məcburi köçkünlərin evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması üçün hələ də maneədir.

Azərbaycan hökuməti, köçkün ailələrinin azad edilmiş ərazilərə təhlükəsiz və etibarlı şəkildə geri qayıdışına başlamaq, habelə işğal zamanı dağıdılmış şəhərlərin bərpa edilməsi məqsədilə sərmayələrin ayrılması üçün bütün lazimi tədbirləri həyata keçirir.

Ermənistanın işğal zamanı minaladığı bütün ərazilərin tam xəritələrini təqdim etməkdən imtina etməsi məcburi köçkünlərin təhlükəsiz və operativ şəkildə geri qayıtmasını ləngidir. Bu yaxınlarda Kəlbəcərdə iki jurnalistin faciəvi ölümü, təxminən otuz ildir ki, evlərinə geri dönə bilməyən və emosional ailələrin üzləşdiyi təhlükəni bir daha açıq şəkildə göstərir.

Məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünə nail olmaq üçün qonşu və tərəfdaş ölkələrin səmərəli beynəlxalq əməkdaşlığına görə təşəkkür edirik. Yenidən tikilən hər bir yol, məktəb, iş yeri, mədəniyyət və dini abidə bölgə və yerli icmalar üçün davamlı, dinc və firavan bir gələcəyə doğru atılmış bir addımdır.

Bu gündə dünyanın diqqətini qaçqın və məcburi köçkünlərə yönəldir və bu məsələdə qlobal həmrəyliyə, qaçqın və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz geri dönüşünə dəstək olmağa çağırırıq", - deyə nazirlikdən bildirilib.

Azərbaycan 15 ermənini hansı şərtlərlə buraxdı?

Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

"Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edirik.

Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcəkdir", - məlumatda vurğulanıb.

Ermənistan minalanmış ərazilərin xəritəsini könüllü surətdə verməkdən imtina edir

Azərbaycan tərəfi dəfələrlə Ermənistan tərəfinə və beynəlxalq təşkilatlara minalanmış ərazilərin xəritəsini almaq üçün müraciət etsə də, Ermənistan birmənalı şəkildə həmin xəritələri verməkdən imtina edib. Nəticədə atəşkəs dövründə onlarla Azərbaycan vətəndaşı minaya düşərək həlak olub və yaxud yaralanıb.

Prezident İlham Əliyev dəfələrlə bildirib ki, müharibə bitəndən sonra Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Bu da yüzlərlə insanın minaya düşərək həlak olmasına səbəb olur. Bu minaların təmizlənməsi çox vaxt aparır.

Bu yaxınlarda Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra Bakıda keçirilən mətbuat konfransında Ermənistanın Azərbaycana minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi məsələsinə münasibət bildirərkən deyib ki, "Biz bütün humanitar məsələlərin, xüsusən də minalarla bağlı məsələlərin mümkün qədər operativ şəkildə və ilkin şərtlər olmadan həll edilməsinin tərəfdarıyıq".

"Bu məsələni Yerevanda müzakirə etmişik. Mənə elə gəldi ki, Ermənistan rəhbərliyi bu məsələni həll etmək lazım olduğunu anlayır. İlk addımlar atılıb və mən bu barədə Azərbaycan rəhbərliyinə məlumat vermişəm. Ümid edirik ki, bu məsələnin həlli sürətlənəcək və onun tam həlli tapılacaq”, – S.Lavrov demişdi.

Qeyd edək ki, iyunun 12-də xarici ölkələrin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərini qəbul edərkən Azərbaycan Prezidenti yaxın vaxtlarda mina xəritələri ilə bağlı yaxşı xəbərlərin olacağına ümid etdiyini bildirib: "Bu yaxınlarda beynəlxalq təşkilatların fəal təmasları sayəsində biz ermənilərin basdırdığı minalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq. Ümid edirəm ki, tezliklə yaxşı xəbərlər olacaq. Lakin bu nəticələri əldə etmədən öncə heç nə söyləmək istəmirəm. Lakin Ermənistan bizə bütün minaların, basdırdıqları bütün yüz minlərlə minaların xəritəsini verməlidir. Əgər onlar bunu etməsələr, bu, bir daha bu ölkənin terrorçu xislətini nümayiş etdirəcək".

Eləcə də oxuyun:

  • Minalanmış ərazilərin xəritəsi: Nə vaxt veriləcək?

  • Beynəlxalq qurumlar mina xəritələrini ermənilərdən tələb etsin - Zamin Zeynal danışır

  • ABŞ rəsmisi Yerevanı bütün mina xəritələrini Azərbaycana verməyə çağırdı

  • Mina qurbanlarının sayı daha da arta bilər - Hafiz Səfixanov